Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:44

Ailəsi ana və körpənin ölümündə həkimləri günahlandırır


Leyla Cəbrayılova
Leyla Cəbrayılova

-

«Təkcə dekabrda elə həmin xəstəxanada üç dəfə müayinədən keçmişdi. Həkimlər özləri demişdilər ki, hər şey qaydasındadır. Nə qızımın, nə də bətnindəki körpənin durumunda hər hansı problem aşkar etməmişdilər».

Bunu Xaçmaz rayon sakini Nərminə Hüseynova deyir. O, qızı Leyla Cəbrayılovanın və yeni doğulmuş körpəsinin ölümündə həkimləri günahlandırır.

Bu il dekabrın 19-da Leyla Cəbrayılova doğuş üçün Quba rayon Mərkəzi Xəstəxanasının regional perinatal mərkəzinə götürülüb. Lakin tezliklə həkimlər ailəsinə bəd xəbəri veriblər – ana və körpəsi ölüb.

«NİYƏ ƏVVƏLDƏN DEMİRDİLƏR?»

Nərminə Hüseynovanın sözlərinə görə, Leyla xəstəxanaya gülə-gülə, yüksək əhval-ruhiyyədə gedib. Tezliklə evə körpəsi ilə dönəcəyini deyib. Xəstəxananın dörd həkimi onu müayinə edib, «hələ doğuşa 1-2 gün var» deyiblər. Ailə üzvləri də Leylanı palataya ötürüb evə qayıdıblar. Xoş müjdə gözləyən ailənin qapısını bir neçə saatdan sonra qara xəbər döyüb:

«Zəng vurub təcili xəstəxanaya çağırdılar. Dedilər, Leylanın vəziyyəti ağırlaşıb. Sən demə, qızım keçinibmiş. Deyirlər, guya hər şey qəflətən baş verib. İndi bildirirlər ki, Leylanın səhhəti heç də yerində deyilmiş. Axı bunu niyə əvvəldən demirdilər? Biz də çarəmizi bilərdik, götürüb Bakıya aparardıq».

Ana həkimləri Leylanın vəziyyəti barədə onları əvvəlcədən düzgün məlumatlandırmamaqda suçlandırır.

DOĞUŞDAN NORMAL ÇIXIB

Leylanın ailə üzvləri onu da deyirlər ki, onlara verilən məlumata görə, Leyla doğuşdan normal çıxıb, palatada özünün və körpəsinin halı pisləşib, heç birinin həyatını xilas edə bilməyiblər.

Leylanın 5 və 2 yaşında iki qızı qalıb. Nənə analarının yolunu gözləyən qızcığazları necə ovudacağını bilmir.

Xəstəxanadan ölüm faktına münasibət bildirməyiblər. Bircə onu deyiblər ki, faktı Quba rayon Prokurorluğu araşdırır. Prokurorluqdan isə bildirdilər ki, ana ilə körpəsinin ölümünün səbəbləri ekspertizanın nəticəsi açıqlananda bəlli olacaq.

XS
SM
MD
LG