Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:32

Banka borclu qalanların hansı hüquqları var - Ekspert izah edir


Əkrəm Həsənov
Əkrəm Həsənov

►Borclu vətəndaşla borclu bankın fərqi

“Kiminsə banka borcu varsa deyirlər: “Canın çıxsın, ver”. Amma bankın borcu olanda heç kim onu təqib etmir”

Borclu borclunun... sağlığını istər. El məsəlində belə deyilir. Amma təxminən 20 gün öncə Mübariz Bayramov adlı sıravi vətəndaş bildirdi ki, bank əməkdaşı borcunu ödəməsi üçün onun sağlamlığını risk altına qoymasını tövsiyə edib, ondan böyrəyini sataraq borcunu ödəməsini istəyib. Bayramovun iddiasına görə, bu məqsədlə özəl klinikaya da müraciət edib.

...Vergilər Nazirliyi isə borca görə 410 şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyub.

Azərbaycanda vətəndaşların borclanması artır. Bəs kredit borcunu, vergi borcunu qaytartmaqdan ötrü hansı konkret üsullara əl atılır? Bunlar nə dərəcədə qanunidir? Qanun vergini və ya kredit borcunu ödəyə bilməyən şəxsə hansı hüquqları tanıyır?

İqtisadçı Əkrəm Həsənovla söhbətimiz bu haqdadır:

Banka borclu qalanların hansı hüquqları var - Əkrəm Həsənov izah edir
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00
Direct-ə keçid

– İstənilən şəxs borcunu yalnız əmlakı ilə ödəyə bilər. Söhbət vergidən getmir. Burda fərq qoymaq lazımdır. Vergini ödəməkdən yayınan şəxs inzibati məsuliyyətə də cəlb edilə bilər, cinayət məsuliyyətinə də. Vergi gəlirdən, əmlakdan tutulur. Deməli, gəlir, əmlak var ki, ödənilməsi istənilir. Vətəndaş da bunu ödəməkdən yayınırsa, bu halda verginin məbləğindən, ödənmədiyi dövrdən asılı olaraq inzibati qaydada sanksiyalar tətbiq oluna və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. Ən yüngül forma ölkədən çıxışına qadağa qoymaqdır. Vergi borcu ilə bağlı belədir. Vətəndaşın banklara, bank olmayan kredit şirkətlərinə, yəni lombarda, dükana borcu varsa, şəxsin yalnız əmlak məsuliyyəti olur. Əmlakı, əməkhaqqı varsa, borc ordan tutulmalıdır. Və ya avtomobilindən, torpağından.

Buna da bax: Həbsxanadan ‘Qaynar xətt’ə məktub

– Ya da evindən?

– Evindən o halda tutula bilər ki, birdən artıq evi olsun. Yəni bir evi varsa, ondan borc tutula bilməz. Əgər vətəndaşın ümumiyyətlə, əmlakı yoxdursa, vəssalam, borc tutulmayacaq. O borc qalır və əmlakı olacağı təqdirdə tutulacaq, yəni bir il sonra, beş il sonra, bəlkə də heç vaxt. O borc üzərindən götürüləcək.

– Bəs borca görə cinayət məsuliyyətinə cəlb oluna bilməzmi?

