Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:23

Qiymətlər bahalaşacaq, daşınmaz əmlak ucuzlaşacaq


-

Dekabrın 21-də manatın dollara nisbətdə yenidən yüksək faizlə ucuzlaşması ölkə mediasının əsas mövzusu olub.

«Ölkə iqtisadiyyatı ikinci devalvasiyanın dağıdıcı təsirlərini aradan qaldırmağa hazır deyil», - «Bizim Yol» yazır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov qəzetə bildirib ki, manatın kəskin ucuzlaşmasına ölkə iqtisadiyyatı hazır deyil: «Azərbaycan iqtisadiyyatı birinci devalvasiyanın nəticələrini hələ də aradan qaldıra bilməmişdi. İlkin təsirlər bank sektoruna olacaq. Bankların xarici valyutada olan kreditlərinin geri yığımı daha da çətinləşəcək. Bank müştərilərinin əksəriyyətinin iflası ilə nəticələnən prosesdir. Kreditləri geri yığa bilməyəcəkləri təqdirdə kredit təşkilatları öz öhdəliklərini yerinə yetirə bilməyəcək, hətta bağlanmasına gətirib çıxara bilər».

DAXİLİ BAZARDA «MANAT ŞOKU»

«Azadlıq» qəzeti yazır ki, Azərbaycanda dolların qiyməti təxminən 50 faiz artdıqdan sonra valyutadəyişmə məntəqələri dolların alış və satışında yeni qiymətləri tətbiq etməyə başlayıb. Bəlli olub ki, bir sıra məntəqələrdə yeni məzənnə qiymət lövhələrində əks olunsa da, dolların alış və satışı həyata keçirilməyib. Məntəqə rəhbərləri bununla bağlı təmsil etdikləri bankların rəhbərliyindən cavab gözlədiklərini bildiriblər.

Qəzet iri mağazalarda satışın dayandığını, siqaret, araq, ətin bahalaşmasını xəbərləyir.

Topdansatış mərkəzinin satıcısı Samir Ağayev «Azadlıq»a bildirib ki, dünəndən «Ankor», «Avrovest», «Bakxolodelnik» firmaları sifariş qəbul etməyib. Həmçinin siqaret və alkoqollu içkilərin satışı da dayandırılıb: «Siyəzən», «Səba», «Giləzi» firmalarından toyuq və toyuq əti, yumurta gətirilib. Amma sifariş dekabrın 2-dən verildiyindən qiymətlərin artırılıb-artırılmayacağını bilmirik. Hazırda toyuq və toyuq ətinin qiyməti 2 manat 30 qəpik-3 manat 30 qəpik arasındadır. Yumurtanın bir ədədini isə 13 qəpikdən satırıq. Qiymətlərin 50 faiz artırılacağını güman edirik».

Novella Cəfəroğlu
Novella Cəfəroğlu

HÜQUQ MÜDAFİƏÇİLƏRİNDƏN SƏRT BƏYANATLAR

«Yeni Müsavat» qəzeti araşdırır ki, son həbslər dalğasında saxlanan MTN general və polkovnikləri, o cümlədən digər vəzifəli şəxslər sonradan siyasi məhbus sayıla bilərmi?

Qəzet xatırladır ki, keçmiş nazirlər Əli İnsanov və Fərhad Əliyev həbs olunduqdan sonra hüquq müdafiəçiləri onların adını «siyasi məhbus» siyahısına salmışdı.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, «MTN işi» ilə bağlı həbs edilmiş general və polkovniklərin, yüksək vəzifəli şəxslərin müdafiə olunmasından söhbət gedə bilməz: «Bunlar Azərbaycanın sahibkarlarını soyublar, Azərbaycanın milyardlarla manat pulunu mənimsəyiblər, nəticədə banklarımız ağır duruma düşüb. Ölkədə manatın devalvasiyası və millətin bu günə düşməsi elə onların ölkənin pulunu talan etməsindən qaynaqlanıb. Biz belə adamları siyasi məhbus adlandıra bilmərik, onlar siyasi məhbus kriteriyasına qətiyyət uyğun deyillər. Biz qanun çərçivəsində hərəkət edirik. Əgər məhkəmə istintaqının gedişində onların hüquqları pozulsa, onların pozulan hüquqlarının bərpa olunmasına nail olmaq istiqamətində addımlar atacağıq. Amma onları siyasi məhbus kimi heç vaxt qəbul və müdafiə etməyəcəyik».

«AVROPA MƏHKƏMƏSİNİN HÖKMÜ YERLİ MƏHKƏMƏLƏR ÜZƏRİNDƏ ÜSTÜNLÜYƏ MALİK DEYİL»

«Heç kimdə belə illüziya yaranmamalıdır ki, lazımi vəkillər vasitəsilə işini Avropa instansiyalarına daşımaqla cəzadan yayınmaq mümkün olacaq...».

Bunu «Azərbaycan» qəzeti yazır:

«Rusiya prezidenti Vladimir Putin Konstitusiya Məhkəməsinə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını inkar etməyə icazə verən qanun imzalayıb. Bundan sonra Rusiya Konstitusiya Məhkəməsi prezident, hökumət və yaxud yerli məhkəmələrin sorğuları əsasında hər hansı beynəlxalq instansiyanın, o cümlədən Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icra edilib-edilməməsi barədə qərar verə bilər. Yəni, beynəlxalq instansiyaların qərarları Rusiya Konstitusiyasının müvafiq müddəalarına uyğun gəlmədiyi halda icra olunmaya bilər».

Müəllif yazır ki, Azərbaycan da bu yolu getməlidir: «Hüquqşünaslar hesab edirlər ki, Azərbaycan da Avropa ölkələri və Rusiya kimi davranaraq öz məhkəmələrinin qəbul etdiyi qərarların tətbiqinə üstünlük verməli, ölkədə Avropa məhkəmələri vasitəsilə hüquqi xaos, cəzasızlıq mühitinin yaradılmasının qarşısı alınmalıdır».

XS
SM
MD
LG