Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:19

Ölkənin başına açılan oyunlar insanı dəhşətə salır


Günel Mövlud və Emin Aslan
Günel Mövlud və Emin Aslan

- "Gürcüstanda kitab mağazalarına girirsən, Daivd Beckamın həyatından bəhs edən kitabdan tut, F.Fukuyama, Samuel P. Huntigtona kimi tərcümələrlə rastalaşarsan. Ölkənin keçmiş prezidenti Eduard Şevarnadze özü kitab yazıb, başqa kitablara da ön sözlərini qeyd edib. Bu artıq səviyyə fərqidir, bütün mənalarda səviyyə fərqi."

Emin Aslan son bir bir neçə ildə yeni və özünəməxsus yazı üslubu, mövzuları, yanaşması ilə diqqət cəlb edən imzalardandır. Yeni imzalarda oxucuları nə cəlb edir?

Yeni qələm adamlarını hansı şərtlər yetişdirir? Yeni imzaların hansı problemləri var? Onlar kimlər üçün yazırlar? Eminlə söhbətimiz daha çox bu istiqamətdə oldu.

Günel Mövlud

- Emin, qısa zamanda yazıların çox oxunmağa başladı. Səncə, yazılarında insanları maraqlandıran nədir?

Emin Aslan
Emin Aslan

- Yazılarımla bağlı aldığım müsbət mesajlar ilk öncə onların məlumat yüklü olması ilə bağlıdır.

Yazı yazanda çalışıram oxunmasını istədiyim müəlliflərə istinad edim.

Yəqin oxumağı, öyrənməyi sevən insanlar bunu bəyənir. İkincisi, insanlar yazılarımın səliqəli, ardıcıl, bir ideyaya oturdulmuş olmasını xoşlayırlar.

Üçüncüsü, düşünürəm, yazılarım Azərbaycanda az yazılan mövzuları əhatə edir deyə, insanlara maraqlı gəlir.

Son olaraq, yəqin ki, insanlar, paralelləri incitmədən, qəbul edilən formada apardığım üçün onu xoşlayırlar.

- Olduqca xəsisliklə yazırsan. Bu tənbəllikdir, yoxsa mətnə qarşı son dərəcə məsuliyyətli olmaqdır?

- Tənbəllik məsələsini özüm də düşünmüşəm, doğurdan da, tənbələm. Amma çalışıram effektiv tənbəllik edim.

Effektiv tənbəllik isə yazılarıma qarşı həm də məsuliyyətli olmaq deməkdir. Digər bir tərəfdən, yazdığım yazılar elə tiplidir ki, onun üçün bir-iki və hətta daha çox kitab oxuduqdan sonra yazmaq olur.

Fikirlərimi başqa müəlifflərlə gücləndirməyi, həm də həmin müəllifləri tanıtmağı xoşlayıram. Çox çalışıram ki, insanlar mənim yazılarmı özümün başa düşdüyüm kimi anlasınlar.

Bütün sözlərə, cümlələrə diqqət edirəm. Əyri-əksik yazıları heç sevmirəm. Amma bəzən elə mövzular olur ki, onları bir yazıda ifadə eləmək çox çətin olur.

Həmin yazılarda insanlarıın şərhlərinə baxıram, onlardan çox az bir qismi anlayır ki, bir yazıda hər şeyi izah eləmək olmur.

Yaroslav Haşekin “Cəsur əsgər Şveyk” adlı romanında bir polkovnik obrazı var. Həmin bu polkovnik nə danışırsa, hər sözü izah eləmək kimi bir şakəri olur.

Məsələn, deyir ki, “filan körpüyə getmək üçün...siz bilirsiniz də körpü nədir? Körpü...” və beləcə, bu polkovnik hər bir sözü izah edir.

Yazılarımda hər sözü izah eləmək məndən tələb olunmasa da, elə şeylərin izahın istəyirlər ki, adam lap məəttəl qalır.

- Qələm adamları barədə çoxlu miflər var. Tanıdığım qədərilə, sən o mifləri özü də bilmədən dağıdan adamlardansan. Soyuqqanlı, səliqəli, dəqiq, hoqqalar çıxarmayan, ədəbli...

Yəni, aradabir özünü yaradıcı dəliliyə qoymaq ehtiyacın heç olmur?

- Şair, hansı mifləri dağıtmışam? Çox səmimi deyirəm, özümün xəbərim yoxdur. Sualın ikinci hissəsinə gəldikdə, mən dəliliyi daha çox oxumaq kimi sevirəm.

Oxuyuram, kef edirəm. İçimdə belə bir ehtiyac həmişə olub, əksər hoqqabaz, dəlilik edən yazarları sevirəm. Hələ ki, bu dəliliyə cəsarətim çatmır. Öz haqqımda sosial şəbəkə, yazılarla bir az da yanlış obraz formalaşdırmışam.

