Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:12

Avropa və Türkiyə yaxınlaşır, amma...


Türkiyənin baş naziri Ahmet Davutoğlu və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk.
Türkiyənin baş naziri Ahmet Davutoğlu və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk.

-

Avropa divarları geri qayıdır; Qaçqınlar almanca bilmir və alman işçi qüvvəsindən üstün bacarıqlara malik deyil – 30 noyabr Qərb mediasının icmalı.

Miqrasiya böhranı Avropa Birliyi ilə Ankaranı yaxınlaşdırır. Növbəti dönəmdə bu münasibətlərin nə qədər sürəcəyi aydınlaşacaq. politico.eu portalında Ernest Maragall yazır ki, Avropanın qaçqın böhranının Türkiyəyə ötürülməsi etibarlı və uzunmüddətli həll deyil. Tərəflərin yekun razılaşmasında təkcə Türkiyəyə maliyyə dəstəyi deyil, Avropanın bu məsələ üzrə məsuliyyəti də əksini tapmalıdır.

Bazar günü tərəflər Türkiyəyə 3 milyard yarım avro ayrılması, əvəzində Ankaranın AB-yə üzvlük danışıqlarının canlandırılması üzrə razılığa gəliblər. Müəllifsə yazır ki, hər hansı miqrasiya sazişinin üzvlük danışıqlarına bağlanması AB-nin genişlənmə siyasətinə risk yaradır: «Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker-in prioritetlərindən biri onun mandatı dövründə genişlənmənin baş verməməsi idi. Vəzifəyə gələndən bir il sonra AB Türkiyənin qaçqın böhranında əməkdaşlığının əvəzində yeni təklif verir. Bu təkliflərə siyasi veto qoyula bilər».

Müəllif yazır ki, son illər Türkiyə hökuməti ölkəni AB-nin Kopenhagen kriteriyalarından uzaqlaşdıran addımlar atıb. Türkiyə məhkəməsinin qərəzsizliyi və müstəqilliyinə zərbə dəyib, söz və media azadlığına dəfələrlə təhlükə yaranıb, ölkədə insan haqlarının durumu pisləşib və kürd məsələsinin dinc yolla həllinə ümidlər yoxa çıxıb:

«AB Türkiyənin demokratiyadan geri çəkilməsinə susqun qala bilməz. Brüssellə Ankara arasında yaxınlaşma Türkiyənin demokratik yola qaytarmaq üçün son illərin ən yaxşı fürsətidir. AB Türkiyə ilə konstruktiv şəkildə işləməlidir. Türkiyənin sabit demokratiya kimi qalması AB-nin maraqlarına xidmət edir. AB 10 il öncə bunu etsəydi, Türkiyə indi bambaşqa bir ölkə olardı».

Macarıstan-Xorvatiya sərhədi.
Macarıstan-Xorvatiya sərhədi.

AVROPA DİVARLARI GERİ QAYIDIR

«Avropa dörd tərəfdən hasarlanır. Macarıstanda ülgüclü dəmir sədlər çəkirlər, lap «dəmir pərdə» kimi. Fransa, Almaniya, Avstriya və İsveç sərhədlərinə müvəqqəti nəzarət tətbiq edir». Bunu «The Guardian» qəzetində Timothy Garton Ash yazır.

«Avropanın hər yerində isə beyinlərdə divarlar hörülməkdədir, bu divarlar günü-gündən ucalır. Bu psixoloji təlatümlərə tamamilə anlaşılan qorxular da daxildir. Parisdəki qətliamlar sərhədləri asanlıqla keçmiş şəxslər tərəfindən törədildi. Ancaq bu qorxulara yadsevməz siyasətçilərlə məsuliyyətsiz jurnalistlərin səbəb-sübutsuzluq ucbatından təhlükəli münasibəti qarışıb», - müəllif yazır.