– Bu o halda mümkündür ki, vətəndaş borcu üzrsüz səbəbdən ödəmir, yəni gəlirini gizlədir. O zaman vətəndaş inzibati şəkildə məsuliyyətə cəlb edilə, həbs oluna, azadlıqdan məhrum edilə bilər. Bununla bağlı Cinayət Məcəlləsində cəza da nəzərdə tutulur, ölkədən çıxışına da qadağa qoyula bilər. Amma yenə deyirəm, bu məhkəmə prosesində sübut edilməlidir ki, əmlakı və ya aylıq gəliri ola-ola borcu ödəmir. Bir vacib məqam da var burda. Borcun ödənilməsi ilə bağlı məhkəmə qərarı olmalıdır! Yəni borcu olduğu bank onu məhkəməyə verirsə, bank məhkəməni udursa, rəsmi qətnamə qüvvəyə minir ki, filankəsin filan banka borcu var və ödənilməlidir. Özü də qanun demir ki, borca görə məsuliyyətə cəlb edilə bilər, yox, üzrsüz səbəbdən məhkəmə qərarını yerinə yetirmirsə, cəzalandırılır, ya sanksiya tətbiq edilir, ya da xaricə çıxışına qadağa qoyulur. Amma təəssüf ki, bu gün Azərbaycanda əksini görürük. Kobud çıxmasın, borcu olanın hamısının xarici çıxışına partapart qadağa qoyulur. Vətəndaş banka və ya başqa quruma borcunu ödəyə bilmirsə, məhkəməyə rəsmi təqdimat gedir və ölkədən çıxışa qadağa qoyulur. Məhkəmə də ayırd etmir ki, üzrlü səbəbdən ödəmir, ya üzrsüz səbəbdən. Bəzi hallarda inzibati qaydada 5 sutka, 10 sutka, bir dəfə hətta 15 sutka vətəndaşı həbs etmişdilər. Amma bu praktika elə də geniş yayılmayıb. Çünki bu həbslər qanunsuzdur. Məhkəmə səbəbi araşdırmamışdı. Hətta mən deyərdim ki, dolayısı ilə ədliyyə sistemimiz vergi sistemimizə böhtan atmışdı.

Buna da bax: 'Zamin durduğum şəxs öldü, indi mənim yaxamdan yapışıblar'

– Necə yəni?

– Vətəndaşın gəliri varsa, ilk növbədə vergi borcunu ödəməlidir. Vergi orqanları onu vergiyə cəlb etməyiblərsə, belə çıxır ki, ədliyyə sistemi vətəndaşın gəlirini gizlətdiyini və vergi orqanlarının da bundan xəbərsiz olduğunu iddia edirlər. Halbuki belə şey yoxdur.

– Bu günlərdə belə bir iddia səsləndi ki, bank borclu müştərisinə “böyrəyini sat, borcunu ödə” deyib. Bank vətəndaşı bu cür basqı altında saxlaya, onun həyatını riskə ata bilərmi?

– Yox, əlbəttə. Bankın ixtiyarı bircə ona çatır ki, məhkəməyə müraciət etsin, iddia qaldırsın. Yəni vətəndaşı döyməyə, söyməyə, qorxutmağa, yəni “filan şeyi sat” deməyə haqqı yoxdur. Sadəcə, məhkəməyə verə bilər. Məhkəmə ayırd etməlidir ki, borc var, ya yox. Borc varsa, məbləği müəyyənləşdirilməli, bu haqda qərar çıxarılmalıdır. O borcun qaytarılması yenə də bankın işi deyil. İcra məmuru sübut etsə ki, vətəndaşın gəliri var, ancaq borcunu ödəmir, o cəzalandırıla bilər. Gəliri, əmlakı yoxdursa, borclu vətəndaş tutula və ya ona sanksiya tətbiq edilə bilməz.

– Yəni borc bağlanır?

– Borc bağışlanmır. Ola bilər, bir müddət sonra əmlakı, gəliri olsun, onda borc tutulacaq. Olmayanda da olmayacaq da. Eyni qayda banklara tətbiq olunur. İlin əvvəlindən 10 bankımız bağlanıb. Həmin banklarda vətəndaşların xeyli əmanəti batıb. Əmanət də bankın vətəndaşa borcudur. Bank qaytara bilməyəndə ona neyləyirlər? Azərbaycanda qeyri-adi vəziyyət var, kiminsə banka borcu varsa, deyirlər: “Canın çıxsın, ver”. Amma bankın borcu olanda heç kim onu təqib etmir, əslində, bankın yaranmış vəziyyətdə günahı yoxdursa, düz edirlər. Sadəcə dediyim odur ki, məhkəmə adətən, birtərəfli mövqe tutur, vətəndaş borclu olanda təqib edilir, amma bank borclu olanda təqib edilmir.

XS
SM
MD
LG