Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:54

Bahalaşma belə yaranır...


-

Hökumətin

BÜDCƏ LAYİHƏSİ HAZIRDIR, AMMA...

On illər boyunca aparılan ciddi tədqiqatlar göstərir ki, iqtisadiyyatda gözləntilərin böyük rolu var. Gözləntilər müsbət və optimistdirsə, bu, investisiyaların artımına, bazarın tənzimlənməsinə və hətta inflyasiyanın cilovlanmasına gətirib çıxarır. Yox, gözləntilər mənfi və pessimistdirsə, onda bu, dərhal əks nəticələr verir. Hətta elə olur ki, bazarı iqtisadi amillərdən daha çox psixoloji gözləntilər yönəltməyə başlayır...

Bunlar niyə diqqətimi çəkdi? Axı gələn ilin büdcəsi parlamentə təqdim olunub. Düzdür, hələ qarşıda müzakiərlər var və indidən qəti fikir söyləmək tezdir. Di gəl, ilkin söhbətlər, büdcə ilə bağlı hökumət adamlarının cəmiyyətə ötürmək istədikləri ilk mesajlar göstərir ki, büdcə heç də optimist gözləntilər üzərində qurulmayıb və yenə də neftin dünya bazarındakı qiymətindən asılıdır. Büdcədə neftin qiyməti bir barrel üçün 50 dollar nəzərdə tutulsa da, bu, dayanıqlı inkişaf meylindən çox, kövrək tarazlığı hədəf götürüb. Hökumət ən ağır hallara da ssenarisinin olduğunu iddia etsə də, artıq tərəddüdün özü pesssimist gözləntilərə meydan verir...

ilk mesajlar göstərir ki, büdcə heç də optimist gözləntilər üzərində qurulmayıb...

QİYMƏTLƏRSƏ HƏR GÜN ARTIR...

İnsanlar həm də ona görə narahatdırlar ki, demək olar, hər gün mal və xidmətlərin qiyməti artır. Hökumətsə sanki bunu görmür, hətta bəzi malların, məsələn, dərmanların qiymətini tənzimləməyə, onları ucuzlaşdırmağa cəhd göstərir...

Belə hallar əvvəllər də olmuşdu. Ümumi bahalıq fonunda kənd təsərrüfatı mallarının qiymətini endirməyə cəhd edirdilər. Təbii ki, bunlar heç də arzuolunan nəticələr vermədi. Kənd təsərrüfatı yarmarkaları təşkil edilsə də, buradakı qiymətlər bazardakı qiymətlərdən heç də aşağı olmadı...

«Niyə belə olur» sualını cavablamağa çalışaq. Hər ölkənin öz qiymət siyasəti var. Nəyinsə qiymətini ucuzlaşdırarkən qiymətlərin formalaşma mexanizminə göz atmaq mənasız deyil. Güman etmirik ki, qiymətlərin formalaşma mexanizmi, malların ölkə ərazisindəki «qiymət trayektoriyası» hökumət adamlarına bəlli olmasın. Yox, onlar bunu bilirlər. Amma elə təsəvvür yaranır ki, mövcud iqtisadi sxemin ciddi dəyişməsində heç kim maraqlı deyil...

Məhsulu istehsalçıdan alma anından başlayaraq ölkəyə gətirilmə və satışa çıxarılmayadək qiymətlər böyük bir trayektoriya çızır. Müstəqil iqtisadçıların böyük əksəriyyətinin rəyi budur ki, bu trayektoriya boyunca hər dəfə qiymətlərin formalşmasına süni inzibati müdaxilələr olur. Qiymətləri «şişirdən» də məhz belə süni müdaxilələrdir.

Adi bir satıcıdan da soruşanda ki, niyə bu məhsul bu qiymətədir, qayıdır ki, bizə filan qiymətə gəlib çıxıb...

BAZAR ÖZÜ İDARƏ OLUNUR...

Qətiyyətlə demək olar ki, Azərbaycanda qiymətləri təkcə bazar formalaşdırmır. Axı ölkədə məmur müdaxiləsindən kənarda qalan, öz-özünü tənzimləyən bazar yoxdur. Hətta adi bir satıcıdan da soruşanda ki, niyə bu məhsul bu qiymətədir, qayıdır ki, bizə filan qiymətə gəlib çıxıb...

Məsələ də elə bu «filan qiymətə gəilb çıxıb»dadır. Baxıb görürsən ki, mal istehsalçıdan alınandan və daşınandan sonra ciddi qiymət «tənzimləmələri»nə məruz qalır. Deməli, bazarda ucuzluq yaratmaq istəyən hökumət, əslində, malın hər trayektoriya həlqəsini düşünməlidir. Yalnız bu halda qiymət «şişməsi»nin qarşısını almaq olar...

BÖLGƏNİN ƏN VARLI ÖLKƏSİ...

Qonşu ölkələrdə, məsələn, İran və Gürcüstanda Azərbaycanla müqayisədə hər şey qat-qat ucuzdur. İstər-istəməz, sual doğur: Bu fakt təkcə insanların alıcılıq qabiliyyəti ilə bağlıdır, yoxsa başqa səbəblər var? Doğrudanmı, azərbaycanlı istehlakçılar regionun ən imkanlı insanlarıdır?

İran və Gürcüstanda Azərbaycanla müqayisədə hər şey qat-qat ucuzdur...

İndi dərmanların qiymətini aşağı salmağa cəhd edirlər. Amma tibbi xidmətin özü hansı vəziyyətdədir? İnsanları müalicə olunmaq üçün İrana gütməyə vadar edən təkcə tibbi xidmətin keyfiyyətidirmi? Təbii ki, burada keyfiyyət də sözünü deyir, çünki bu qədər bahaçılığın içində ölkədə tibbi xidmətin keyfiyyəti də elə yüksək deyil. Amma insanları müalicə olunmaq üçün İrana getməyə vadar edən həm də ucuzluqdur, axı İranda tibbi xidmət qat-qat ucuzdur...

Bəlkə də ümumi fondan səhiyyəni ayırmaq elə də düzgün deyil. Elə mən də bu amili vurğulamaq istədim. Böyük ehtimalla demək olar ki, dərmanların ucuzlaşdırılmasına yönələn cəhdlər elə bir nəticə verməyəcək və dərman satışı ilə məşğul olanlar bu «maneə»ni dəf edəcəklər... Demək, bir daha vurğulamağa dəyər ki, qiymətlərin formalaşma prosesinə diqqət yetirmək və bu prosesdəki süni müdaxilələri üzə çıxarmaq daha düzgün yoldur. Belə olmazsa, bahalaşma davam edəcək və manatın alıcılıq qabiliyyəti azalacaq. Hamı hər gün qiymət artırmağa fürsət axtarırsa, gözləntilər necə optimist ola bilər? Bədbin gözləntilərsə böhranın qaçılmazlığının nişanəsidir...

XS
SM
MD
LG