Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:39

Belə kənd təsərrüfatı ili olmur...


Vahid Məhərrəmov.
Vahid Məhərrəmov.

-

Bu il Azərbaycanda «Kənd təsərrüfatı ili» elan olunmuşdu. Görək başa vurmaqda olduğumuz 2015-ci ildə Azərbaycanda kənd təsərrüfatının inkişafına hansı töhfələr verilib? Suallarımıza kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov cavab verir:

- Vahid müəllim, bu il kənd təsərrüfatının inkişafı baxımından necə keçdi? 2015-ci il Azərbaycanda «Kənd təsərrüfatı ili» elan edilmişdi.

- İli sözdə «kənd təsərrüfatı ili» elan etməklə məsələ bitmir. Əvvəlcədən bu işlərə hazırlıq görülməli idi. Strategiya işlənməli, konsepsiya hazırlanmalı idi. Əsas prioritet sahələr müəyyən edilməli idi. Öyrənilməli idi ki, Azərbaycanın hansı regionu hansı sahələrin inkişafı üçün əlverişlidir. Ancaq bu il elə addımlar atıldı ki, elan olunan siyasətlə heç bir uyğunluq təşkil etmədi.

- Məsələn? Hansı addımları nəzərdə tutursunuz?

- Məsələn, bu il Dövlət Taxıl Fondunu 250 min tondan çox artırmağın nə mənası var idi? Azərbaycan taxılı əsasən Rusiya və Qazaxıstandan idxal edir. Görünür, Dövlət Taxıl Fondunu artırmaqla bu il kimlərəsə xidmət etmək istəyiblər. Halbuki məqsəd yerli istehsala xidmət etmək olmalı idi. Yerli fermerlərin istehsalı stimullaşdırılmalı idi.
Bunun da yollarından biri yerli sahibkarlara güzəştli kreditlərin verilməsidir.

- Əksinə, sizin də vurğuladığınız kimi, ötən ilin 9 ayı ilə müqayisədə bu ilin 9 ayında kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilən kreditlər 40 faiz azalıb. Yəni, bu rəqəm 173 milyon dollardan 103.1 milyon dollara düşüb. Bunu nə ilə izah edərsiniz?

- Bu suala hökumət üzvləri cavab versə, yaxşı olar. Mənim fikrimcə, bu bir neçə səbəblə bağlı ola bilər. Həm büdcənin kəsirlə yekunlaşması ilə, həm də banklarda yaranan problemlərlə. Birdə bu il təkcə güzəştli kreditlər azalmayıb. Həm də 9 faizə yaxın ümumi kreditlərdə də azalma olub.

-Vahid müəllim, bəs necə hesab edirsiniz, kənd təsərrüfatını inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?

- Bu sahədə radikal dəyişikliklər edilməlidir. Fikrimcə, mütəxəssislərdən ibarət İşçi Qrup yaradılmalıdır. Bu qrup prioritet sahələri müəyyən etməlidir. Yəni, hansı regionda hansı sahələri inkişaf etdirmək olar? Regionların əmək, su resursları öyrənilməlidir. Əvvəlcə strategiya, sonra da dövlət proqramı hazırlanmalıdır. Məhsulların bazara çıxarılması, onun saxlanması, emal müəssisələri öz həllini tapmalıdır. Bazar öyrənilməlidir. Bilirsiniz ki, bizdə bazar monopoliyadadır...

- Bazardan söz düşmüşkən, bu il ət məhsulları bir qədər ucuzlaşdı.

- Yox, belə deyil. Azərbaycanda son illər quzu əti 9-10 manata olub, cavan dana əti isə 7-8 manata. İndi də təxminən belədir. İndi Azərbaycan bazarlarına, yarmarkalara Gürcüstandan, Dağıstandan mal-qara gətirib nisbətən ucuz qiymətə satırlar. Onlar əsasən yaşlı, zəif, xəstə mal-qara olur. Belə heyvanlar qonşu respublikada çox ucuzdur. Məsələn, götürək Ermənistanı. Orada təzə erkək əti 4-5 manat arasında satılır. Cavan dana əti isə bizim pulla 2 manat 50 qəpiyə, 3 manata satılır. Qoca heyvanlar isə qəpik quruşdur. Yəni, anlayırsınızmı ki, bəzən bazarlarda, kənd təsərrüfatı yarmarkalarında bizə qoca, xəstə mal-qaranın əti təklif edilir? Belə «Kənd təsərrüfatı ili» olmur. Azərbaycan iqtisadiyyatı əsasən idxaldan asılı vəziyyətə salınıb. Görünür Azərbaycanda idxal siyasətinin arxasında böyük güclər dayanır.

XS
SM
MD
LG