Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:24

R.Karadžić məsələsi Xocalını yada salıb


Radovan Karadzic
Radovan Karadzic

-

«Təəssüf ki, Bosniya serblərinin lideri Radovan Karadžić-in məhkəməsinə yetirilən diqqət eyni vaxtda baş vermiş digər vəhşiliyə – 1988–1994-cü illərdə alovlanan Dağlıq Qarabağ münaqişəsinə şamil edilmir. Bu münaqişə nəticəsində 30 min insan həlak olub. Ən böyük vəhşiliksə 1992-ci il fevralın 26-da Xocalıda baş verib».

Bu fikirlər Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) açıqlamasında yer alıb.

Açıqlamanı AZƏRTAC yayıb.

Açıqlamada bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi ilə Serebrenitsa olaylarının əsas fərqi Dağlıq Qarabağ probleminin həll olunmamış qalmasıdır: «BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistan hələ də Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Təqribən 875 min azərbaycanlı Azərbaycan ərazisində məcburi köçkün kimi yaşayır».

Açıqlamada qeyd edilir ki, Xocalı faciəsinə görə hələ də ölkə xaricindən heç kim məhkəməyə cəlb olunmayıb.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter isə deyib ki, indi 613 mülki şəxsin qətlə yetirildiyi Xocalıya diqqət yetirməyin vaxtıdır.

Xocalı faciəsinin beynəlxalq məhkəməyə çıxarılması mövzusu fevralda ölkə parlamentində də müzakirə edilmişdi. Bəzi deputatlar Azərbaycanın beynəlxalq cinayətlərlə bağlı nizamnaməni ratifikasiya etməməsi səbəbindən bunun mümkün olmadığını bildirmişdilər.

Haaqa Tribunalı martın 24-də Radovan Karadžić-ə 1995-cı ildə Serebrenitsa kəndində müsəlmanların kütləvi qətli və insanlığa qarşı digər cinayətlərə görə 40 il həbs cəzası kəsib.

XS
SM
MD
LG