İndi, bax, bu obrazın əziyyətin çəkirəm. Çox uzun illər bundan əvvəl universitetdə məni necə yanlış anlamışdılarsa, bir qız heyrətlə mənə dedi ki, sənin qızlarla maraqlandığını bilmirdim. O, sanki məyus olmuşdu.

Əvvəlki Emin onun üçün daha xoş idi. Azərbaycanda dəlilik edən yazarları hamımız tanıyırıq, amma onların içində məni ən çox heyrətə salan Rafiq Tağı olub. Bu yazar həyatda çox səliqəli, sadə, sakit bir adam olub - hamıdan belə eşitmişəm - amma yazılarında od püskürürdü.

- İnsanları ailənin, çevrənin və kitabların tərbiyə elədiyi adamlara ayıran bir bölgü aparsaq, sən özünü nəyin və ya kimin tərbiyə elədiyi insanlara aid edirsən? Mümkünsə, bu barədə ətraflı danışmağını istəyərdim.

- Hamısından bir az var, amma məni yüksək ideyalar haqqında düşünməyə, onu sevməyə, onun davasını aparmağa sürükləyən sözsüz-şübhəsiz ki, kitablar olub.

Elmi, siyasi, iqtisadi, tarixi kimi qeyri-bədii kitabları bir qırağa qoysaq, bədii ədəbiyyatda məni ilk sarsıdan əsər Şekspirin “Hamlet”i olub.

Daha sonra V.Hüqonun “Səfillər”i ilə əsl həyat şoku yaşamışam. Kitabı bitirəndə bir xeyli ağlamışdım. Amma illərlə bu kitab mənim həyatımın istiqamətini müəyyən elədi.

Mən Madlen baba kimi yaşayacaq və öləcəkdim. Daha sonra Dostoyevskinin “İdiot”-u məni alt-üst etdi. Xatırlayıram ki, bu əsəri oxuyanda 200-cü səhifəyə gəlmişdim, amma hələ də Knyazın axmaq, yoxsa saf biri olduğunu müəyən edə bilmirdim.

Sonralar isə “Alma” qəzeti məni başqa bir xəttə saldı. Ordakı dəlilər yığınağının hoqqabazlığı bütün bozluğun içində əsl işıq idi. Həmin dövrlərdə Azad Yaşarın tərcüməsində “Postmodern rus ədəbyyatı” kitabı ilə tanış oldum.

Ondan sonra isə klassik mətnlərə baxışım tamam dəyişdi. Xüsusən Vladimir Sorokinin “Snayperin səhəri” hekayəsi mənim üçün əsl möcüzə idi.

Yaş artıqca, çox oxudqca insan mətnləri emosional yox, daha çox intellektual qəbul edir. Oxuduğun mətnləri yaşamaqla onu intellektlə həzm etmək arasında balans yaranmağa başlayır.

Tənqidi yanaşmaq gözü, bəsirət gözü, daha da açılmağa başlayır. İndi çox az əsər məndə emosianal təsir buraxır.

Bu mənada kitablara qarşı həddən arıtq seçici yanaşmağa başlamışam. Emosinal olaraq mənə son dövrlərdə ən çox təsir edən kitablar Platonovun “Kotlovan”ı, Varqas Lyosa'nın “Dünyanın sonunda müharibə” olub.

- Bir qələm adamı kimi özün üçün hansısa missiya müəyyənləşdirmisənmi, yoxsa, yazmaq sadəcə elə yazmaq, ifadə etmək ehtiyacından yaranır?

- Yuxarıda qeyd elədiyim kimi, yaxşı hesab elədiyim ideyaları, fikirləri yaymağı missyam kimi qəbul edə bilərəm. Heç kimə həyat dərsi keçmək kimi bir hədəfim yoxdur.

Marağımı sırf eqoistik kimi də yozmaq olar, çünki mən özümü rahat hiss etdiyim cəmiyyətdə yaşamaq istəyirəm. Həmin yaşantını təmin etmək üçün isə yazdığım problemlər həll olunmalıdır.

İşin içində insanların səni bəyənməsi, təqdir etməsi, belə desək, “eqonun sığallanması” da az rol oynamır.

Amma mən yazmaqdan asanlıqla imtina edə biləcəyim üçün yazını bir şöhrət məsələsinə çevirməmişəm. Əvvələr oxuduqlarımı, düşündüklərimi dostlar arasında bölüşürdüm. İndi onu hamıyla bölüşürəm.

Bir dəfə həyəcanla nəsə haqqında danışanda Seymur Baycan mənə dedi ki, bunu mənə nə danışırsan, mənə lazım deyil, yazı yaz. Dostlar da sağ olsun, yazı yaza bildiyimi deyib məni qırğının içinə atdıllar.

