Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:39

“Azmont”un görünən və görünməyən üzü


“Portonovi” kurortunun tikintisi Kumborda başlanarkən. 06.03.2014. www.gov.me
“Portonovi” kurortunun tikintisi Kumborda başlanarkən. 06.03.2014. www.gov.me

►Bakı-London-Balkan Üçbucağında məmur biznesi

“Azmont Invesments” şirkəti 2015-ci ili uğurla başa vurduğunu açıqlayıb. Bu şirkətin adı ilk dəfə 2013-cü ildə diqqət çəkib - Monteneqroda, Adriatik dənizi sahilində zəngin turistlər üçün köhnə hərbi kazarmanın yerində tikilən turizm-kurort kompleksi ilə birgə.

Monteneqroda turizmi irəli daşıyan Azərbaycan sərmayəsi Monteneqrodakı mənbələr yazır ki, “Portnovi resort” kompleksinin inşasına Azərbaycan tərəfi 2013-cü ildən bəri 150 milyon 450 min avro sərmayə yatırıb.

Şirkətin icraçı direktorunun istehsalat üzrə müavini Stevan Miliç dekabrın sonlarında 2016-cı ilədək öhdələrinə götürdükləri sərmayə planını üçqat artıqlamasıyla yerinə yetirdiklərini deyib. Monteneqro hökuməti ilə razılaşmaya əsasən, 2020-ci ilədək sərmayənin həcmi 258 milyon avro olacaq. Əsrarəngiz mənzərəli və sərnişin yaxtalarının yan ala biləcəyi Boko-Kotor körfəzinin sahilindəki turizm mərkəzi ilk qonaqlarını artıq 2017-ci ilin yay mövsümündə qəbul edəcək.

Kompleksin tikintisinə baş podratçısı kimi İtaliyanın “Pizzarotti & CSPA” şirkəti cəlb olunub.

Təbii ki, öncə sual doğur: “Azmont Investments” şirkəti necə meydana çıxıb? Axı Azərbaycandan bu qədər iri sərmayəni ortaya çıxarmaq hər şirkətin hünəri deyil...

Monteneqro dövlət qeydiyyatı orqanının ictimaiyyətə açıq məlumatlarına görə, “Azmont Investments”i 2012-ci ilin iyulunda Niderlandın “Saiph Holding BV” şirkəti qurub. Bu şirkət də, tikinti işləri üçün haqqı əvvəlcədən ödənilmək şərtilə Monteneqro hökumətindən 2013-cü ildə 90 illiyə icarəyə götürülən torpaq sahəsinin icarə müqaviləsində adı keçən “Cooperatief Saiph Holding U.A.” da SOCAR-ın Hollandiyada (Niderlandda) qurduğu çoxsaylı şirkətlərdəndir.

SOCAR “qarmaq” rolunda…

Sərmayələr üzrə ixtisaslaşmış bir çox ekspert deyir ki, neftin yüksək qiymətləri sayəsində qiymətli kağızları xarici kapital bazarlarında rahatlıqla yerləşdirilən və müxtəlif ölkələrdə daşınmaz əmlaka sahiblənən SOCAR-ın təkcə adı hər hansı layihəyə sahib olmağa yetərliydi. Ələlxüsus xarici sərmayələrə ehtiyac duyan Monteneqro kimi yeni yaranmış bir ölkədə. Amma görünən həm də budur ki, SOCAR sözügedən layihədə bəlli biznes qurumlarının əlində “qarmaq” rolunu oynayıb...

