Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:33

Jurnalistin anası: “Kimə güvənirdin, Cavidə?”


►“Adam xəstəxanaya gəlib deyir ki, “ölürəm”, onu altı saat saxlayandan sonra əməliyyata aparırlar..."

Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsilə bağlı məhkəmə prosesi yanvarın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində başlandı.

Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına 5 nəfər çıxarılıb - Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev. Onlar Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunur.

Bir sıra jurnalistlər, QHT təmsilçiləri, təqsirləndirilən şəxslərin yaxınları məhkəmə zalında yer azlığı səbəbindən prosesi izləyə bilmədilər. Bu da məhkəmə binasının qarşısında təqsirləndirilən şəxslərin yaxınlarının ciddi etirazlarına səbəb oldu.

Vəkillər Fariz Namazlı və Əsabəli Mustafayev cinayət işinin ibtidai istintaqa qaytarılması barədə vəsatət qaldırdı.

Buna da bax: Daha 12 nardaranlı azadlığa buraxıldı

“HƏKİMLƏR ÖZLƏRİ DƏ ETİRAF EDİRLƏR Kİ...”

Fariz Namazlı bildirdi ki, Rasim Əliyevin ölümündə həkimlərin səhlənkarlığının da rolu olub. Lakin istintaq orqanı həkimlərin məsuliyyətini müəyyən etməyib.

Əsabəli Mustafayev də əlavə etdi ki, bu vəsatət elə həkimlərin özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələrə əsaslanır. Vəkilin sözlərinə görə, həmin ifadələrdə həkimlər özləri də etiraf edirlər ki, Rasim Əliyevə xəstəxanada yetərincə tibbi yardım göstərilməyib.

"Bu işin istintaqa qaytarılmasını zəruri edən digər səbəb Cavid Hüseynov amilidir. Onun barəsində cinayət işinin ayrılması qətiyyən düzgün deyil. Həzərə almaq lazımdır ki, bütün istintaq boyu bir cinayət işi üzrə araşdırma gedib. Əgər Cavid Hüseynovun işinin ayrılmasına əsas vardısa, bunu əvvəlcədən, istintaqın gedişində eləyə bilərdilər. Lakin onun işi istintaq başa çatandan, biz iş materialları ilə tanış olandan sonra ayrılıb. Halbuki, bu mərhələdə artıq ayrıla bilməzdi. Ayırmağa əsas olsaydı belə, bunu məhkəmə eləyərdi", - deyə Əsabəli Mustafayev vurğuladı. (Ardı aşağıda)

Jurnalistin valideynləri

ƏLAVƏ ŞAHİDLƏR DİNDİRİLSİN

Zərərçəkmiş tərəfin nümayəndələrinin ikinci vəsatəti isə məhkəmə prosesində həkimlərin, tibb bacılarının, Rasim Əliyev xəstəxanada olarkən onunla danışmış şəxslərin, o cümlədən, atası Məmmədəli Əliyev, bloqqer Mehman Hüseynov, dostu Aydın Mahmudov və həmin vaxt onunla eyni palatada yatan Ramilin əlavə şahid qismində dindirilməsi haqda oldu.

Fariz Namazlı bildirdi ki, ibtidai istintaq zamanı Rasim Əliyevin dostları, xəstəxananın işçiləri, palata yoldaşı da daxil olmaqla, 50-yə yaxın adam şahid qismində dindirilib. Amma ittiham aktına məhkəmədə dindirilmək üçün cəmi 7 şahidin adı daxil edilib.

