Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:23

'Əliavtomatlı polislərin qarşısında necə nunçaq oynada bilərdim?'


Nardaran əməliyyatı
Nardaran əməliyyatı

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Ramil Salmanov məhkəmədə deyib ki, təqsirləndirilən Cahadın bir əlində nunçaq o biri əlində qumbara olub.

“Hesab edirəm ki, Vəkillər Kollegiyasına şikayətiniz “Nardaran işi”nə çıxan vəkillərə təzyiq məqsədi daşıyır. Əgər müdafiə etməyimizi, bu işdə vəkilliyin olmasını istəmirsinizsə, bunu açıq şəkildə deyin. İstəyirsiniz ki, istintaqda işgəncələrə göz yuman... vəkillər kimi biz də yola verək? Şəxsən öz adımdan deyirəm ki, mən belə iş görə bilmərəm…”.

“Nardaran işi” üzrə vəkillərdən biri - Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırovun da müdafiəçisi Yalçın İmanov sentyabrın 28-də keçirilən məhkəmə iclasında belə deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Sentyabrın 23-də keçirilən məhkəmə iclasında baş verən insidentdən (təqsirləndirilən Abbas Hüseynovun prosesdən uzaqlaşdırılmasından və bununla bağlı digər təqsirləndirilənlərin məhkəmə zalında “Azadlıq!”, “İstefa!” şüarları ilə etirazından) sonra Əlövsət Abbasov həmin iclasa qatılan vəkillər haqqında tədbir görülməsi üçün Vəkillər Kollegiyasına müraciət edib. Bu səbəbdən sentyabrın 30-da həmin vəkillər, o cümlədən Cavad Cavadov, Yalçın İmanov, Fariz Namazlı Vəkillər Kollegiyasına çağrılıblar.

Buna da bax:​ Polis: 'Bir əlində bıçaq, birində beşbarmaq, sağ cibində qumbara, sol cibində kitabça vardı'

“Şikayətdə məhkəmədə olanlar təhrif edilib”

Yalçın İmanov bildirib ki, hakim öz müraciətində məhkəmədə baş verənləri təhrif edib. O, həmin səbəbdən vəsatət qaldıraraq, bugünkü prosesdə (sentyabrın 28-dəki iclas nəzərdə tutulur) 22-23 sentyabrda keçirilmiş məhkəmə iclasının protokolları ilə tanış olmasına şərait yaradılmasını istəyib:

“Biz Abbas Hüseynovun məhkəmə zalına qaytarılması haqda vəsatətdə göstərmişdik ki, müdafiə etdiyimiz şəxslər vəsatət təmin olunmayacağı təqdirdə şahidlərin dindirilməsi prosesində iştirak etməməyi, onlara sual ünvanlamamağı, susqunluq nümayiş etdirməyi tələb edir. Amma şikayətdə yazılıb ki, guya biz “vəsatət təmin olunmasa, dindirmə prosesində iştirak etməyəcəyik” demişik”.

Vəkil qaldırdığı vəsatətdə Vəkillər Kollegiyasına ünvanlanmış müraciətin surətinin də müdafiəçilərə təqdim olunmasını istəyib.

Hakim Əlövsət Abbasov bildirib ki, müraciətlə ancaq Vəkillər Kollegiyasında tanış ola bilərlər. Protokollara gəlincə, hakim deyib ki, protokollar hələ hazır deyil, nə vaxt hazır olsa, o zaman tanış ola bilərlər.

Hakimin sözlərinə Yalçın İmanovun reaksiyası belə olub: “Qanuna görə, məhkəmə iclas protokolları iclas bitəndən sonra 3 gün ərzində hazır olmalıdır. Artıq beş gün keçib”.

Buna da bax:​ 'Nardaran işi' məhkəməsində 'Azadlıq!', 'İstefa!' şüarları

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Elnur Şərifovun Nardaranın hicablı xanımları haqqında səsləndirdiyi fikrə görə ötən iclasların birində onunla aralarında incident yaşanmış və bu üzdən məhkəmədən uzaqlaşdırılmış təqsirləndirilən Abbas Hüseynov bu gün (sentyabrın 28-də) yenidən məhkəmə zalına qaytarılıb. Hakim məhkəməyə Abbas Hüseynovun prosesdə iştirakı barədə müraciətinin daxil olduğunu diqqətə yetirib.