Kumbordakı kurort keçmiş hərbi bazanın yerində tikilir. Arxiv fotosu
Kumbordakı kurort keçmiş hərbi bazanın yerində tikilir. Arxiv fotosu

Təsadüfi deyil ki, 2013-cü ildə “Azmont Investments” şirkətinin Monteneqrodakı bu layihəsi One&Only otellər və əyləncə mərkəzləri şəbəkəsinin idarəedicisi olan “Kerzner International Holdings Limited” şirkətinin Britaniyanın “Triangle Investments and Development Limited” şirkəti ilə bağladığı müqavilənin subyekti kimi təqdim olunur. Elə “Azmont Investments”ə həmin Britaniya şirkəti nümayəndələrinin (Qafar Qurbanov, Tunc Güven və başqaları) başçılıq etməsi, “Azmont Investments”lə bu şirkətin Monteneqrodakı törəməsi olan “Triangle Asset Management” şirkətinin eyni ünvanda (Hersoq Novi, Meline ş., Braçe Qrakaliç küç.,94) yerləşməsi də bu sarıdan müəyyən ehtimallar irəli sürməyə əsas verir.

Çoxtərəfli sözləşməyə görə, sözügedən Britaniya şirkəti bu layihəni gerçəkləşdirmək üçün SOCAR-ı təmsil edib. Məsələnin maraqlı tərəfi həm də budur ki, Britaniyada qeydiyyatdan keçmiş bu şirkətin bir ucu Azərbaycana gəlib çıxır. Amma bu haqda bir az sonra...

Öncədən də göründüyü kimi, əsas fəaliyyəti karbohidrogen hasilatı və satışı olan SOCAR bu biznes layihəsində əbədi deyildi. Nəhayət, ötən ilin oktyabrında SOCAR bəyan etdi ki, onun Monteneqroda heç bir istirahət mərkəzi yoxdur. Dövlət Neft Şirkəti bu layihədəki missiyasını, demək olar, başa çatdırdığından, artıq sərmayədar qruplara gərək deyildi. (Ardı aşağıda)

Bəs layihənin indiki icraçısı kimdir?

Monteneqro şirkətlərinin rəsmi məlumat bazasında qeyd olunur ki, hazırda “Azmont Investments” şirkəti səhmlərinin 99,99 faizi “Azerbaijan Global İnvestments” (AGI) ASC-yə məxsusdur. Amma SOCAR da şirkəti tam tərk etməyib: “Azmont”dakı yerdə qalan 0,01 faiz payı yenə də “Saiph Holding BV” şirkəti qoruyub saxlayıb.

Araşdırmalar göstərir ki, AGI-nin Monteneqrodakı mehmanxana şəhərciyinin tikintisi layihəsinə qoşulması, əslində, daha öncə baş verib. Sadəcə, tərəflər bunu elan etməyi bir qədər yubadıblar. Şirkətin səhmdarlarından “Synergy Group” ASC-nin maliyyə hesabatında deyilir ki, 7 iyul 2014-cü il tarixində AGI Azərbaycandakı “PSG Resort” MMC ilə 400 milyon avro məbləğində layihə maliyyələşdirmə sazişi imzalayıb. Saziş “PSG Resort” şirkəti təsis olunandan 4 gün sonra bağlanıb. Sərmayələrin yatırımı da elə o zamana təsadüf edir. Təkcə “Synergy Group” ASC-nin AGI-ya yönəltdiyi sərmayə 21 milyon manatı aşırdı.

Diqqətçəkən məqamlardan biri də budur ki, həm AGI, həm “PSG Resort”, həm də ötən ilin dekabrında açılan “Azmont Investments”in Bakı nümayəndəliyi eyni ünvanı (Süleyman Rüstəm küçəsi, 9) paylaşırlar. Azmont şirkətinin Bakı nümayəndəliyinə və “PSG Resort” şirkətinə eyni şəxs – Qorxmaz Ağayev rəhbərlik edir. Dolayısıyla, bu şirkətləri eyni qrupun yönəltdiyini demək olar.

Monteneqrodakı layihə 2013-cü ilin noyabrında yaradılan “Azerbaijan Global İnvestments” ASC-nin ilk rəsmi yatırımıdır. Şirkəti Azərbaycanın üç ən iri holdinqi: “AtaHolding” ASC (33%), “Synergy Group” ASC (32%) və “Paşa Holding” MMC (35%) qurublar. Onun Müşahidə Şurasına Ahmet Erentok, Mir Camal Paşayev və Rəşad Əliyev daxildir.

