Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:33

Xeyli iş yeri bağlana bilər


►Dövlət sərmayədarlıqdan əl çəkir

Üçüncü rübdə dövlətin iqtisadiyyata sərmayə qoyuluşu ilin birinci yarısındakından 8 dəfə az olub. Gələn il nə baş verəcəyini isə nəinki ekspertlər, heç hökumət özü də bilmir.

Milyardlarla manat həcmində ölçülən sərmayə qoyuluşlarının azalmasının iqtisadiyyata birbaşa və dolayı təsirləri haqda fikir yürüdən iqtisadçılar ilk növbədə inşaat sektorunda və ona bağlı olan sahələrdə iş həcmlərinin aşağı düşəcəyini və iş yerlərinin bağlanacağını ehtimal edirlər.

Maliyyə Nazirliyinin dövlət büdcəsinin icrası haqqında Dövlət Statistika Komitəsinə təqdim etdiyi məlumata görə, bu ilin doqquz ayında faydalı qazıntıların öyrənilməsinə, sənaye və tikintiyə dövlət büdcəsindən əsaslı kapital qoyuluşu 4 milyard 8 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövründəkindən 12 faiz azdır.

Buna da bax: Putin Erdoganın təklifini rədd elədi

Əgər ilin birinci yarısında büdcədən kapital yatırımı 3 milyard 566 milyon manat idisə, iyul-sentyabr aylarında bu vəsait vur-tut 442 milyon manat olub.

Ekspertlər sərmayə qoyuluşlarının kəskin azalmasını bu il bir çox layihələrin icrasının başa çatması ilə əlaqələndirsələr də, digər mühüm amil kimi hökumətin iqtisadi səmərəsi aşağı olan layihələri dondurması və həyata keçirilməsi nəzərdə tutulan bəzi iri kapital tutumlu layihələrdən imtina etməsini də istisna etmirlər.

Hökumətin proqnozlarına görə, ilin sonunadək dövlət büdcəsindən əsaslı kapital qoyuluşlarına daha 210 milyon manat yönəldiləcək.

“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin sədri Azər Mehtiyev AzadlıqRadiosuna deyib ki, bu il dövlət büdcəsinin xərclərinin təxminən 3 milyard manat azaldılması gözlənilir. Bunun əsas hissəsi dövlətin əsaslı vəsait qoyuluşunun payına düşür:

“Əvvəlki illərdə Maliyyə Nazirliyi podratçı şirkətlərə ödəmələr üzrə öhdəliyini bir qayda olaraq dekabr ayında icra etdiyindən kapital qoyuluşlarında kəskin “sıçrayış” müşahidə olunardı. Bu ildən bu ənənəyə son qoyulacaq. Artıq hökumət qənaət rejiminə keçib və kəmərləri sıxmağa başlayıb”.

Buna da bax: Nardaranda son durum

Azər Mehtiyev gələn ildən hökumətin investisiya layihələrinin dəyərinə də diqqət yetirəcəyini düşünür:

“Ucuz neft pullarının köpüyü bir çox infrastruktur, təhsil və səhiyyə layihələrinin qiymətini hədsiz dərəcədə şişirdirdi. Digər tərəfdən, layihələrin icrasının keyfiyyətinə də önəm verilmirdi. Nəticədə eyni yol-infrastruktur layihələri təkrar-təkrar maliyyələşdirilirdi”.

Azərbaycan hökuməti dövlət kapital qoyuluşları ilə bağlı dövlət büdcəsinin xərclərini parlamentə təqdim etmir. Lakin həmişəki kimi, hökumət həmin vəsaitlərin konkret sahələr üzrə bölgüsünü ictimaiyyətdən gizli saxlayır. Buna görə də, gələn il bu məqsədlə xərclənməsi gözlənilən 3 milyard 554,8 milyon manatın hansı layihələrin maliyyələşdirilməsinə yönəldiləcəyi qaranlıq qalır.

Ekspertlər hesab edirlər ki, dövlət bir çox infrastruktur layihələrinin maliyyələşdirilməsindən kənarda durmalı, bunu özəl biznesə buraxmalıdır. Nümunə olaraq “Şahdağ” Yay-Qış Turizm Kompleksi göstərilir. Bu layihənin icrasına dövlət büdcəsindən 1 milyard ABŞ dollarına yaxın sərmayə qoyuldu. Lakin ondan əsasən hakim ailəyə yaxın olan biznes dairələri fayda qazanmaqdadır.

XS
SM
MD
LG