«2015-ci ildə 1989-cu ilin təkrarlandığını görürük. Yada salın, «dəmir pərdə»nin sökülməsi Macarıstanla Avstriya arasındakı məftillərin kəsilməsi ilə başladı. İndi isə Macarıstan yeni hasarların çəkilməsinə liderlik edir, baş naziri Viktor Orban deyir ki, «Avropa müsəlman miqrantları yaxına buraxmamalı, Avropanın xristianlığını qorumalıdır»».

Müəllif yazır ki, Avropa hasarlarının qayıtmasına üç hadisə səbəb oldu. Birincisi, Avropa Birliyinin daxilində əhalinin yerdəyişməsidir. Daha çox Şərqi Avropadan Qərbə axın gücləndi. İkincisi, qaçqın böhranıdır ki, Yaxın Şərq, Afrikadakı müharibə və terrorlardan qaçanlar Avropaya üz tutdu. Və nəhayət, üçüncü səbəb, islamçı terrorçulardır:

«Bir dəfə «dəmir pərdə»lər arxasında yaşamağın nə demək olduğunu bilən Merkel-dən eşitmişəm ki, gənclərə azad və açıq Avropanın nə demək olduğunu göstərmək üçün sərhədləri 1-2 günlüyə bağlamaq lazımdır. Merkel-in eksperimentini yoxlamaq olar… Ancaq bu eksperiment istənilən effekti verəcəkmi, bu, başqa sualdır. İndi ancaq onu əminliklə deyə bilərik ki, vaxtilə hasarların söküldüyü qitə kimi tanınan Avropada hasarlar yenidən tikilir».

Qaçqınlar Avstriya-Almaniya sərhədində.
Qaçqınlar Avstriya-Almaniya sərhədində.

ALMANİYA ÜÇÜN MİQRANT PLANI

Bu il Almaniyaya bir milyon qaçqının gələcəyi gözlənilir. Bu, ölkənin iqtisadi yükünü ağırlaşdıracağı, ölkə üçün fəlakət törədəcəyi sarıdan narahatlığı artırıb. «The Wall Street Journal»da Klaus F.Zimmermann yazır ki, dünyanın əksər inkişaf etmiş ölkələri kimi, Almaniyanın da əhalisi qocaldığından işçi qüvvəsinin çatışmazlığı problemini yaşayır. Ölkəyə elə gənc, həvəsli fəhlələr lazımdır. Ancaq problem ondadır ki, miqrantlar da bu boşluğu doldura bilməyəcək.

Qaçqınlar almanca, demək olar, bilmir və alman işçi qüvvəsindən üstün bacarıqlara malik deyil. Bu da onların işlə təmin olunma şanslarını azaldır. Almaniya Əmək İdarəsinin məlumatına görə, ölkəyə bu il gələn 1 milyon nəfərdən real iş tapmaq şansı olan heç 200 mini qalmayacaq. Onların da 50%-i yalnız beş ildən sonra iş tapa biləcək.

Bu az bacarıqlı fəhlələrə heç Almaniyanın kölgə iqtisadiyyatında da yer yoxdur Ölkənin qeyri-rəsmi iqtisadiyyatı əsasən yaxşı təhsilli peşəkarlar, ustalarla doludur. Beləliklə də, alman fəhlələrlə rəqabət yarada bilməyən miqrantlar axırda qara işlərə girişirlər.

Yeni gələnlər adətən işsiz kimi qeydə alınır ki, bu da ölkənin işsizlik səviyyəsini 8%-ə qaldıracaq. Maddi fəsadlar da idarəolunmazdır. Qaçqın axını bir neçə il belə davam etsə, illik məsrəf 16 milyard avro edəcək ki, bu da Almaniya ÜDM-sinin 0.5%-i qədərdir.

Müəllif yazır ki, sərhədləri bağlamaq da çıxış yolu deyil. Miqrantlar qanunsuz şəkildə gələcəklər və bu da onların qeydiyyatında problemlər yaradacaq. Almaniya öz imicinə də ziyan vuruş olacaq: «İndi prioritet mümkün qədər çox qaçqına təlim keçməkdir. Zamanla bu gəlmələr işçi qüvvəsinin məhsuldar hissəsinə çevrilə bilər».

XS
SM
MD
LG