Kumborda mənzərə
Kumborda mənzərə

Qısa zaman ötsə də, AGI Monteneqroda özünü evindəki kimi hiss edir. Gözlənilir ki, lap yaxın vaxtlarda bu ölkənin Mərkəzi Bankı sayca 15-ci bank lisenziyasını onun “Azmont Investments” şirkətinə verəcək. Başqa sözlə, AGI bu ölkədə investisiya fəaliyyəti göstərməklə yanaşı, maliyyə sektorunda da təmsil olunacaq.

Qeyd edək ki, AGI şirkətinin qurucuları Azərbaycan, Türkiyə və Gürcüstanda 6 banka (Paşa Bank, Pasha Yatırım Bankası, Pasha Bank Georgia, Kapital Bank, Caspian Development Bank və AtaBank) sahibdirlər.

Üçbucağın London dayağı

“Triangle Investments and Development Limited” şirkəti isə Monteneqronun Kumbor adasında gerçəkləşdirilən bu sərmayə layihəsindən kənarlaşmayıb. Əslində, bu şirkəti Bakıdakı ortaqlarla gizli bağlar birləşdirir.

Şirkətin korporativ saytında deyilir ki, o, Monteneqroda, eləcə də Londonda iki otelin inşası üzərində çalışır. Londonun Blumsberi rayonundakı otel bu il istifadəyə veriləcək.

Bu şirkət “Triangle Group”a daxildir. İngiltərə və Uelsin şirkətlər registrinin məlumatlarına görə, “Triangle Investments & Development Limited”i 2007-ci il iyunun 26-da “Incorporate Nominees Limited” şirkəti qurub. Kimə məxsusluğu açıqlanmayan həmin şirkətin özünü isə Birtaniyanın Virgin adalarında qeydiyyatdan keçən “E&G International Holdings Limited” şirkəti təsis edib.

2014-cü ilin aprelinədək “Triangle Investments & Development Limited”in səhmləri (2008-ci ildən bəri) 50/50 prinsipi ilə Qafar Qurbanova və Metin Güvener-ə məxsus idi. Ancaq 2014-cü ildən başlayaraq şirkət səhmlərinin hamısına (Britaniya və Fransa arasındakı) Guernsey offşor bölgəsində yaradılmış “Triangle Holdings Limited” şirkəti sahiblik edir. Bununla belə, Qrupun korporativ saytından görünür ki, qurucu və sahiblər yenə Qafar Qurbanov və Metin Güvener-dir.

“Triangle Investments & Development Limited” heç də kiçik şirkət deyil. Onun və törəmə qurumlarının Britaniya və Azərbaycanda, Baltikboyu respublikalarda və Balkanlarda, eləcə də bəzi MDB ölkələrində əmlak və biznes maraqlarının olduğu etiraf edilir. Təkcə Litvada Qrupun iki lüks otelinin olduğu bildirilir. (Ardı aşağıda)

Portonovi layihəsi haqda xəbər (Balkanpro.ru)
Portonovi layihəsi haqda xəbər (Balkanpro.ru)

Qrupa daxil “Triangle (Property) Limited” şirkətinin Türkiyədə (İstanbul, Ankara və İzmirdə) və ABŞ-da müxtəlif daşınmaz əmlakdan ibarət portfelinin də olduğu qeyd olunur. Amma bu şirkətin işləri heç də rəvan getmir - “Triangle (Property) Limited” 30 iyun 2013-cü ilədək bitən maliyyə ilində 31 min funt zərərə uğramışdısa, növbəti il zərər 456 min funtu haqlamışdı.

