Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:57

Eynşteyn: Baş əyməyən ziyalıları ac qoymağa çalışırlar


Albert Einstein
Albert Einstein

- "Üstəlik, insan haqları içində adı çox hallanmasa da böyük əhəmiyyət kəsb edən daha bir haqq var: Fərdin səhv ya da zərərli hesab etdiyi davranışda iştirak etməmək haqqı və borcu."

Albert Einstein'in fikir azadlığı və insan haqlarına dair yazdıqları

Bu ölkənin ziyalıları, olduqca mühüm bir problemlə üz-üzədir. Geriçi siyasətçilər “xarici təhlükə” sözünü ortaya ataraq, cəmiyyətdə hər cür intellektual davranışa qarşı şübhə yaradıblar.

Bu azmış kimi indi də öyrətmək azadlığını məhdudlaşdırıb, baş əyməyən ziyalıları işdən çıxarmağa, onları ac qoymağa cəhd edirlər.

Belə təhlükəyə qarşı ziyalılar nə edə bilər? Məncə tək yol, Qandi kimi inqilabi davranış göstərib, qarşımızdakı bu kimi insanlarla əlbir olmamaqdır.

Sorğuya çağırılan ziyalı heç kimi ələ verməmək üçün müqavimət göstərməli, yəni ölkəsinin fikir azadlığı uğrunda həbs olunmağı, pulsuz qalmağı, qısası, şəxsi təhlükəsizliyinin itməsini gözə almalıdır.

Kifayət qədər insan bu vacib addımı atmağı gözə alarsa, nailiyyət əldə edilə bilər. Əks halda, bu ölkənin ziyalıları onlara layiq görülən köləlikdən artığına layiq deyil, deməli...

***

Çex Respublikasında A.Eynşteynin büstü
Çex Respublikasında A.Eynşteynin büstü

Ömrüm boyu var gücümlə, nəzərəçarpan həqiqətin strukturunu anlamağa çalışmışam.

İnsanların daha zəngin olmaları istiqamətində, haqsızlığa və təzyiqlərə qarşı, yaxud ənənəvi insanlararası bağların möhkəmlənməsi üçün ardıcıl cəhdlərim olmayıb.

Etdiyim sadəcə bundan ibarət idi: Uzun aralarla, səssiz qalmağın hansısa cinayətə şərik olmaq, ya da onu üzərinə götürmək olacağı ictimai çıxılmazlıqlar və bədbəxtliklərə qarşı nə düşündüyümü açıq şəkildə bildirdim.

Belə halların son illərdə getdikcə çoxaldığı göz qabağındadır, amma təbii ki, bunun günahkarı mən deyiləm.

İnsan haqları və onun dəyəri ulduzlarda yazılmayıb: Tarix boyu bəzi ayıq-sayıq adamlar, insanların bir-birlərinə qarşı davranışları arasında ən yaxşılarının hansı olduğunu düşünüb və öyrədiblər.

Üstəlik, ən münasib cəmiyyət formasının necə ola biləcəyini ifadə edən anlayışların inkişaf etməsini təmin ediblər.

Tarixi yaşantıdan, gözəlliyə və nizama duyulan arzudan gələn bu ideya və inanclar, anlayış olaraq, insanlar tərəfindən dərhal mənimsənmiş, ancaq ibtidai itkilərin basqısı altında yenə eyni insanlar tərəfindən hər zaman pozulmuşdur.

Tarix insan haqları üçün edilən davamlı savaşlarla doludur; qalıcı sülhə heç cür çata bilmədiyimiz savaşlarla.

Amma bununla belə, bu mübarizədən tamamilə əl çəkmək, insanlığın çöküşünə səbəb olar.

Bu gün insan haqları deyəndə, fərdin başqa fərdlərə və ya dövlətə qarşı qorunmağını, çalışma haqqını və zəhmətinin qarşılığında uyğun qazanc əldə etmə haqqını, müzakirə və təhsil azadlığını, fərdin yaşayış məskəninin idarə edilməsində iştirak etmə haqqını başa düşürük.

Bütün bunlar bu gün hər nə qədər kağız üzərində haqq kimi görünsə də, əslində, istismar olunmağa həmişəkindən daha çox əlverişlidirlər.

Bu da qanunlardakı boşluqlarını bilən bir sıra hiyləgər hüquq adamlarının vasitəsilə təmin edilir.

Üstəlik, insan haqları içində adı çox hallanmasa da böyük əhəmiyyət kəsb edən daha bir haqq var: Fərdin səhv ya da zərərli hesab etdiyi davranışda iştirak etməmək haqqı və borcu.

Bunun ən mühüm nümunəsi də hərbi xidmətdə iştirak etməkdən imtina etməkdir.

Elə hallara şahid olmuşam ki, əxlaq anlayışı sağlam olan bir sıra şəxslərin buna görə dövlətlə arasında mübahisə yaranıb.

Halbuki, Nünberq məhkəmələrində, cinayətlərin dövlət əmri ilə yerinə yetirilməsi səbəbindən Alman müharibə müqəssirlərinin bağışlanmayacağı prinsipinə inanılırdı. Vicdan qanunlardan üstün sayılırdı.

Günümüzdə daha çox siyasi inanclar və müzakirə azadlığı ilə araşdırma və öyrətmək azadlığı uğrunda mübarizə aparılır.

Kommunizm qorxusu, ölkəmizi digər ölkələrin gözündə gülməli vəziyyətə salan bir sıra siyasi davranışların mənimsənilməsinə səbəb oldu.

Siyasi üstünlük əldə etmək üçün Kommunizm qorxusunu yayan, iqtidar ambisiyası ilə azğınlaşmış siyasətçilərə hələ nə qədər göz yumacağıq?

Hərdən fikirləşirəm ki, insanlar istehza hisslərini elə itiriblər ki, fransızların “İstehzaetmək öldürər” sözünün bir mənası qalmayıb.

Tərcümə: Leyla Həsənova

XS
SM
MD
LG