Dövlət ittihamçısı Absalam Heydərov hər iki vəsatətin əleyhinə çıxdı. Bildirdi ki, ittiham aktı düzgün tərtib edilib və işin ibtidai istintaqa qaytarılmasına ehtiyac yoxdur: "Cinayət işi məhkəmə baxışına verilməlidir". (Ardı aşağıda)

Buna da bax: Səudiyyə Ərəbistanı İrana şərt qoydu

“HƏKİM SƏHLƏNKARLIĞI BİR FAKTDIR”

Təqsirləndirilən şəxslərin vəkilləri isə zərərçəkmiş tərəfin vəsatətlərini müdafiə etdilər. Vəkillər vəsatətlərə münasibət bildirərkən işin ibtidai istintaqa qaytarılması və Rasim Əliyevin ölümündə həkimlərin səhlənkarlığı məsələsinin müəyyənləşdirilməsini istədilər.

"Bu ölüm hadisəsində cinayətkarcasına həkim səhlənkarlığının olması faktdır. Cinayət işinin materiallarında birinci səhifədən axırıncı səhifəyə qədər bu səhlənkarlıq tökülür. Elə tibbi personalın öz ifadələrindən də görünür. Adam xəstəxanaya gəlib deyir ki, “ölürəm”, onu altı saat saxlayandan sonra əməliyyata aparırlar...", - deyə təqsirləndirilən şəxslərdən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli bildirdi.

Vəsatətlərin müzakirəsindən sonra məhkəmə qərar qəbul etmək üçün müşavirəyə getdi.

Hakimlər müşavirədə olduğu müddətdə mərhum jurnalistin anası Teyfurə Əliyeva təqsirləndirilən şəxslərə üzünü tutaraq, onları Cavid Hüseynova güvənib bu əməli törətməkdə ittiham etdi. Zərərçəkmiş oğlunun ölümünə görə təqsirləndirilən şəxslərdən xüsusən 3 nəfəri - Elşən İsmayılov, Arif Əliyev və Camal Məmmədovu günahlandırırdı:

"Rasimi çay içmək adı ilə aldadıb çağırıb, sonra da bir arıq uşağın üstünə tökülüşmək kişilikdir? Sən (Elşən İsmayılova müraciət edir-red.) kişi idinsə, tək gələydin. Kimə güvənirdin, Cavidə? Heç olmasa, səni min bir əziyyətlə böyüdən atana yazığın gələydi, onu da zülmə salmısan..."

R.Əliyevin atası futbolçunun işinin ayrılmasından narazıdır
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Təxminən 15-20 dəqiqəlik müşavirədən sonra hakimlər qayıdaraq, hazırlıq iclasının qərarını elan etdi. Məlum oldu ki, işin prokurorluğa qaytarılması barədə vəsatət təmin olunmur. Bir sıra şəxslərin əlavə şahid qismində dindirilməsinə gəlincə, bu vəsatət ittiham tərəfin əsas şahidləri dindirilənə qədər baxılmamış saxlanılır.

Bu iş üzrə məhkəmə baxışı 12 yanvar saat 10:30-a təyin olundu.

Məhkəmədən sonra mərhum jurnalistin atası Məmmədəli Əliyev mətbuata açıqlamasında elə ilk iclasdan vəsatətlərin təmin olunmamasından narazılığını ifadə etdi. O, həmçinin Cavid Hüseynovun işinin ayrılmasına etirazını bildirdi:

"Biz istintaqın əvvəlindən bilirdik və deyirik ki, günahkar Cavid Hüseynovdur. Amma təəssüf ki, nəzərə almadılar..."

Xatırladaq ki, Rasim Əliyev "Facebook" səhifəsində "Qəbələ" futbol klubunun kapitanı Cavid Hüseynovu tənqid edən status yazdığına görə avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və avqustun 9-na keçən gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.

Bu iş üzrə ümumilikdə 6 nəfər - Cavid Hüseynov, Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyev məsuliyyətə cəlb olunub. Digər beş nəfərdən fərqli olaraq, Cavid Hüseynov yalnız Cinayət Məcəlləsinin 307-ci (cinayəti bilib xəbər verməmə və ağır cinayəti gizlətmə) maddəsi ilə ittiham olunur.​

XS
SM
MD
LG