2014-cü il 30 iyun tarixinə bitən maliyyə ilinə görə “Triangle Investments & Development Limited” öz hesabatına təsisçisi olduğu 4 şirkətin maliyyə nəticələrini daxil edib. Bunlar “Tringle Proje Geliştirme Yatırım Turkey ve Ticaret Limited Şirketi” (Türkiyə, 98%), “Vizzion Caspian SA” (Belçika – 50%), “Tringle Property Limited” (Britaniya) və “Triangle Hotels & Resorts Limited” (Britaniya) şirkətləridir. Həmin tarixə şirkət səhmdarların qazancı ilboyu təxminən 3 milyon funtdan 5 milyon funtu da aşan məbləğə çatıb.

Ortaqlar arasında Harvard Universitetinin məzunu Natiq Qəniyev də var

Qrup restoran biznesi sahəsində də çalışır və bir müddət Londondakı The One Cambridge Circus ltd. və The One Restaurants ltd. restoranlarına sahiblik edib. Daha sonra - 2011-ci ilin iyunundan “Triangle Investments & Development LTD”onların səhmlərini izi Britaniyanın Virgin adalarında itib-batan “Established Brands & Co ltd” şirkətinə ötürüb.

“Triangle Holdings Limited” 2014-cü ildə “Maverick İnvestment Limited” (Guernsey) şirkəti ilə birgə qurulan “Triangle Equity Partners (UK) LLP şirkətinin də ortağıdır. Sonradan bu ortaqlığın adı dəyişdirilib və “Vestigo Capital Advisors LLP”-ə çevrilib. Ortaqlar arasında Harvard Universitetinin məzunu Natiq Qəniyev də var. Bu ortaqlığa ən yekunda Guernseydə qeydə alınmış “GGG Holdings Limited” şirkəti nəzarət edir. “Vestigo Capital Advisors LLP” şirkəti, əsasən, Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində özəl kapitala sərmayə yatırımı, eləcə də məsləhət xidmətləri sahəsində çalışır.

2011-ci ilin yanvarında “Triangle Investments & Development LTD” Londonda sərmayə portfelini artıraraq “London Doors Restaurant Group Limited” şirkətini qurub. İki ay sonra bu şirkətin payları Türkiyənin “Doğuş Qrupu”na daxil “Doors Holding AS” (79%), az öncə adını xatırladığımız “Established Brands & Co ltd” (20%) və bir İngiltərə vətəndaşı arasında bölünüb.

“London Doors Restaurant Group Limited” şirkəti “The Tom Aikens Group Limited” və “The Tom Aikens Group Limited” vasitəsilə Londonda bir neçə restorana sahiblik edir. (Ardı aşağıda)

Triangle qrupu böyüməkdə daxam edir. 2015-ci ilin oktyabrında maliyyə direktoru Tunc Güven-in (75%) iştirakı ilə “Triangle Real Estate Asset Management Limited” şirkəti qurulub.

“Rare International Developments Limited” şirkətini 2015-ci ilin iyununda “Triangle Holdings Limited” (Guernsey; 50%) və “Dado Netherlands BV” (50%) yaradıb.

“AtaHolding”in adamı

Qafar Qurbanov özü haqqında verdiyi məlumatda Azərbaycan Respublikasının Vergilər Nazirliyində çalışdığını qeyd edir. Keçmiş vergi məmurunun özəl sektorda da yüksək vəzifələr tutduğu - 2006-cı ilin noyabrından 2011-ci ilin aprelinədək “AtaHolding” ASC İdarə Heyətinin sədri vəzifəsində işlədiyi, daha sonra isə holdinqin Müşahidə Şurasına üzv seçildiyi, ardınca “Synergy Group” ASC-yə irəlilədiyi bildirilir.

Elə həmin vaxtlardan bəri Qafar Qurbanov “Triangle Group”un İdarə Heyətində təmsil olunur.

