Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:02

Tikinti sektoruna "sarsıdıcı zərbə"


Illüstrasiya
Illüstrasiya

►Mənzil tikintisi azalıb, yeni layihələr də...

Ötən il Azərbaycanda bütövlükdə 1 milyon 927,2 min kvadratmetr mənzil sahəsi istifadəyə verilib. Mütəxəssislər bu rəqəmin 2014-cü ildəkindən 12,3 faiz az olduğunu iddia edirlər.

Mövcud iqtisadi durum müxtəlif suallar doğurur. Məsələn: ilkin mənzil bazarında hansı meyllər gözə çarpır? Tikinti sektoru, heç olmasa, əvvəlki tempi qoruyub saxlaya biləcəkmi?

Manatın dollara nisbətdə kəskin dəyərsizləşməsi, əhalinin alıcılıq qabiliyyətinin azalması, mənzillərin ucuzlaşacağına dair gözləntilər tikinti şirkətlərini çətin vəziyyətə salıb. Ekspertlərin fikrincə, indi fərdi evlərin tikintisi artacaq və yeni çoxmərtəbəli evlərin inşası ertələnəcək.

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev Azadlıq Radiosuna deyib ki, hələ iqtisadi böhranın başlanğıc çağında - 2014-cü ildə yeni mənzillərin qiymətində azalma baş verdi:

“Satışı sabitləşdirmək üçün bir çox şirkət kampaniya xarakterli addımlar atdı: nağd alan müştərilərə 10-15 faizlik güzəştlər təklif etdilər. Ötən ilin fevral devalvasiyası bazara durğunluq gətirdi... Şirkətlər çıxış yolu kimi 3-5 illik möhlətli satış üsulunu sınadılar. Ancaq tikinti sektoruna ən sarsıdıcı zərbəni dekabr devalvasiyası vurdu”.

Buna da bax: Dünyada fərdi kompüterlərin satışı xeyli azalıb

Ekspert bildirir ki, indiyədək tikintilərin nisbətən davamlı olmasına təsir göstərən səbəblərdən biri də bankların ipoteka kreditləşməsində iştirakı olub. Amma indi bahalı dollar tikintinin maya dəyərinə ciddi təsir etməklə bu əməkdaşlıq sxemini də əngəlləyə bilər.

Qiymətlərə gəlincə, hazırda Bakının mərkəzində aparılan tikintilərdə bahalaşma gözə dəymir, axı qiymət elə əvvəldən kəllə-çarxda idi və onlara müştəri marağı da yüksək deyildi. İndi, əsasən, şəhər kənarında aparılan tikintilərdə qiymət artımı müşahidə olunur.

Rəşad Əliyevin fikrincə, mövcud şəraitdə inşaat şirkətləri yarımçıq binaların tikintisini yekunlaşdırmağa üstün diqqət yetirməlidir. Bütün şərtlər bunu diktə edir. Ekspert mənzil almaq arzusunda olan şəxsləri də “bünövrədən” mənzil almaqdan çəkindirir, çünki risklidir.

“Kristal Abşeron” Mənzil Tikinti Kooperativində indiyədək bağlanan müqavilələr əsasında satılan mənzillərin qiymətlərində artımın olmadığı, yəni xərclərin yüksəlməsinin müştərilərə təsir etmədiyi deyilir. Amma yeni müştərilərə mənzillər əvvəlkindən 6-10 faiz baha təklif olunur.

Şirkətin marketinq müdiri Rəşad Qurbanlı AzadlıqRadiosuna deyib ki, yerli inşaat materiallarında ciddi qiymət artımı yoxdur. Bahalaşma, əsasən, evlərin daxili tərtibatında istifadə olunan və xaricdən gətirilən tikinti materiallarında gözə çarpır. Söhbət, təxminən, 6-7 faizlik artımdan gedir.

“Kristal Abşeron” MTK bu il Xırdalan və Sumqayıtda inşası başlanmış evləri tikib istifadəyə verməyi nəzərdə tutur. Yeni layihələrsə yoxdur.

XS
SM
MD
LG