Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:28

N.Məhərrəmli: «TV-lərə güzəşt olmayacaq»


Nuşirəvan Məhərrəmli
Nuşirəvan Məhərrəmli

-

«Çox təəssüf ki, indiyə qədər verdiyimiz tövsiyələr nəticə verməyib. Azərbaycan efirindəki sünilik, bayağılıq, şitlik, saxta ssenarilər, ailədaxili münaqişələrin həddən artıq şişirdilməsi, insanların heysiyyətinə toxunulması, milli-mənəvi dəyərlərin çox aşağı səviyyədə olması ilə bağlı olan verilişlər aradan qaldırılmalıdır. Biz düzgün yoldayıq».

APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

N. Məhərrəmli bildirib ki, MTRŞ bu məsələdə israrlıdır: «Ona görə də hər hansı televiziya kanalına qarşı indiyə qədər olan güzəşt limiti artıq bitib, belə verilişlərin bağlanmasını davam etdirəcəyik».

Həmin verilişlərin reytinqinə toxunan N.Məhərrəmli bildirib ki, hələ bu məsələdən çıxış yolu tapa bilməyiblər: «Amma bunun üzərində işləyirik. Çünki reytinq ölçən təşkilatlarla bağlı iş çox şübhə doğurur. Hansı insanların evlərində reytinq ölçən cihazların –«peoplemeter»lərin olduğu şübhəlidir. Ona görə də bu məsələ barədə düşünürük. Çalışacağıq ki, rəqəmsal yayıma tam keçiddən sonra bu məsələni həll edək».

Verilişlərin bağlanmasına görə ANS və digər telekanallar tərəfindən MTRŞ-in məhkəməyə verilməsinə gəlincə, N.Məhərrəmli məhkəmədən qorxmadıqlarını vurğulayıb: «Biz qərarlarımızı hüquqa uyğun veririk. İstənilən şəxs bizi məhkəməyə verə bilər, biz buna hazırıq. MTRŞ Azərbaycan efirində baş verən prosesləri tənzimləyən, qərar verən qurumdur».

Milli Televiziya və Radio Şurası sentyabrın 30-da ANS-də «Sən tək deyilsən», «Xoşqədəmlə axtarıram səni» proqramlarının yayımını bir ay müddətinə dayandırıb. ANS MTRŞ-nin bu qərarından məhkəməyə şikayət edəcəyini bildirib.

XS
SM
MD
LG