Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:54

İlham Əliyev: «Sahibkarları boğurlar, soyurlar, incidirlər...»


İlham Əliyev (12 oktyabr, 2016)
İlham Əliyev (12 oktyabr, 2016)

-

«VERGİ VƏ GÖMRÜK… DAHA ÇOX BÜDCƏYƏ VƏSAİT TOPLAYA BİLƏRLƏR»

«Vergi və gömrük orqanları da şəffaf və səmərəli işləməlidir. Daha çox büdcəyə vəsait toplaya bilərlər. Belə imkanlar, ehtiyatlar var. Həm vergi, həm gömrük orqanlarına müvafiq göstərişlər verilmişdir ki, gələn il bu ehtiyatları aşkarlasınlar və büdcəyə əlavə vəsait toplasınlar».

Prezident İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda belə deyib.

«Bizim bütün cari xərclərimiz qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılmalıdır»

Dövlət başçısı sahibkarlar qarşısında «əsassız tələblər qoyulmamalıdır» deyib. «Yəni, başqa sözlə, onlardan rüşvət tələb, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft sektorunun hesabına təmin ediləcək və bizim məqsədimiz bundan ibarətdir. Mən artıq müvafiq qurumlar qarşısında vəzifə qoymuşam. Bizim bütün cari xərclərimiz qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılmalıdır», - söyləyib İlham Əliyev.

«YOXLAMALARIN SAYI AZALDILMALIDIR»

Biznes mühitini yaxşılaşdırılmasından danışan prezident yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəldiyini bildirib: «Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar.

«Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq»

Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir».

Prezident yoxlamaların sayını kəskin şəkildə aşağı salınmalı olduğunu vurğulayıb.

İlham Əliyev deyib ki, yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradır, onlardan pul tələb edirlər.

«Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam...»

«Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır», - söyləyib dövlət başçısı.

O həmçinin lisenziyaların sayının da «həddindən artıq çox» olduğunu bildirib: «Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O əsaslıdır, əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdı».

Dövlət başçısı bu tənqiddən nəticə çıxarmayanların cəzqalandırılacağını bəyan edb.

«İSRAFÇILIĞA YOL VERİLMƏMƏLİDİR»

«Bəzi hallarda dövlət qurumları Maliyyə Nazirliyinə təkidlə müraciət edirlər ki, əlavə vəsait ayrılsın...»

İlham Əliyev «islahatlar daha da dərinləşməlidir» deyib. Bundan başqa, o «maliyyə nizam-intizamının gücləndirilməsinin» vacibliyindən də danışıb: «İsrafçılığa, izafi xərclərə yol verilməməlidir. Bəzi hallarda dövlət qurumları Maliyyə Nazirliyinə təkidlə müraciət edirlər ki, əlavə vəsait ayrılsın. Bu da yığışdırılmalıdır. İndi biz imkanımız nəyə çatırsa, onu da edirik. Hər bir insan, o cümlədən ölkələr yorğanına görə ayağını uzatmalıdır və məhz bu siyasət bizi bütün mümkün olan iqtisadi risklərdən qorudu».

«GÖZƏL GÖSTƏRİCİLƏR»

«Bu gün 500 minə yaxın insan, 114 min ailə ünvanlı sosial yardım alır...»

İlham Əliyev 9 ayda əldə edilən göstəricilərin çoxunu «gözəl göstərici» adlandırıb. O cümlədən, ünvanlı sosial yardım alanların sayının 16 faiz aşağı düşməsini də: «Bu gün 500 minə yaxın insan, 114 min ailə ünvanlı sosial yardım alır və hər ailəyə orta hesabla hər ay 153 manat dövlət tərəfindən yardım göstərilir. Bu, çox yaxşı nəticədir və əminəm ki, gələcək illərdə yoxsulluğun aşağı düşməsi nəticəsində ünvanlı sosial yardıma möhtac olanların sayı daha da azalacaq. Bizim vəzifəmiz, - bunu biz artıq neçə ildir ki, bəyan etmişik, - ondan ibarətdir ki, yoxsulluq bir fenomen kimi Azərbaycandan tamamilə yığışdırılsın».

«XARİCİ BORCUMUZ ARTIB»

«Manatın devalvasiyasından sonra bizim xarici borcumuz artıb. Çünki xarici dövlət borcu dollarla hesablanır...»

Ölkə başçısı xarici borclardan da danışıb. O deyib ki, Azərbaycan xarici borclanmaya meyilli deyil. «Onsuz da manatın devalvasiyasından sonra bizim xarici borcumuz artıb. Çünki xarici dövlət borcu dollarla hesablanır və əgər devalvasiyaya qədər xarici dövlət borcumuz təxminən 7-8 faiz təşkil edirdisə, bu gün xarici borc 11-12 faizə qalxıb. Ona görə yox ki, biz əlavə kreditlər götürmüşük. Ona görə ki, manat qiymətdən düşüb. On iki faiz də çox gözəl göstəricidir. İnkişaf etmiş ölkələrin bəzilərində bu, 100 faizdən çoxdur. Ancaq biz istəyirik ki, xarici borcumuz 10 faizi keçməsin».

«SUAL OLUNUR, ONLARIN BURDA NƏ İŞİ VAR?»

«Keçən ay düşmənin növbəti təxribatının qarşısı alındı. Bizə qarşı böyük təxribat hazırlanırdı...»

İlham Əliyev ordu quruculuğundan danışarkən bu sahənin daim diqqət mərkəzində olduğunu söyləyib. «Ordu quruculuğu gələn il də prioritet sahə olaraq qalacaq. Bu sahəyə nə qədər lazımdırsa vəsait ayrılacaq. İndi həm yeni texnikanın, silah-sursatın alınması, istehsalı prosesi gedir, eyni zamanda, hərbi hissələr üçün ən yüksək səviyyədə şəhərciklər, hərbi bazalar tikilir».

Prezident təmas xəttindəki vəziyyətdən də danışıb: «Biz tam üstünlüyü əldə etmişik, düşmənə sarsıdıcı zərbələr vururuq, düşmənin bütün təxribatlarına layiqli cavabımızı veririk… Keçən ay düşmənin növbəti təxribatının qarşısı alındı. Bizə qarşı böyük təxribat hazırlanırdı, çoxsaylı diversantlar artıq təşkil olunmuş və səfərbər edilmişdi ki, Azərbaycanın mövqelərinə hücum çəksinlər. Bizim ordumuz o təxribatın qarşısını aldı. Preventiv zərbə vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçılar məhv edildi. Əlbəttə ki, Ermənistan tərəfi dərhal həmişə olduğu kimi, hay-haray qaldırdı. Ancaq burada təbii sual yaranır, işğalçılar hansı ərazidə həlak oldular? Ermənistandamı? Xeyr, bizim torpağımızda. İşğal edilmiş torpaqlarda. Sual olunur, onların orada nə işi var?»

Prezident deyib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək.

XS
SM
MD
LG