Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:23

Köçkün ailəsini qaraciyər xəstəsi edən «Qərənfil»...


«Qərənfil» uşaq bağçası.
«Qərənfil» uşaq bağçası.

-

Ağsu rayonunda məskunlaşan məcburi köçkün ailələri illərdir ki, uçuq bağçada yaşadıqlarını deyirlər.

«İKİSİ QARACİYƏR XƏSTƏLİYİ TAPDI»

Bildirdiklərinə görə, nə Ağsunun, nə də qeydiyyatda olduqları Kəlbəcərin icra hakimiyyəti onları normal yaşayış yeri ilə təmin edir.

Kəlbəcərli köçkün Gözəl Məmmədova deyir ki, həyat yoldaşı Əli Məmmədov 1992-ci ildə Qarabağ müharibəsi zamanı həyatını itirib. 1 il sonra qadın azyaşlı övladlarını götürərək Ağsu şəhərindəki «Qərənfil» uşaq bağçasına sığınıb:

«22 ildir ki, bu bağçanın bir yardımçı otağında qalırıq. Qəzalı vəziyyətdədir. Vəziyyətimiz olduqca acınacaqlıdır, bina uçuq və təmirsizdir. 22 ildə bir məmur qapımızı döyüb bizimlə maraqlanmayıb. Özümüz gedib qapılarını döyəndə isə, qapıdan içəri buraxmayıblar. Otaq nəmişlik, su içindədir. Ağsunun və Kəlbəcərin icra hakimiyyətlərinə etdiyimiz müraciətlər də cavabsız qalıb».

Gözəl Məmmədova deyir, uzun illərdir ev siyahısında olmalarına baxmayaraq, hələ də növbə onlara çatmayıb:

«Hər dəfə deyirlər, hələ gözləyin, siyahıda sizdən əvvəl ailələr var. Axı bu növbə bizə nə vaxt çatacaq? Övladlarım böyüdü, ikisi qaraciyər xəstəliyi tapdı, birinin bronxları sıradan çıxdı bu xarabazarlıqda...».

«HAQQI DEYƏNƏM»

Köçkünün söylədiyinə görə, hər dəfə yağış mövsümü yetişəndə ailənin olmayan kefi daha da pozulur:

«Hətta məskunlaşdığımız rayonun icra hakimiyyətinin başçısı da gəlib vəziyyətimizi öz gözləri ilə görüb, başını bulayıb, vəziyyətimizə acıdığını bildirib gedib. Bu yaxınlarda borc-xərcə girib otağı birtəhər təmir etdirmişəm. Ancaq bu, çıxış yolu deyil. Yağışlar başlayanda evin içərisini yenə su yuyub aparacaq. Bizim mənzil problemimiz kökündən həllini tapmalıdır ki, qalan 5-10 il ömrümüzü – əlbəttə, o da qalıbsa – heç olmasa insan kimi yaşayaq...».

Gözəl Məmmədova ailəyə diqqət göstərilməməsini özünün ictimai mövqeyi ilə əlaqələndirir:

«Haqqı deyənəm, haqqın yanındayam, rayonda birinin burnu qanayanda yanında oluram, haqqını tələb edirəm. Bu da məmurları qane etmir. Mənə müxalifətçi kimi baxırlar. Hətta qulağıma gəlib çatır ki, mövqeyimə görə ailəmi elə bu daxmada çürüdəcəklərini deyiblər. Haqsızlıq o həddə çatıb ki, uşaq bağçasında məskunlaşan bütün köçkünlərin otaqlarını təmir etdirirlər, bircə mənim sığındığım otaqdan başqa... Bununla da guya məndən qisas alırlar, dilimi farağat saxlamağımı istəyirlər. Mənəviyyatsızlıq o həddə çatıb ki, bizim heysiyyətimizlə oynayırlar, bizi şəhid ailəsi kimi lağa qoyurlar. Bu dövlətin bizə verdiyi bircə vətəndaşlıqdır, onu da özlərinə qaytarıb çıxıb getməkdən başqa yolumuz qalmır».

KÖÇKÜNLƏRİN OTAQLARI TƏMİR OLUNUR

Ağsu rayon İcra Hakimiyyətindən bildiriblər ki, 22 ildir rayondakı «Qərənfil» uşaq bağçasında məskunlaşmış köçkün ailələrinin otaqları vaxtaşırı təmir olunur, sosial tələbləri imkan daxilində ödənilir. Gözəl Məmmədovanın mənzil tələbi isə bu quruma yox, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə ünvanlanmalıdır.

Dövlət Komitəsi isə qaçqın və köçkünləri inşa olunan şəhərciklərə və binalara növbəli qaydada yerləşdirdiklərini bildirir.

Hüquqşünas Fuad Hüseynov deyir ki, köçkünün məskunlaşdığı otaq qəzalı və istifadəyə yararsızdırsa, o, yeni mənzillə növbədənkənar qaydada təmin olunmalıdır.

XS
SM
MD
LG