Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:57

Qaradərili kino sənətçiləri Oscar-ı boykot edirlər


Kinorejissor Spike Lee və aktrisa Jada Pinkett
Kinorejissor Spike Lee və aktrisa Jada Pinkett

Onlar iki il dalbadal bütün nominasiyaların ağdərili aktyorlardan ibarət olmasına kəskin etirazlarını bildiriblər

Kinorejissor Spike Lee və aktrisa Jada Pinkett qaradərili hüquqları uğrunda əfsanəvi mübariz Martin Luther King-in doğum günündə Kino Akademiyası Mükafatları mərasimini boykot etdiklərini bəyan ediblər.

Bu barədə göndərdikləri ayrı-ayrı mesajlarda onlar fevralın 28-də keçiriləcək mərasimə qatılmayacaqlarını bildiriblər. Oscar ötən cümə axşamı, iki il dalbadal yalnız ağdərililərdən ibarət namizədlər siyahısını açıqlayandan bəri tənqidlərlə üzləşir.

“Biz bu tədbiri dəstəkləyə bilmərik. Bu hörmətsizlikdir. Necə olur ki, iki il dalbadal aktyorluq kateqoriyası üzrə bütün 20 namizədin hamısı ağdərili olur? Biz hələ başqa kateqoriyaları demirik” – yazıb Lee İnstagramda, - İki ildə 40 ağdərili aktyor! Nədir, yoxsa biz aktyorluq bacarmırıq. WTF!"

Mesajdakı sonuncu üç hərf ingiliscə məşhur söyüşün qısaldılmış formasıdır.

Ağappaq ağlar

“Doktor King deyib: Elə vaxtlar gələcək ki, təhlükəli olmasına, siyasiliyinə, xoşa gəlib-gəlmədiyinə baxmayaraq, hər hansı bir mövqeyi nümayiş etdirmək lazım olacaq. Lakin biz bu mövqeyi tutmalıyıq, çünki vicdanımız bunun düzgün olduğunu deyir” – yazıb “Doğru olanı et” (Do the Right Thing) və "Malcolm X" kimi filmlərin rejissoru Lee.

Martin Luther King
Martin Luther King

O deyib ki, Hollywood-da iqrçilik əleyhinə mübarizə Kino Akademiyası Mükafatları ilə deyil, bu təşkilatın studiya və televiziya şəbəkələrində oturan icraçı direktorlarladır.

“Camaat, həqiqət budur ki, o kabinetlərdə bizlər oturmuruq və nə qədər ki, orada azlıqlar oturur, Oscar namizədlərinin hamısı su zanbağı kimi ağappaq olacaq” – yazıb rejissor.

Aktrisa Pinkett Smith isə Facebook-a yüklədiyi videoda deyib ki, o heç Oscara televizorda da baxmayacaq. Aktrisanın əri Will Smith-in Oscar namizədliyinə baxılsa, o müsabiqədən keçməyib.

"Bu gün Martin Luther King-in ad günüdür və mən belə bir sualı verməyə bilmirəm: Rənglilərin nə qədər gücə, təsirə malik olduqlarını və əslində heç yerə dəvət gözləməli olmadıqlarını anlayacaqları vaxt yetişməyibmi?” - deyib aktrisa.

“Qaradərilinin prezident olması daha asandır”

Pinkett Smith-in fikrincə, kiminsə nailiyyətlərinin tanınması üçün o adamın özünün xahiş edib yalvarması, ləyaqəti alçaldan əməldir.

Ötən həftə Oscar mükafatı namizədliyinə ümid edən başqaları da sosial mediada çıxış ediblər. Onların arasında Idris Elba, Michael B. Jordan, Ryan Coogler də olub.

Camaat, nə qədər ki, o kabinetlərdə bizlər oturmuruq... Oscar namizədlərinin hamısı su zanbağı kimi ağappaq olacaq

CNN-in saytında dərc olunmuş məqalədə deyilir ki, “Kino Sənəti və Elmləri Akademiyası (The Academy of Motion Picture Arts & Sciences) illərdir ki, namizədlərə səs verən 7 min üzvünün əksəriyyətinin yaşlı, ağdərili, kişi və bugünkü kinosevərlərdən xəbəri olmayan insanlar olduğuna görə tənqidlə üzləşir”.

Məsələ burasındadır ki, Akademiyanın qaradərili prezidenti Cheryl Boone Isaacs da Oscar nominasiyalarından pərt olduğunu bildirib. Bununla yanaşı Boone əlavə edib ki, bu, kino sənəti üçün ecazkar bir il olub.

O deyib ki, Akademiya və Hollywood üzvlərinin irqi çeşidliyi arzu olunandan daha yavaş dəyişir.

Lakin Akademiyanın qatı tənqidçisi olan Lee noyabr ayında Hollywood ziyafətində fəxri Oscar mükafatını alarkən etdiyi çıxışda demişdi: “Amerikada qaradərilinin prezident olması daha asandır, nəinki studiya direktoru olması”.

Gələn ay keçiriləcək 88-ci Akademiya Mükafartları Mərasimini qaradıərili komediya aktyoru Chris Rock aparmalıdır.

O son günlərə qədər mübahisələrə qarışmırdı. Lakin ötən cümə Tvitterdə o da mərasimi “ağların mükafat mərasimi” adlandırıb.

XS
SM
MD
LG