Çoxsaylı şirkətlərin idarə olunmasına qatılan 36 yaşlı Qafar Qurbanov 2015-ci ilin oktyabrında qurulan “Oldbourne & Oldbourne Hospitality Limited” şirkətinə də başçılıq edir. "Anglia Real Estate Portfolios limited”in (Guernsey) təsis etdiyi bu şirkətin otelçilik sahəsində çalışacağı güman edilir.

Qafar Qurbanov Litvada maliyyə vasitəçiliyi sahəsində çalışan “4 In” şirkətinin də rəhbəridir.

Vergilər Nazirliyi məmurunun London alış-verişi

Qafar Qurbanovun yolları Vergilər Nazirliyində onunla çiyin-çiyinə çalışmiş Fəxrəddin Qəmbərovla da kəsişir. Sonuncunun kənd təsərrüfatı xammalı və mal-qaranın, toxuculuq xammalı və yarımfabrikatlarının, eləcə də yanacaq, metal filizi və s.-in satışı üzrə biznesi var.

Britaniya qaynaqları Fəxrəddin Qəmbərovun 2009-cu ilin yanvarında “FG Trade İnternational Limited” şirkətini qurduğunu bəyan edir. Bundan sonra sirkətin səhmləri əldən-ələ keçsə də, o, 2013-cü ilin iyununda yenidən həmin qurumun tam sahibinə çevrilir; əvvəlcə səhmlərin 100 faizini “Triangle Investments & Development LTD” şirkətinə ötürülür, bir il ötəndən sonra səhmlərin dörddə biri Fəxrəddin Qəmbərova qaytarılır. 2011-ci ildə 50 faizlik səhm zərfi “Akasa Associates SA” şirkətinin mülkiyyətinə verilir, növbəti il “Triangle Investments & Development LTD” 25 faizlik hissə zərfini Fəxrəddin Qəmbərova qaytarır. Nəhayət, 2013-cü ildə ötür-ötür oyununu başa çatır – o şirkətdən “Akasa Associates SA” da çıxır. Hazırda Fəxrəddin Qəmbərov şirkətin tam sahibidir. Bu illər ərzində şirkətə litvalı xanım direktor - Lina Rimkute rəhbərlik etməkdədir.

Hesabatlara görə, “FG Trade İnternational Limited” şirkətinin ticarəti Körfəz ölkələrinədək uzanır. Onun Qətər dövlətində “FG Capital LLC” törəmə şirkəti də var.

Vergilər Nazirliyinin saytında Fəxrəddin Qəmbərovun adı hələ də vəzifəli şəxs olaraq qalır
Vergilər Nazirliyinin saytında Fəxrəddin Qəmbərovun adı hələ də vəzifəli şəxs olaraq qalır

​Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini işləmiş Fəxrəddin Qəmbərov daha öncə nazirin müşaviri olub və başqa məsul vəzifələrdə də çalışıb. Biznesdə bərkdən-boşdan çıxan məmur 2005-ci ildə Milli Məclisə seçkilərdə də bəxtini sınayıb. O, 103 saylı Gədəbəy seçki dairəsindən deputat seçilməyə yaxın olsa da, Konstitusiya Məhkəməsi onunku da daxil, 6 seçki dairəsinin nəticələrini ləğv edib.

AzadlıqRadiosunun müxbiri Fəxrəddin Qəmbərovun dövlət qulluğunda çalışa-çalışa biznes fəaliyyətiylə məşğul olmasının qanunvericiliyə uyğun gəlib-gəlməməsi haqda sorğusuna bu cavabı alıb:

“Sizin 04.01.16-cı il tarixli məktubunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının vergi orqanlarında Fəxrəddin Qəmbərov adlı şəxs işləmir.

Aparat rəhbəri, vergi xidməti müşaviri Əli Həsənov”.

Nazirliyin saytında isə Fəxrəddin Qəmbərovun adı hələ də vəzifəli şəxslərin siyahısında qalmaqdadır.

XS
SM
MD
LG