Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:34

Xədicə İsmayılın vəkillərinə "yox" dedilər


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Xətai rayon məhkəməsi mayın 11-də vəkil Yalçın İmanovun 4 saylı cəzaçəkmə müəssisəsinə qarşı şikayətini təmin etməyib.

Şikayət məhkəmə nəzarəti qaydasında verilmişdi və ona hakim İbrahim İbrahimli baxıb.

Şikayət 4 saylı cəzaçəkmə müəssisəsində saxlanan Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın vəkillərinin, sənədlərinin giriş və çıxışda axtarışa məruz qalmasının müdafiə hüququnun pozuntusu kimi tanınması ilə bağlı idi. Habelə, dəymiş ziyana görə, maddi təzminat istənilirdi.

4 saylı cəzaçəkmə müəssisisəsini məhkəmədə rəis müvaini Hikmət Kazımov və müəssisənin əməliyyət bölməsinin rəiis Vaqif Əyyubov təmsil edib.

Vəkilin sözlərinə görə, məhkəmə işə mahiyyəti üzrə baxıb, tərəfləri dinləyib, şikayəti araşdırıb. Ancaq, müşavirədən sonra elan etdiyi qərarda şikayətin icraata qəbul edilməsindən imtina etdiyini elan edib.

Vəkil Y.İmanov bunu, eləcə də Xədicə İsmayılın digər vəkillərin müəssisə əməkdaşının dindirilməsinə dair vəsatətlərinin təmin edilməməsini qanunsuz hesab edir.

Yalçın İmanov
Yalçın İmanov

Y. İmanovun deməsinə görə, V.Əyyubov prosesdə bildirib ki, onlar vəkilləri və Xədicə İsmayılı əldə etdikləri əməliyyat məlumatları əsasında yoxlayıblar. Onun iddiasına görə, X.İsmayılın və vəkillərin yoxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar da var. Lakin Eyyubov bu sənədi məxfi olması adı ilə məhkəməyə verməkdən imtina edib.

Y. İmanov hakimin şikayətə mahiyyəti üzrə baxdıqdan sonra işi icraata qəbul etməkdən imtina etmə qərarı çıxarmasının qəribə olduğunu da qeyd edib.

Xədicə İsmayıl və vəkilləri 4 saylı cəzaçəkmə müəssisəsinin giriş-çıxışında davamlı olaraq axtarışa məruz qalmalarının müdafiə hüququna zidd olması arqumenti ilə məhkəməyə müraciət etmişdilər.

Xədicə İsmayıl iqtisadi ittihamlarla 7 il yarım həbs cəzasına məhkum edilib. Jurnalist ittihamları rədd edir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.

“Amnesty International” Xədicə İsmayılı vicdan məhbusu elan edib. Hökumət isə ölkədə siyasi və ya vicdan məhbusunun olmadığını deyir.

XS
SM
MD
LG