Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:07

«Nardarana işıq verilir, ancaq adamlarda xof var»


Natiq Kərimov
Natiq Kərimov

-

İki gündür Nardarana işıq verilir, qaz xətləri də çəkilir. Kənddə qoşunlar isə əvvəlki sayda qalmaqdadır. Evlərdə axtarışlar davam edir. Kənar adamların kəndə girişinə icazə verilmir.

Bu haqda AzadlıqRadiosuna Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov məlumat verib.

PİRƏ GEDƏN YOLA QOŞUN DÜZÜLÜB

Natiq Kərimovun sözlərinə görə, əhalinin qəsəbədəki məscidlərdə dini ibadətlə məşğul olmasına məhdudiyyətlər qoyulur: «Pirə gedən yola qoşun düzülüb. Deyirlər ki, ibadətə gedə bilərsiniz. Ancaq camaat çəkinir. Eləcə də adamlar Cümə məscidinə gedə bilmir. Fikirləşirlər ki, namaza gedərik, birdən yenə gələrlər, qarışıqlıq düşər. Adamlarda bir xof var».

Kənd ağsaqqalı deyir ki, qəsəbəyə elektrik enerjisinin verilməsi bərpa olunsa da, evlərin çoxu qaranlıq içindədir. Əhalinin işıqpulunu ödəməyə imkanı yoxdur.

Natiq Kərimov onu da söyləyir ki, işsizlikdən əziyyət çəkən Nardaranın işləyən sakinləri də işdən çıxarılır:

«Onsuz da bu kəndin camaatı işsizdir. 5-6 faiz işləyə-işləməyə. Son vaxtlar işləyənləri də işdən çıxarırlar. İş yerlərini itirənlər əsasən ticarət və neft sənayesi sahəsində çalışanlardır».

HƏBS EDİLƏNLƏR VƏ YARALILARDAN XƏBƏR YOXDUR

Natiq Kərimov yaralılar və tutulanlarla bağlı yaxınlarının məlumatsız olduqlarını bildirir:

«Noyabrın 26-da keçirilmiş əməliyyat zamanı yaralananlara da hələ ailə üzvləri ilə görüşməyə imkan verilmir. Bundan başqa, son axtarışlar zamanı onlarla adam tutulub ki, onların harada saxlanıldıqlarından yaxınlarının xəbəri yoxdur».

Noyabrın 26-da keçirilmiş, 2 polis əməkdaşı daxil olmaqla, 7 nəfərin ölümüylə nəticələnmiş əməliyyatdan sonra, dekabrın 1-də Nardarana qoşun yeridilib. Bundan sonra evlərdə axtarışlar və həbslər başlayıb. 10 gün müddətinə kəndə işıq verilməyib. Hökumət bunun elektrik enerjisinə olan 42 milyonluq borcla bağlı olduğunu bildirib.

Dekabrın 11-də prezident İlham Əliyev Nardaranın abadlaşdırılması və sosial problemlərinin həlli üçün 12 milyon manat ayrılması ilə bağlı sərəncam imzalayıb.

Bundan sonra 1000-ə yaxın evə elektrik enerjisinin verilişi bərpa edilib.

Hökumətə yaxın media qəsəbənin terrorçulardan və ekstremistlərdən təmizləndiyi haqqında məlumatlar dərc edir. Müstəqil media nümayəndələri isə Nardarana buraxılmır.

XS
SM
MD
LG