- Bir müddətdir ki, ölkədən kənarda yaşayırsan. Bir qədər kənardan Azərbaycanı necə görürsən? Nələr indi sənə daha aydın, daha aşkar görünür?

- Sosial şəbəkələrlə, media ilə ölkə haqqında məlumatın içində olduğumdan ölkədə yaşayanlardan çox da fərqli görmürəm.

Amma indi azad mətbuatın, demək olar ki, yoxa çıxarılmasından sonra, yəqin ki, xaricdə olanlar hər keçən saat Azərbaycan reallığından daha da uzaqlaşacaq.

Həmin anlarda mənim kimilərinin yazacağı şeylər Azərbaycanda olanlarda gülməli təsir buraxacaq, amma mən hazırda istənilən azərbaycanlıdan daha çox pessimist olduğumdan yəqin hələ uzun müddət belə olmayacaq.

Kənardan Azərbaycan indi çox pis görünür. Xüsusən də, demək olar, oxşar tarixi prosesləri keçmiş, amma getdikcə daha azadlaşan, demokratikləşən, hüququn aliliyinin təmin olunduğu, bir sözlə, daha rahat ölkədə yaşayanda öz ölkənin başına hansı oyunların açıldığı insanı dəhşətə salır.

Mənim üçün digər bir ölçü yaşadığım ölkədə nəşr edilən kitabların çeşididir. Gürcüstanda kitab mağazalarına girirsən, Daivd Beckamın həyatından bəhs edən kitabdan tut, F.Fukuyama, Samuel P. Huntigtona kimi tərcümələrlə rastalaşarsan.

Ölkənin keçmiş prezidenti Eduard Şevarnadze özü kitab yazıb, başqa kitablara da ön sözlərini qeyd edib. Bu artıq səviyyə fərqidir, bütün mənalarda səviyyə fərqi.

Azərbaycanda indi sürətlənən siyasi İslam məni çox narahat edir. İndiyə kimi heç bir siyasi qüvvənin ritorikasında İslama göndərmə yox idi, amma indi siyasilərimiz bu göndərmələri daha çox etməyə başlayırlar.

Demək ki, ölkədə siyasi İslamın sosial bazası formalaşmağa başlayır. Səbəbləri aydındı, yerdə ədalət təmin olunmayanda insanların göyə üz tutması qədər normal heç nə yoxdur.

Bu isə çox qorxuludur. Bu haqda saatlarla danışmaq olar, onsuz da başımızı bu məsələlərlə hər gün xarab edirik.

- Son dərəcə özəl ədəbi zövqə sahib olduğunu nəzərə alaraq, xahiş edirəm, son oxuduqlarını bizimlə bölüşüb, mənəvi zənginliyimizə bir yatırım edəsən.

- Uzunmüdətli vərdişim budur ki, mən mövzusu, mətni fərqli olan bir neçə kitabı paralel oxuyuram.

Son iki ayda oxuduğum qeyri-bədii kitablar Paul Danahar'ın yazdığı “Yeni Orta Şərq: Ərəb Baharından sonra Dünya”, Kenneth Waltz'ın “İnsan, Dövlət və Müharibə”, Josep Nye'ın “Yumşaq Güc: Dünya siyasətində uğurlu olmanın yolları”, Carl Sagan'ın “Cosmos” (bu kitabı dilimizə mütləq çevirmək lazımdır. Bu kitab dünyaya insanlıq dərsi verir) kitabları olub.

Bədii ədəbiyyatdan Louis Ferdinand Celinen'in “Gecənin sonuna səfər”, Roberto Bolano'nun “2666”, “Vəhşi xəfiyyələr”, Elias Canetti'nin “Korlaşma”, Hans Fallada'nın “Əyyaş”, Milan Kundera'nın “Ölümsüzlük” əsərləri olub.

Hazırda isə Steven Pinkerin “Bizim təbiətimizin daha yaxşı tərəfi”, (bu kitabda yazıçı sübut etməyə çalışır ki, sivilizasiya inkişaf etdikcə, vəhşilik azalır. Bunu sübut etmək üçün dövlətə qədər və dövlətlərin mövcud olduğu dövrlərdə insan qətllərinin statistikasına müraciət edir.

Doğrudan da, fərq çox ciddidir. Beləcə, o həm də ilkin təbiətə qayıtmağı təbliğ edən Russonu “neprav” çıxardır.)

Yaroslav Haşek'in “Cəsur əsgər Şveyk” (çox əla romandır) və Cezare Paveze'nin “Ay və tonqallar” əsərləridir. Müsahibəni də, deyəsən, səliqəli verdim.

XS
SM
MD
LG