Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:55

Yenidən bahalaşma gözlənilir?


Bakıda İlham Əliyevə dəstək yürüşü - 2008
Bakıda İlham Əliyevə dəstək yürüşü - 2008

-
İqtisadi, siyasi islahatlar, dərman qıtlığı və idxal məhsullarının yenidən bahalaşacağı ilə bağlı iqtisadçı rəyləri bu gün medianın aparıcı mövzularıdır.

İQTİSADİ İSLAHATLAR VƏ SOSİAL RİFAH

«Azərbaycan» qəzetində «İqtisadi islahatlar sosial rifahın yüksəlməsinə xidmət edir» başlıqlı məqalə dərc edilib.

Müəllif yazının əvvəlində qeyd edir ki, yalnız bu ilin birinci rübündə prezident əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən 25-dən çox sənəd imzalayıb.

Yazıda dövlət başçısından belə bir sitat da gətirilir: «Bizim bütün sahələrdə həyata keçirdiyimiz siyasətin əsasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi, güzəranının yaxşılaşdırılması dayanır».

Məqalədə qeyd edilir ki, indi dünyada böhran yaşansa da, Azərbaycan xalqı bunu öz həyatında hiss etmir: «Fevralın 1-dən orta hesabla 10 faiz artan sosial ödənişlər 3.6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edir. Eyni zamanda, əmək pensiyalarının sığorta hissəsi əvvəlki ilin 4 faizlik istehlak qiymətləri indeksinə uyğun artırılıb. Bəzi kateqoriyaya aid hərbi qulluqçuların pensiyaları orta hesabla 23 manat artıb. İlin birinci rübü ərzində 112 min 730 ailəyə, yəni ölkə əhalisinin 5.1 faizinə ünvanlı dövlət sosial yardımı verilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu yardımdan faydalanan ailələrin sayı 3 min 300 vahid çoxalıb. Bu il aprelin 1-də hər ailəyə düşən orta aylıq yardım məbləği ötən ilə nisbətən 5.6 faiz çoxalaraq 151 manat olub».

Qubad İbadoğlu
Qubad İbadoğlu

ƏRZAQ MALLARI BAHALAŞACAQ

«Yeni Müsavat» qəzeti isə ölkədə yenidən dolların möhkəmlənməsini və onun mümkün nəticələrini iqtisadçı Qubad İbadoğlu ilə təhlil edib.

Q.İbadoğlu qəzetə deyib: «Dolların yenidən bahalaşması sübut etdi ki, Mərkəzi Bank öz yanaşması ilə milli valyutanın məzənnəsini tənzimləməkdə davam edir. Bütün bunlar iqtisadi siyasətlə əlaqələndirilmir, bankın istəyi ilə baş verir».

Q.İbadoğlu uzun müddət dolların bahalaşmasını labüd sayır. O deyir ki, Mərkəzi Bank manatı gücləndirməklə ona inamı artırmaq istəyir. İqtisadçının düşüncəsinə görə, bu, inzibati yolla mümkün deyil: «Hökumətin manatın möhkəmlənməsi üçün atdığı addımlar indiki situasiyada heç bir effekt verməyəcək. Əksinə, dollar bahalaşarsa, bir çox sahələrdə qiymətlər artacaq. İlk olaraq bahalaşma anonsunu supermarketlər verdi. Əgər hökumət bu müraciətə real addımlarla cavab verməsə, onlar bahalaşmaya gedəcəklər. Bu bahalaşma istehlak bazarında müşahidə olunacaq. Xüsusən idxal məhsullarında və ərzaq bazarında bahalaşma qaçılmazdır».

İlham Əliyev
İlham Əliyev

PLAN YOX, SİYASİ İRADƏ LAZIMDIR

«Azadlıq» qəzeti dövlət başçısı İlham Əliyevin bu günlərdə imzaladığı «Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üzrə Milli Fəaliyyət Planı»nı dəyərləndirib.

«Əliyevin «Milli Fəaliyyət Planı» nəyi dəyişəcək?» sərlövhəli məqalədə planın icrası sual altına alınır. Müəllifin fikrincə, 23 il hakimiyyətdə olan qüvvələrin ASAN Xidmətdən başqa heç bir uğuru olmayıb. Məqalədə qeyd edilir ki, əslində, ASAN Xidmətin fəaliyyəti elə hökuməti ifşa edir: «Etiraf edilir ki, bütün sahələrdə şəffaflıq yaratmaq olar. Sadəcə, hökumət bunu istəmir. Hakimiyyət bütövlükdə ASAN Xidmətə keçməyincə, heç bir fəaliyyət planı nəticəni dəyişə bilməz. Görünən neqativləri aradan qaldırmaq üçün «Milli Fəaliyyət Planı»na yox, siyasi iradəyə ehtiyac var. Yeni fəaliyyət proqramının təsdiqi növbəti imitasiyadır, real islahatlardan xəbər vermir. Açıq həqiqətləri gizlətməklə məşğul olan hökumət, açıq hökumətin təşviqinə nail ola bilməz».

Dərman
Dərman

RƏQABƏT MÜHİTİ YARADILMALIDIR

«Bizim Yol» qəzeti isə hökumətin dərman preparatlarının qiymətlərinin tənzimləməsi siyasətindən bəhs edir. Yazıda bildirilir ki, bu siyasətdən sonra bir çox dərmanları apteklərdə tapmaq müşkülə çevrilib.

«Nə pul var, nədə ki dərmanlar…» adlı məqalədə bu məsələlərlə bağlı ekspert fikirləri də təqdim edilib.

Professor Adil Qeybulla bəzi preparatların adlarının xüsusi reyestrlərə salınmasını təklif edir.

İqtisadçı Natiq Cəfərli isə bəzi dərmanların ölkədə tapılmamasının səbəblərini belə izah edir: «Dünyanın heç yerində hökumət bu qədər bazara müdaxilə etmir. Hökumətin əlində olan alətlər tamamilə fərqlidir. Dövlət qurumları çalışmalıdır ki, bazarda kifayət qədər dərman firması olsun ki, rəqabət mühiti yaransın. O zaman firmalar rəqabətə görə bazara uyğunlaşacaqlar».

Natiq Cəfərli, üstəlik, 17 ildir yubadılan tibbi icbari sığortanın reallaşdırmasını təklif edir. Onun fikrincə, daha bir çıxış yolu dərman şirkətlərinə tətbiq edilən vergilərin azaldılması ola bilər. «Dərman şirkətlərinə gömrük rüsumu, Əlavə Dəyər Vergisi tətbiq etməklə avtomatik olaraq qiymətlər 34 faiz bahalaşır. Hökumət bunu aradan qaldırmaqdansa, sovetdən qalma idarə üsulları ilə qiymətləri tənzimləmək istəyir».

XS
SM
MD
LG