Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:25

Astara gömrüyünə prezident fərmanı hələ çatmayıb


Keçid qapısının önündə də əvvəlki coşqunluqdan əsər əlamət qalmayıb.
Keçid qapısının önündə də əvvəlki coşqunluqdan əsər əlamət qalmayıb.

-

Ölkə prezidenti ötən ay «Gömrük sahəsində nəzarətin həyata keçirilməsi haqqında» fərman imzaladı. Həmin fərmana görə, 18 yaşına çatmış hər bir şəxs ölkəyə gömrük rüsumu ödəmədən 10 min manat dəyərində (istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan) mal gətirə bilər. Lakin İrandan qayıdan Azərbaycan vətəndaşları deyirlər ki, Astara gömrüyündə köhnə qayda ilə işləyirlər.

«ADAMLARIN ƏLLƏRİNDƏN YAĞ, PENDİRİ... ALIRLAR»

İrana bazarlıq üçün gedən Zabir Ağayevin fikrincə, yeni qaydanı tətbiq etmək çox çətin olacaq:

«Hazırda İrandan gəlirəm. Astara gömrüyündə insanlara qarşı kobudluq edirlər. Bazarlıqdan qayıdanların əllərindən nə varsa, alırlar. Yalnız az bir hissəsinin aparılmasına icazə verilir. Prezidentin verdiyi fərmanı dəstəkləyirəm. Lakin o fərman Astara gömrüyündə işləmir. Əvvəllər olduğu kimi monopolistlərin nümayəndələri yenə də gömrükdə meydan sulayırlar. Bazarlıq etmiş adamların əllərindən yağ, pendir, quş əti, banan, siqaret və digər məhsulları alırlar. Sənəd də vermirlər. Eşitdiyimizə görə, həmin malları anbardan çıxardıb yerli bazarda satdırırlar».

Keçid məntəqəsinin çıxış qapısının önündə rast gəldiymiz yaşlı bir qadın deyir ki, İrana müalicə məqsədi ilə gedib. Müalicəyə bir ətək pul xərcləsə də, kor-peşman qayıdır.

«ETİRAZ EDƏNDƏ, POLİSLƏ HƏDƏLƏDİLƏR»

Evi üçün bazarlığa getdiyini deyən digər bir sakin prezidentin verdiyi fərmanı çox bəyəndiyini söyləyir. O deyir ki, bu fərmanı gömrük işçisinin yadına da salıb:

İrandan qayıdanlar.
İrandan qayıdanlar.

«Adım İlhamdır. Astaradanam. Mənə açıq dedi ki, bu fərman bizə aid deyil. Get öz işinlə məşğul ol. O tayda aldığım məhsulların qiyməti 30 manat da etmirdi. Yarısını aldılar. Etiraz edəndə polislə məni hədələdilər. İnanmıram ki, bu fərman Astara gömrüyündə işləsin. Qanunda əvvəllər də var idi ki, hər bir şəxs xarici ölkədən rüsumsuz olaraq 1500 manatlıq mal gətirə bilər. Bəs hanı? Qanunlar işləmir. İşləsə, xalqın xeyrinə olar».

«BURDA HEÇ KİM HEÇ KİMİ EŞİTMİR»

İrandan qayıdan və adının çəkilməsini istəməyən bir qadın isə deyir ki, heç bir sənəd vermədən bir neçə yerdə adamlardan pul alırlar:

«Pulu nəyə görə aldıqları barədə heç kim heç nə demir. İrandan bu taya çıxan kimi birinci olaraq bir neçə mülkü adam zənbilləri yoxlayır. Özü də mülkü geyimdədirlər. Özlərini təqdim etmirlər. Ancaq camaat deyir ki, monopolistlərdir. Görsələr ki, 2-3 kilo banan almısan, qoymurlar. İki gilə verirlər və deyirlər ki, get. Burda heç kim heç kimi eşitmir».

Gömrüyün önündə yükdaşıyanlar da vəziyyətin pisləşdiyini deyirlər. Əvvəllər 10-15 nəfər yükdaşıyan olub. İndi 2-3 nəfər qalıb. Yaxınlıqda onların yük arabaları gözə dəyir. Deyirlər ki, yük olmadığı üçün arabaları da atıb gediblər.

Sərhədyanı ərazilərdə olan mağazaların çoxu bağlıdır.
Sərhədyanı ərazilərdə olan mağazaların çoxu bağlıdır.

MAĞAZALARIN QAPILARINA QIFIL VURULUB

Sərhədyanı ərazilərdə olan mağazaların çoxu bağlıdır. Alver ölüb deyirlər. Qapılarına qıfıl vurulmuş mağazaların üstünə «icarəyə verilir» sözləri yazılıb. Çox adam əsəbi olub. Keçid qapısının önündə də əvvəlki coşqunluqdan əsər əlamət qalmayıb. Nəzarətçi deyir ki, 3-4 gün bundan əvvəl İrana gedənlərin sayı 1000-i ötürdü. Çünki Biləsuvar məntəqəsi məhdud sayda adam qəbul edirdi. Bu gündən etibarən orda məhdudiyyətlər ardan qaldırılıb. Buna görə də Astara keçid məntəqəsindən İrana gedənlərin sayı ötən günlərə nisbətən azalıb.

Azərbaycan vətəndaşları İrana yüksüz getmirlər. İşbazlar İrana göndərilən hər bir bağlama üçün 30 manat təklif edirlər. Bu yüklər İranın iş adamlarına məxsus Çinin sənaye mallarıdır. Bu yüklərə görə də pul ödənilir.

İnsanların şikayətləri ilə bağlı Astara Gömrük İdarəsinin rəsmilərinə üz tutsaq da, suallarımıza cavab ala bilmədik. Azərbaycan Gömrük Komitəsinin «Qaynar xətti»ndən də hər hansı cavab vermədilər.

GÖYDƏN ÜÇ ALMA DÜŞƏCƏK...

Prezidentin fərmandan irəli gələn normativ sənədlərin hazırlanması Nazirlər Kabinetinə tapşırılıb. Nazirlər Kabineti 3 ay ərzində fərmandan irəli gələn digər məsələləri də həll etməlidir. Belə məlum olur ki, gömrük idarələri 3 ay da köhnə qayda ilə işləyəcəklər. Sonra isə... Necə deyərlər, «göydən üç alma düşəcək. Almaların üçü də, həmişə olduğu kimi, gömrüyün payına düşəcək». Sakinlər belə deyir.

XS
SM
MD
LG