Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:27

Lənkəranda müəllimlərdən pul yığılır?


Məktəb
Məktəb

-

Əyalətlərdə insanlar son zamanlar hökumətin atdığı bir sıra addımları başa düşmədiklərini deyirlər. Sadə insanlar bildirirlər ki, hakimiyyət onların vəziyyətini yaxşılaşdırmaq üçün bir tərəfdən qanunlar qəbul edir, başqa tərəfdən də məmurlar əvvəlki adətlərini davam etdirirlər.

«ELƏSİ VAR Kİ, ONDAN 70 MANAT ALIRLAR»

Kənd müəllimi Rövşən Əliyev deyir ki, Lənkəran rayonun təhsil şöbəsində maliyyə yoxlaması gedir:

«Lənkəranda müəllimlərin hamısından pul yığırlar. Normalda 20 manat alırlar. Eləsi var ki, ondan 70 manat alırlar. Yoxlama aparırlar. Guya 60 min əskik çıxıb. Məktəblərin direktorlarından tələb edirlər, direktorlar da müəllimlərdən yığırlar».

«KƏND MƏKTƏBLƏRİNDƏN 2 MİN, ŞƏHƏR MƏKTƏBLƏRİNDƏN 10-15 MİN...»

Müəllimin dediyinə görə, pulun yığılmasında heç kimə güzəşt edilmir:

«Kənd müəllimlərindən az alırlar, şəhər məktəblərindən isə çox. Məsələn, elə kənd məktəbi var 2 min alırlar. Eləsi var ki, 3 min 500 alırlar. Şəhər məktəblərində məbləğ daha böyükdür, 10 min, 15 min. Belə rəqəmlərdən söhbət gedir. Müəllimlər narazılıq edirlər, ancaq verirlər. Verməsə müdir müəllimi sıxışdırır. Tutaq ki, məktəbdə 3 riyaziyyat müəllimi var. Elə dərs bölüb ki, hərəsinə çatır. Pul verməsə müdir deyir ki, sənə dərs vermərəm. Onun əvəzini başqa qaydada çıxacaq. Qorxurlar, pul verirlər».

Müəllim deyir ki, korrupsiya idarəsinin «qaynar xətt»inə zəng etmək istəyib. Sonra fikrini dəyişib:

«Açığı, məndən hələ pul istəməyiblər. Ona görə zəng etmədim. İş ondadır ki, məktəblərdən pul yığırlar. Təhsil Nazirliyin «qaynar xətt»i var, ora zəng də vurmaq olur, məktub da yazmaq mümkündür. O qədər məktub yazmışıq ki... Fakt odur ki, indi də yığılır. Heç bir tədbir görülmür. Guya hansısa sahə üçün pul ayırmalı idilər, ayırmayıblar. Mühasibatda səhv ediblər. Nə isə, belə bir işdir. Fakt odur ki, müəllimlərdən pul yığırlar».

Rahim Nuriyev
Rahim Nuriyev

«BƏLKƏ DƏ «QARA KASSA» QOYUBLAR»

Lənkəran Müəllimlər Cəmiyyətin sədri Rahim Nuriyev də deyir ki, rayon Təhsil Şöbəsində yoxlamalar aparılır:

« Məktəb direktorlarını, dərs hissə müdirlərini cərimə edirlər. Hesab verirlər və deyirlər ki, gedin o hesaba köçürdün. Dərslərdə nöqsanlar var. Maliyyə nöqsanları da var. Onlar da gedib köçürdürlər. Aydın məsələdir ki, özləri yox, ondan-bundan yığırlar da. Bəlkə də «qara kassa» qoyublar».

«BELƏ ŞEY YOXDUR»

Lənkəran Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov da rayonda yoxlamaların getdiyini təsdiq edir. Ancaq o, müəllimlərdən pul yığılması haqda deyilənləri yalan adlandırdı.

«Belə şey yoxdur. Yoxlama var, növbəti yoxlamadır. Hər 3-4 ildən bir yoxlayırlar».

Ancaq o, yoxlamanı hansı dövlət qurumunun apardığını söyləmir. Rayonlarda təhsil sahəsi ilə bağlı tez-tez belə söz-söhbətlər eşidilir. İlin əvvəlində sosial şəbəkələr yazırdılar ki, Lerik rayonunda müəllimlər aylıq maaşlarını alarkən 20-25 manatın əskik olduğunu görüblər. Rəsmilər bunu rayonda pulun çatmazlığı ilə izah etdilər. Vəd verildi ki, müəllimlər növbəti ayda maaşlarını tam şəkildə alacaqlar.

7NEW.az saytı isə bu yaxınlarda yazırdı ki, Cəlilabad rayonun müəllimləri 2 aydan çoxdur maaşlarını ala bilmirlər. Ancaq yerli rəsmilər bu deyilənləri təkzib etdilər.

Rayonlarda büdcədən ən çox vəsaitelə təhsil sahələri üçün ayrılır. İşləyən əhalinin böyük hissəsi müəllimlərdən ibarətdir. Müstəqil müşahidəçilər hesab edirlər ki, Lənkəranda məktəblərdən əsassız olaraq pul yığılması müəllimlərin arasında ciddi narazılıq yarada bilər.

XS
SM
MD
LG