Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:00

"Gör bir nələri sökürlər! Biz narahatıq, cənab prezident"


Kəmalə Abiyeva
Kəmalə Abiyeva

-

Biz istənilən turisti bu yerlərə dəvət edib 19-cu əsrin Bakısı ilə tanış edə bilərdik…

Ensiklopediyada Çadrovı küçəsi haqda məlumat
Ensiklopediyada Çadrovı küçəsi haqda məlumat

Bakıda tarixi əhəmiyyətli tikililərin sökülməsilə bağlı son qərardan narahat olan vətəndaşlar, ziyalılar ölkə başçısına müraciət ünvanlayıblar.

Müraciətin təşəbbüsçüsü və mətnini yazan pedaqoq, Yazıçılar Birliyinin üzvü Kəmalə Abiyevadır. Qısa müddətdə 300-dək imza toplanıb və açıq məktub sosial şəbəkələrdə yayılmaqdadır.

"Biz hər birimiz bu dövləti sevən, bu torpağı VƏTƏN bilən Azərbaycan vətəndaşıyıq" cümləsilə başlayan müraciətdə daha sonra deyilir:

"Hal-hazırda elə binalar sökülür, dağıdılır ki, onlar tariximizdi - onlar tarixi abidələrdi. Tarixi abidələrin qorunması haqqında qanunun ikinci maddəsində deyildiyi kimi: “Tarix və mədəniyyət abidələri (bundan sonra — abidələr) arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir”.

Bu yaxınlarda Azərbaycanın böyük sənətkarı Abbas Mirzə Şərifzadənin evi sökülərək həmin dəyərlərdən biri məhv edildi. Bu binanın üç əsrlik yaddaşı vardı. Qanuna görə tarixi şəxsiyyətlərlə bağlı binalar, xatirə yerləri qorunmalıydı…

Qanunun ikinci maddəsinin "b" bəndində bu haqda yazılmasına baxmayaraq, Bakının müxtəlif yerlərində aparılan söküntü işləri illərdi davam edir. Şəhərin mərkəzində, “Sovetski” adlanan yerdə, ənənəvi məhəllələri ifadə edən evlər, qanuna görə memarlıq abidələri sayılan binalar, məhəllələr dağıdılır.

Yasamal rayonunun başqa bir yerində, Murtuza Muxtarov 83 küçəsində “Yuğ” teatrının yerləşdiyi tarixi bina da eyni aqibətlə üzləşdi. O binanın əsası 1888-ci ildə qoyulmuşdu. On doqquzuncu əsr Azərbaycan memarlığını ifadə edirdi.

Fərəculla hamamı kimi tanınan həmin binanın turizm üçün də əhəmiyyəti vardı. Biz istənilən turisti bu yerlərə dəvət edib 19-cu əsrin Bakısı ilə tanış edə bilərdik…

İndi də milyonçu Ağabala Quliyevin evinin söküləcəyi haqda xəbərlər yayılıb. Biz çox narahatıq, Cənab Prezident.

Tarixi abidələrin qorunması haqqında qanunun ikinci maddəsinin b bəndinə əsasən bu tikililər, iç-içə evlər, dalanlar memarlıq abidələri kimi qorunmalıdı:

"b) memarlıq abidələri — öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları; məskənsalma (şəhərsalma) abidələri;

ərazisinin əksər hissəsi memarlıq, tarixi-mədəni sənətkarlıq abidələri və tikililər ilə tutulan, ənənəvi məhəllələrə bölünən, bəzən də qala divarları ilə əhatə edilən, küçə şəbəkəsini və mühəndis kommunikasiyalarını qismən saxlayan yaşayış məntəqələri, bağ-parklar, xiyabanlar, incəsənət nümunələri; yeni yaranmış memarlıq abidələri; öz həcm-plan, bədii-estetik, istismar-funksional və texniki-konstruktiv həllinə görə uzun ömürlü memarlıq binaları və qurmaları; kiçik memarlıq formaları; monumentlər, obelisklər, fəvvarələr, şəlalələr, bulaqlar, hovuzlar, köşklər və ərazidə xüsusi mövqe tutan başqa yaradıcılıq obyektləri..."

Prezidentə müraciət belə tamamlanır: "Bu dövlətin başçısı kimi sizdən acizanə xahiş edirik, muzey kimi qorunmalı olan, tarixi tikililərin, binaların, məhəllələrin sökülməsinin qarşısını alasınız. Yoxsa Bakımız məhv olacaq. Heç olmasa qalanları xilas edək."

XS
SM
MD
LG