Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:28

Ən təhlükəli sürüşmə Ağsu aşırımında, Basqalda və Zığdadır


►“Əgər sürüşmənin 20-30 metlik qalınlığı varsa, divarın çəkilməsi mənasızdır”

Son günlər Azərbaycan ərazisində sürüşmə zonalarının sayı artıb. Həmin ərazilərdəki aktivliyin səbəbi nədir, səviyyəsi və törədə biləcəyi fəsadlar nə ola bilər?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bu haqda AzadlıqRadiosuna danışır:

Ələmdar Piriyev: Ən təhlükəli sürüşmə Ağsu aşırımında, Basqal ərazisində və Zığdadır
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

– Son günlərin sürüşmələrinin bir səbəbi intensiv yağışlardır. Kiçik Qafqaz ərazisində elə də böyük sürüşmələrə təsadüf olunmur. Əsas sürüşmə sahələri Böyük Qafqazdadır. Onun da əsas səbəbi atmosfer çöküntülərinin təsirindən yaranan prosesdir.

– Hazırda ölkə ərazisində əsas sürüşmə əraziləri hansı bölgələrdə yerləşir?

– Əsasən İsmayıllı rayonunda, Quba-Xınalıq zonasında, Şamaxı - Ağsu, Lerik-Astara rayonlarında sürüşmə prosesi aktivdir.

– Bu aktivlik təhlükəli həddədirmi?

– Bəli. “Təhlükəlilik” deyəndə Ağsu aşırımında sürüşmə prosesi davam edərsə, yol çox ağır vəziyyətə düşər. Buna xeyli xərc tələb olunur. Ya da İsmayıllı ərazisindəki Basqal yolunun 10 kilometrliyində hardasa, 1 kilometrə yaxın uzunluğunda, 300-500 metr enində sürüşmə baş verib. Kənddə 7 nəfərin evinə xeyli ziyan dəyib. Həmin evlərin sakinləri köçürülüb.

____________________________________________________________

Bunlara da bax:
Rusiyada üçtərəfli Qarabağ sammiti?
“Nefti bahalaşdıran səbəblər qalıcı deyil”

____________________________________________________________

– Sürüşmənin qarşının almaq üçün hamarlama işləri, divar çəkmək mümkündür, yoxsa artıq bunun təsiri olmur?

– Bu, zəlzələ kimi bir prosesdir. Olub-olmayacağını da heç kimdən soruşmur. Yağış yağır, çöküntülər torpağa hopur, ağırlıq qüvvəsinin təsirindən yamac boyu hərəkət edir. Əgər sürüşmənin 20-30 metlik qalınlığı varsa, divarın çəkilməsi mənasızdır. Ona görə də qarşısını almaq mümkün deyil. Kiçik bir sahə olsa, ya da az qalınlığı olsa, istinad divarı çəkmək olar. Necə ki, Bakı Beynəlxalq Avtovağzalında istinad zolağı hərəkət eləyib yerini dəyişmişdi. 10 metr dərinliyində başqa bir divar hördülər. Həmin ərazidə sürüşmə tam sakitləşdi, proses də tam dayandı.

– Bakıda əsas sürüşmə sahələri hansılardır?

– Bakıdakı əsas Bayılda, Badamdarda, Zığda, Günəşli ərazisində sürüşmə sahələri var. Biz hər ay bu sahələrdə monitorinq keçiririk.

– Adını çəkdiyiniz ərazilərdə əhali yaşayır. Bu, onlar üçün təhlükə yaratmırmı?

– Həmin sahələr təhlükəlidir. Məsələn, götürək Zığda, orada tikilən evlərin heç birinin sənədi yoxdur. Heç bir müvafiq təşkilatlardan icazə, arayış alınmayıb. Sürüşmə sahəsidir, evləri o blokun üstündə tikiblər. O blok da hərəkət edir. Hardasa 60-a yaxın ev tamamilə pis vəziyyətdədir. Oradakı əhali köçürülməlidir. Əhalinin bir hissəsi dövlət tərəfindən köçürülüb.

– Ancaq orda hələ də yaşayış var.

– Bəli, yaşayış var. Onlar da yavaş-yavaş köçürülməlidir. Ancaq eləsi də var ki, yenə tikirlər, biz orda monitorinq keçiririk,. Bu yaxınlarda Nazirlər Kabinetinin belə bir sərəncamı çıxdı ki, əgər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin icazəsi olmasa, orada tikinti aparmaq qəti qadağandır.

– Əgər qadağan olunmuş ərazidirsə, bəs necə ev tikirlər, bu, necə baş verir?

– Bunun necə baş verdiyini mən deyə bilmərəm. Biz ancaq ordakı geoloji prosesi öyrənirik. Yəqin ki, yerli icra nümayəndələri, bələdiyyələr buna yol verməzlər.

– Bəs, o ev sahiblərinə icazəni kim verir?

– Onu deyə bilmərəm. Hardan icazə aldıqlarını bilmirəm. Bizim səlahiyyətimiz ancaq geoloji prosesləri öyrənməkdir.

– Torpaq sürüşmələri geoloji fəlakətlərin ən təhükəli növlərindən biridir. Azərbaycanda təhlükənin səviyyəsi necədir?

– Bizdə böyük fəlakətlər, ölümlər doğuracaq sahələr yoxdur. Ərazimiz də kiçikdir. Demək olar ki, təhlükəli ərazilərdə kəndlər, şəhərlər salınmayıb. Bizdəki lokal sürüşmə sahələridir. Maksimum təhlükəli ərazi Basqal yolundakı 1 kilometr uzunluğundakı qırılma yaranan ərazidir. Bir də ən böyük sürüşmə ərazisi Ağsu aşırımındadır. Ona görə də o yollar hər an o vəziyyətə düşür. Tamamilə əzilir, ovulur, dağılır. Təmir eləyirlər, yenə olur. Zığ təhlükəlidir. Ordakı ərazi qədim sürüşmə sahəsidir. Digər ərazilər isə lokal sürüşmə ərazilərdir. Həmin yollarda uçqunlar, kiçik çökmələr, sürüşmələr olur. Böyük sahələri əhatə eləmir.

XS
SM
MD
LG