Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:36

«AMAY Abdulla»nın əmlakını kimlər ələ keçirmək istəyir?


Abdulla Abdullayev
Abdulla Abdullayev

-

«Bu işin kökündə Abdulla Abdullayevin əmlakını ələ keçirmək qəsdi dayanır. Prezident çıxışında MTN-in sahibkarlara qarşı soyğunçuluğu barədə danışdı, pislədi. Eldar Mahmudov və digərlərinin sahibkarların başına açdığı oyunları Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, Bakı Ağır Cinayətlər Məhkəməsi də Abdulla Abdullayevin başına açıb. Onlar Masazırda adamların başına torba keçiriblər, bunlar da bu şəkildə təcrid ediblər».

Bunu AMAY Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayevin şikayəti üzrə noyabrın 13-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəkil Osman Kazımov dedi.

ASC-DƏN MÜRACİƏT GƏLİB

Abdulla Abdullayevin apellyasiya şikayətinə baxan hakimlər heyətinə «Qaradağ Tikinti Materialları» ASC-nin sahibi Rasim İsmixanovun nümayəndəsi Əmirağa Xəlilovun müraciəti daxil olub. Müraciətdə göstərilib ki, sözügedən müəssisənin Abdullayevə heç bir aidiyyəti olmadığı halda, onun işi üzrə məhkəmə hökmünə əsasən müsadirə olunub. Bu səbəbdən də həmin məsələyə bir daha baxılıb araşdırılması, ədalətli qərar çıxarılması xahiş olunur.

Məhkəmə iclasında Osman Kazımov eyni zamanda məhkəmənin qismən istintaqla aparılması və Əmirağa Xəlilovun şahid qismində dindirilməsi barədə vəsatət qaldırdı.

Məhkəmə vəsatəti təmin etmədi. Bildirildi ki, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar var.

«144 MİLYON KREDİT İRANDA NAMƏLUM BİZNESƏ XƏRCLƏNİB»

Daha sonra Osman Kazımov Abdulla Abdullayevə qarşı dələduzluq və digər ittihamların əsassız, həmçinin bu ittihamlar əsasında Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökmün əsassız olduğunu bildirdi:

«Məhkəmənin bu cür qanunsuz hökmü isə ilk növbədə Azərbaycan dövlətinə zərbə vurur. Bizə nə birinci instansiya məhkəməsində, nə də burada sübutlar siyahısı təqdim olunmadı. Sübut yoxdur. Sübutlar araşdırılmadan məhkəmənin hüquqi nəticəyə gəlməsi qanunsuzdur. İttiham aktı ilə məhkəmə hökmü durğu işarələrinə qədər eynidir. Yazıblar ki, Abdulla Abdullayev götürülmüş 144 milyon kreditin bir hissəsini İranda naməlum biznesə xərcləyib. Bu, nə deməkdir? İrana pul köçürülməsi barədə bircə sübut varmı? Heç olmasa, dırnaq ucu qədər ədalətli olun. Təsəvvür edin, martın 12-də cinayət işi başlanıb, müstəntiqin icraatına verilib, martın 13-də Sahibkarlığa Milli Kömək Fondundan prokurorluğa müraciət daxil olub. Prokurorluq haradan bilirdi ki, belə bir müraciət olacaq və bir gün əvvəldən cinayət işi başlayırdı? Hələ mən həmin müraciət əsasında ilkin olaraq araşdırma aparılmalı olduğunu demirəm, bəlkə heç ortada cinayət tərkibi yoxdur?».

Vəkil onu da qeyd etdi ki, iş üzrə zərərçəkmiş qismində tanınmış 269 nəfərdən 177-si, ümumiyyətlə, istintaqda dindirilməyib.

Bu iş üzrə məhkəmə prosesi noyabrın 20-də davam edəcək.

Xatırladaq ki, Abdulla Abdullayev 2014-cü il aprelin 4-də həbs olunub. 2015-ci il sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökmə əsasən, iş adamı dələduzluq, mənimsəmə kimi ittihamlarla 13 il azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan keçmiş işçilərindən Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun hər birinə 9 il, Nadejda İlyasovaya isə 8 il şərti cəza verilib.

XS
SM
MD
LG