Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:51

"Bakının mərkəzində 15-ci mərtəbədə qaz balonu işlədirik"


►"Sonra da deyirlər, filan bina partladı”

12-Cİ MƏRTƏBƏDƏ QAZ BALONU...

“5 ildir bura köçmüşük. Binanın içərisindəki xırda-para çatışmazlıqları özümüz yığışıb həll eləmişik. Ancaq bu boyda binaya qaz xətti çəkdirmək bizim işimiz deyil axı… Boğazımızdan, əyin-başımızdan kəsib ev almışıq ki, həyatımızın rahatlığını təmin edək. Ancaq əksinə olub. 12-ci mərtəbədə qalırıq. Hava soyuyanda evdə qaz balonu işlədirik. Elektrik naqilləri o qədər yüklənir ki… İki dəfə yanğından qurtarmışıq”.

Bunu “Mücrü” MTK-nın Binəqədidə inşa etdiyi binadan mənzil almış Ədalət Məmmədov deyir.

Binanın sakinləri qışqabağı narahatlıq içərisindədirlər. Onlar bu yeni tikilidə dördüncü qışı da qazsız qarşılayacaqlar.

Azadlıq prospekti, 206 ünvanındakı çoxmərtəbəli binada yaşayan azı 100 ailə 5 ildir ki, binada həll edə bilmədikləri problemlərdən danışırlar.

Onlar binanın hələ də qazlaşdırılmamasından əziyyət çəkdiklərini deyirlər.

Buna da bax: Məhkəmə nurçulara "yox" dedi

“BİRCƏ QAZ YOXDUR”

Ədalət Məmmədov:

“Binamız işıq, su, telefon və sairlə təmin olunub. Bircə qaz yoxdur. Bu isə xüsusilə də payız-qış aylarında çox əziyyət çəkməyimizə səbəb olur. Mənzillərimizi elektrik enerjisi ilə isitməyə məcburuq. Bütün pullarımız işığa gedir. Mənzillərimizə qaz xətti çəkilməsini binanı tikən mənzil-tikinti kooperativinin (MTK) rəhbərliyi təmin etməli idi. O da ki, həbsdədir. Bilmirik sözümüzü kimə deyək”.

Sakinlər deyirlər, binaya qazın nəqli üçün bütün normativlərə əməl olunub. Amma mənzillərə qaz çəkilişi həllini tapmır. Binada yaşayan Sahib Əmiraslanovun sözlərinə görə, “Azəriqaz” ASC binanı qazlaşdırmaqdan imtina edir:

“Bu quruma dəfələrlə kollektiv şəkildə müraciət etmişik. Amma qurum nəinki tədbir görmür, heç məktublarımıza da cavab vermir. Dövlətimiz hazırda Gürcüstanın ən ucqar kəndlərini qazlaşdırmaqla məşğuldur. Şəhərin mərkəzində yaşayan öz vətəndaşları isə 15-ci mərtəbədə qaz balonu işlədir. Sonra da deyirlər, filan bina partladı”.

Buna da bax: “Natiq Cəfərli 50 min manat ödəməlidir”

İCAZƏNİ MTK ALMALIDIR

Binəqədi rayon qaz idarəsindən bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən yoxlanışdan keçməyən çoxmərtəbəli binalara qaz verilmir. Ona görə də sakinlər bu ittihamları “Azəriqaz”a yox, mənzil aldıqları MTK-nın rəhbərlərinə ünvanlamalıdır. MTK zəruri yoxlanışdan keçib icazə almalıdır.

Sakinlər deyirlər, əlac mənzillərini satışa çıxarmağa qalıb.

Binanı inşa etmiş şirkətin rəhbəri isə hələ 3 il əvvəl həbs olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını çəkir. O, dələduzluqda təqsirli bilinib.

XS
SM
MD
LG