Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:52

“Azərbaycan korrupsiya bataqlığında girovdur”


►“Asan Xidmət mərkəzlərinin yaradılması ölkədə məişət korrupsiyasının azalmasına səbəb olub

“Xeyli müddətdir ki, Azərbaycanda korrupsiya idarəetmənin bir prinsipidir. Bütövlükdə hakim elita bu işlə məşğuldur. Azərbaycanda korrupsiyayla mübarizə aparılmır ki, göstəricisi aşağı düşsün. Əksinə, ölkəni idarə edənlər özü korrupsiya mexanizminə rəhbərlik edirlər”.

Bunu AXCP sədri Əli Kərimli Transparency İnternational təşkilatının illik “Korrupsiyanı Qavrama İndeksi 2015” (Corruption Perceptions Index 2015) hesabatına münasibət bildirərkən deyib.

OBYEKTİV ZƏMİN

Hesabatda Azərbaycan korrupsiyaya görə 29 balla “pis” qiymət alıb. Müqayisə üçün, maksimum bal 100-dür, Danimarka, Finlandiya və İsveç 91-90-89 balla ilk üçlükdədir.

Əli Kərimli deyir ki, korrupsiyanın Azərbaycanda daha da güclənməsi üçün xeyli obyektiv zəmin də yaranıb:

“Birincisi, seçkilərin keçirilməməsidir. Azərbaycanda hakimiyyətin taleyi artıq seçkilərdə həll olunmur. Bu da korrupsiyanı çiçəkləndirən əsas faktordur. İkincisi, korrupsiyanı azad mətbuat, vətəndaş cəmiyyəti məhdudlaşdıra bilərdi. Ancaq son illərdə həm azad mətbuat, həm də vətəndaş cəmiyyəti, demək olar ki, məhv edilib. Çox xırda səslər qalıb. Azərbaycanda heç kim korrupsiyayla mübarizə aparmır. Yüz milyonlarla, milyardlarla korrupsiya əməlindən söhbət gedir, hüquq-mühafizə orqanları bu məlumatları bu qulağından alıb o qulağından ötürür. Ancaq hər axşam dövlət televiziyaları yumurta satanlara, hansısa kiçik biznesmenlərə divan tutmaqdan danışır. Azərbaycan korrupsiya bataqlığında girovdur, ölkənin inkişafına ən böyük əngəllərdən biri bu korrupsiyadır. Bu rejim şəraitində Azərbaycanda korrupsiya ilə mübarizə gözlənilmir”. (Ardı aşağıda)

Azərbaycanda yalnız məişət korrupsiyası ifşa olunur
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

İRƏLİLƏMƏ?

Yeni Azərbaycan Partiyasından millət vəkili Bəxtiyar Sadıqov isə araşdırmanın obyektivliynə əmin olmadığını deyir. Onu da əlavə edir ki, indiki hesabatda Azərbaycanın 126-cı pillədən 119-cu pilləyə irəliləməsi ölkədə korrupsiyaya qarşı davamlı mübarizə aparıldığının nəticəsi kimi qiymətləndirilməlidir:

“Bu, il ərzində Azərbaycan iqtidarının gördüyü məqsədyönlü tədbirlərin nəticəsidir. Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi belədir ki, cəzalandırma yox, daha çox qabaqlamaq tədbirləri görülsün. Azərbaycandakı “Asan Xidmət” məmurlarla vətəndaşların birbaşa təmasının qarşısını alır. Bu da korrupsiyaya qarşı mübarizənin qəbul olunmuş ən yaxşı formalarından biridir. Dövlətin addığı addımlar artıq göstərir ki, il ərzində bu, öz nəticəsini verib. Birdən-birə korrupsiyanın kökünü bir ildə kəsmək mümkün olan şey deyil. Amma siyasi iradə var, addımlar atılır.”

Bəxtiyar Sadıqov deyir ki, qabaqlama tədbirləri nəticəsində növbəti illərdə korrupsiyanın səviyyəsinin əhəmiyyətli dərəcədə azaltmaq mümkün olacaq.

KORRUPSİYAYA MÜQAVİMƏT ARTIR

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat əhalinin rəyini öyrənmək üçün mütəmadi sorğular keçirir. Bu sorğularda əhalinin korrupsiyaya qarşı mübarizə müqavimətinin artmasını görürlər:

“Bunu əhalinin dövlət orqanlarına müraciətlərində görürük. 2010-cu ildən əvvəl daha çox anonim müraciətlər olurdu. Əhalidə bir qətiyyət yox idi ki, korrupsiyaya qarşı mübarizə aparsın. Sonralar dövlət orqanlarına müraciət edənlər, rüşvət verənlərin faizlərinin azalması göstərdi ki, əhalinin müqaviməti artıb. Ölkədə korrupsiyaya qarşı mübarizə göz qarşısındadır. Asan Xidmət mərkəzlərinin yaradılması ölkədə məişət korrupsiyalarının azalmasına səbəb olub”.

Vasif Mövsümov deyir ki, son aylar gömrük sahəsində, bir sıra nazirliklərdə keçirilən tədbirlər yuxarılardakı korrupsiyaya qarşı da mübarizənin başlandığını göstərir.

Azərbaycan 2014-cü ilin indeksində 126-cı yeri tutmuşdusa, 2015-in nəticələrinə görə 119-cu pillədə qərarlaşıb. Lakin nəzərə alınmalıdır ki, ötən ilin indeksinə 175 ölkə daxil edilmişdisə, builki reytinq cədvəlində 168 ölkə var.

"Ramiz Mehdiyev Ilham Əliyevin devrilməsinə sevinər"
Gözlə

No media source currently available

0:00 0:07:40 0:00

XS
SM
MD
LG