Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:47

'Rusiya-Azərbaycan alyansı göründüyündən daha zəifdir'


İ.Əliyev və V.Putin
İ.Əliyev və V.Putin

«Son illər Rusiya Azərbaycana silah ixracını artırıb. Təhlilçilərin çoxu bu fikirdədir ki, avqustun 8-də Bakıda keçirilmiş Putin-Əliyev sammiti Moskva-Bakı alyansının möhkəmlənməsinin başlanğıcıdır. Amma bu, şişirdilmiş yanaşmadır. Bu alyansın iki ölkənin geosiyasi nüfuzunu gücləndirməyə yönəlik müvəqqəti bir nikah olmasını göstərən xeyli dəlil var». «The Huffington Post» qəzetində Samuel Ramani Rusiya-Azərbaycan tərəfdaşlığının real durumunu təhlil edir.

NADİR FENOMEN

Müəllif yazır ki, Azərbaycanın son zamanlar Moskvayla iqtisadi və hərbi tərəfdaşlığı yeniləməsinə baxmayaraq, bu ölkənin xarici siyasətdə neytrallığı qoruması və Rusiyanın Ukraynadakı hərbi fəaliyyətini tənqid etməsi Moskva-Bakı tərəfdaşlığını məhdudlaşdırır. Rusiya Əliyevin davranışına Azərbaycana hərbi yardımın həcmini tənzimləməklə cavab verib.

Buna da bax-Azərbaycan Rusiyayla İranı ələ alır

Müəllif yazır ki, Azərbaycanın balanslaşma strategiyası nəticəsində Putin Bakının niyyətlərinə elə də inanmır. 2003-cü ildə prezidentlik postunu atasından almış İlham Əliyev həm Rusiya, həm də Qərblə münasibətləri saxlayır. Azərbaycanın neytrallığı postsovet regionunda nadir fenomendir. Moldova, Ukrayna və Türkmənistanı çıxmaqla, Azərbaycan yeganə MDB ölkəsidir ki, NATO-nun, Rusiyanın rəhbərlik etdiyi KTMT-nin, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Birliyinin üzvü deyil.

OPPORTUNİST ÖLKƏ?

Azərbaycan bir sıra beynəlxalq münaqişələrdə vasitəçi rolu oynamağa başlayıb. Türkiyənin baş naziri Binali Yıldırım bu ölkəyə Türkiyə-Rusiya münasibətlərinin normallaşmasındakı roluna görə təşəkkür edib. Yerli təhlilçilər Bakının Rusiya-Gürcüstan münaqişəsində, qaz ixracı üzrə Rusiya-Türkmənistan qarşıdurmasında vasitəçi ola biləcəyini deyirlər.

«Əliyevin balanslaşdırma siyasəti ölkənin beynəlxalq statusunu gücləndirsə də, Rusiyayla davamlı alyans qurmasını çətinləşdirib. Bakının beynəlxalq məsələlərdə birmənalı mövqe tutmaması səbəbindən Putin Azərbaycana opportunist, nəyin bahasına olursa olsun, ticarət dövriyyəsini və geosiyasi nüfuzunu artırmağa çalışan ölkə kimi baxmağa başlayıb», - müəllif yazır.

RUSİYA DA HEYFİNİ ÇIXIR

Məqalədə qeyd olunur ki, Putin-in Azərbaycanın sadiqliyi sarıdan narahatlığı Bakının Türkiyə-Rusiya yaxınlaşmasından qazanc götürməsini də əngəllədi. Moskva-Ankara gərginliyi yaşanarkən, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini hazırladı, məqsəd Bakıdan Avropa Birliyinə təbii qaz ixracını artırmaqdı. Əvəzində də, Rusiya indi Azərbaycanın Avropaya enerji təchizatçısı rolunu kiçiltməyə çalışır. Rusiya qazını Türkiyəyə çatdıracaq «Türk Axını» kəmərinin də hədəfi budur. «Azərbaycandan Avropaya qaz ixracının azalması ölkədə valyuta böhranını kəskinləşdirə, hökumətə qarşı ictimai itaətsizliyi artıra bilər», - yazıda vurğulanır.

Buna da bax- 'Putin Azərbaycana 5 yox, 2 rayonun qaytarılmasını təklif edib'

Azərbaycanın Ukraynayla münasibətlərinə diqqət çəkən müəllif qeyd edir ki, Bakının Krım məsələsində Kiyevi dəstəkləməsi Qərbi bu ölkədə insan haqları pozuntularına göz yummağa sövq edib, amma eyni zamanda, Rusiyayla əməkdaşlıq perspektivlərinə böyük ziyan vurub.

YEREVANIN QƏZƏBİ, ƏLİYEVİN TAKTİKİ QƏLƏBƏLƏRİ

Müəllif Rusiyanın Dağlıq Qarabağda aprel toqquşmalarındakı mövqeyini Rusiya-Azərbaycan alyansının çiçəklənməsi sayanlardan da söz açır. Azərbaycanın apardığı əməliyyatların Rusiya tərəfdən pislənməməsi Moskvanın bundan öncədən xəbərdar olmasıyla bağlı spekulyasiya yaratdı. Rusiyanın neytral mövqeyi erməni millətçiləri qəzəbləndirdi, ölkədə antirusiya etirazları keçirildi. Azərbaycan isə bu durumdan yararlanaraq Moskvayla əlaqələri intensivləşdirdi.

Amma müəllif qeyd edir ki, Ermənistanda Rusiyaya qarşı iğtişaşlara baxmayaraq, Moskva kəskin şəkildə Azərbaycana tərəf çönən deyil. Bakının silah idxalının 85%-i Rusiyadan gəlir, amma Rusiya indiyədək bu ölkəyə Dağlıq Qarabağda həlledici qələbə qazandıracaq hərbi dəstək verməyib. «O qədər silah verib ki, Əliyev kiçik, taktiki qələbələr qazanaraq millətçiləri hakimiyyəti ətrafında toplaya bilsin».

STATUS-KVO QALACAQ

Yazıda o da vurğulanır ki, Rusiyanın KTMT çərçivəsində təhlükəsizlik öhdəliklərinin möhkəmliyini dünyaya nümayiş etdirmək həvəsi də Rusiya-Azərbaycan alyansının formalaşmasını əngəlləyəcək. Digər tərəfdən, Ermənistanı sakitləşdirməyə çalışan Putin Moskva-Yerevan təhlükəsizlik tərəfdaşlığını bərpa etməyə çalışır. Rusiya ordusu erməni əsgərlərə təlim keçəcək və s.

«Rusiyayla Azərbaycanın iqtisadi və hərbi sahələrdə geniş əməkdaşlığına baxmayaraq, bu tərəfdaşlıq hərtərəfli alyansa çevrilməyəcək. Azərbaycanın balanslaşdırma siyasəti və Rusiyanın xarici siyasətini tənqid etməsi həmin alyansı əngəlləyir. Rusiyanın Ermənistana təhlükəsizlik öhdəlikləri də Putin-in Azərbaycana tam qucaq açmasına imkan vermir. Beləliklə də Rusiyanın Bakıyla hər hansı öhdəliklərdən azad əməkdaşlığı davam edəcək. Bu da Cənubi Qafqazda elə də asan olmayan status-kvonun illər boyu saxlanmasını təmin edəcək».

XS
SM
MD
LG