Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:44

Bəylərin bığ bağı necə olurmuş?- [Fotolar]


►Iki gənc Azərbaycanı gəzib qədim əşyaları toplayıblar

18-ci əsrdə “Şah Abbasi” yorğanı necə olurmuş? Bəs bəylərin bığ bağı?

1720-ci illərdə Azərbaycan qadınları başlarına necə kəlağayı örtürmüş?

Qızlar, gəlinlər ətirlərini, daraqlarını harda saxlayırmış?

İki gənc - Ruslan HüseynovFuad Cəbrayılovun şəxsi kolleksiyasında bu suallara cavab tapmaq olar. Onlar Azərbaycanı qarış-qarış gəzib ölkənin qədim tikmə sənət nümunələrini toplayıblar.

Xalça muzeyi bir guşəsini kolleksiyaçılara verib ki, öz sərgilərini açsınlar.

“Bu yorğanı Şah Abbas üstünə örtməyib, üstündəki naxışın adı belədir. Biz bunu bir Şuşa məcburi köçkünündən almışıq. Ona babasından, babasına da öz ailəsindən qalıb,” - söyləyir gənclər.

Buna da bax: Xədicə İsmayıl: “Dəmir pərdələrin iyi gəlir” [Reportaj]

On il toplanan kolleksiyada nələr var?

Ruslan və Fuad on ilə yaxındır ki, bu kolleksiyanı toplayırlar. Kolleksiyada nələr yoxdur?

Daraq qabı, Quran qabı, qayçı qabı, tuman bağı, bığ bağı... dayan, bığ bağı nədir? Fuad deyir ki, o vaxt bəylərin eşmə bığı olurmuş:

“Gecə bığlarına müşk yağı sürtüb üstündən də bunu bağlayırmışlar ki, bığ öz formasını itirməsin”.

Fuad bizə bir ətir göstərir. 19-cu əsrdən qalan ətir öz tikmə qabı ilə birgə bu kolleksiyadadır:

– Ağzı bağlıdır, o vaxtdan necə qalıb, elə də saxlamışıq.

– Sizə maraqlı deyilmi ki, bu ətirin qoxusu necədir?

– Maraqlıdı, amma kolleksiyada dəyərini itirməməsi üçün onun ağzını açmırıq.

Ruslan coğrafiya-turizm üzrə təhsil alsa da, marağı onu incəsənətə gətirib və incəsənət üzrə təhsil almış Fuadla yolları birləşib. İndi hər ikisi köhnə, qədim tikmələrə, geyimlərə yeni can verir, kukla sənəti ilə məşğul olur.

“Bəlkə də kimsə elə bilər ki, varlı ailənin uşaqlarıyıq, bu kolleksiyanı toplamışıq. Əksinə, sadə ailədən çıxmışıq. Bu kolleksiyanı da öz gücümüzə zənginləşdiririk. Bəzi kolleksionerler mis qablar, pullar toplayır. Biz ən çətinini seçdik,” - Ruslan deyir.

Fuad əlavə edir: “Kolleksiyamızda 1500-dən çox eksponat var. Əksəriyyəti geyim və tikmələrdir. Onlar böyük diqqət, qayğı tələb edir. Kolleksiyanı emalatxanamızda saxlayırıq, amma bu yer heç də uyğun deyil”.

Buna da bax: Bakıdakı faciəvi yanğınla bağlı mübahisə bitmir

Xarici birjalarda qədim Azərbaycan geyimləri

Gənclər danışırlar ki, eksponatları təkcə Azərbaycan regionlarından toplamayıblar, həm də birjalara baş vurublar. 3 eksponat - Naxçıvan qədim geyimi London birjasından alınıb, Şuşaya aid qadın çəpkəni Dağıstandan, Bakıda cübbənin qısa forması olan bir geyimi isə Özbəkistandan gətiriblər:

“Yenə də gözdə-qulaqdayıq, kolleksiyamızı zənginləşdirməkdə davam edirik, Azərbaycan əşyaları harda satılsa, alıb gətirəcəyik”.

Gənclər Xalça Muzeyində açılan sərgiyə də bədii-romantik ad veriblər: “Kəlağayısı gülgəz, libası əlvan”. Arzuları özlərinin muzeylərinin olmasıdır.

Kolleksiyadan 300 eksponatın nümayişinə tamaşa etmək üçün satılan biletin qiyməti isə 3 manatdır.

XS
SM
MD
LG