Abbas Hüseynov bir daha qaydaları pozmadığını vurğulayıb: “Biz o qədər zədələr almışıq ki, yalanları rahat qəbul edə bilmərik".

“Yalan danışır, sonra da utanmaz-utanmaz deyir ki…”

Bugünkü məhkəmə iclasında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iki əməkdaşı - Ramil Salmanov və Firuz Mehdiyev də dindiriliblər. Onlar bir-birinə bənzər ifadələrində idarəyə Taleh Bağırov və tərəfdarlarının silahlandığı, ölkənin dövlət quruluşunu dəyişməyə, çevrilişə cəhd göstərdiyi barədə məlumat daxil olduğunu deyiblər. Həmin məlumat əsasında noyabrın 26-da səhər idarədə müşavirə keçirilib, günorta da Nardarana gediblər.

Ramil Salmanov bildirib ki, təqsirləndirilən şəxslərdən Cahad Babakişizadəni əməliyyat zamanı o zərərsizləşdirib. Onun sözlərinə görə, həmin vaxt Cahadın bir əlində nunçaq (yapon döyüş silahı – red.), o biri əlində də qumbara olub.

Buna da bax:​ Taleh Bağırovun müavininin həbs müddəti uzadıldı

Cahad Babakişizadə Nardaran əməliyyatında ürək nahiyəsindən güllə yarası alıb. Cahadın saxlanılarkən yaralı olduğunu təsdiqləyən polis, zərərsizləşdirilərkən, onun əlində nunçaq oynatdığını vurğulayıb. Deyilənlər təqsirləndirilən şəxslərdən AXCP sədrinin müşaviri Fuad Qəhrəmanlı ilə polis əməkdaşı Ramil Salmanov arasında belə bir dialoqa səbəb olub:

– Sinəsindən güllə yarası almış adam, özü də əliavtomatlı polislərin qarşısında necə nunçaq oynada bilərdi? Hollivud kinoları istisna olmaqla, bu mümkün deyil, axı…

– Gördüm də…

– Adam gəlib açıq-aşkar yalan danışır, sonra da utanmaz-utanmaz deyir ki, “belədir də”. İfadəsində deyir ki, “həyətə 10 nəfər girəndən sonra qumbara partladı, mən 8-ci adam idim, amma qumbara partlayanda həyətdə olmamışam”. Yəni adam özü öz dili ilə deyir ki, “mən yalan danışıram”. Hörmətli hakim, bu adamı xəbərdar eləyin ki, bir də belə açıq yalan danışmasın.

Bu məqamda Cahad Babakişizadə də Ramil Salmanovun yalan danışdığını bildirib və əl hərəkəti ilə onu təhqir edib. Hakim dərhal R. Salmanovun dindirilməsinin dayandırılmasına, Cahadın da məhkəmə zalından uzaqlaşdırılmasına qərar verib.

Buna da bax:​ Nardaran işi: 'Sanki topuq, kim hardan gəldi, təpikləyirdi'

“Polislər psixiatrik ekspertizadan keçirilsin…”

İstər Ramil Salmanov, istərsə ardınca dindirilən polis Firuz Mehdiyev vəkillərin suallarının bir çoxuna “bilmirəm”, “yadımda deyil” kimi cavablar verdiyindən, vəkil Nemət Kərimli bu polislərin hadisələri dərk edib, qavramasının müəyyənləşdirilməsi məqsədilə tibbi psixiatrik ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb. Bu vəsatətin müzakirəsində vəkillər bildiriblər ki, verilən cavablardan sonra onlarda dindirilən şəxslərin hadisələri dərk edib, qavraması ilə bağlı şübhələr yaranıb.

“Məndə şübhə var ki, bu adam, ümumiyyətlə, əməliyyatda iştirak etməyib. Sadəcə, öyrədib göndəriblər bura”, - Taleh Bağırov dindirilən Ramil Salmanov haqqında belə deyib.

Bağırov ondan silah işlətməzdən əvvəl niyə səsgücləndiricidən istifadə edərək, ondan təslim olmağı tələb etmədiklərini, hansı səbəbdən əməliyyatın videoçəkilişinin aparılmadığını soruşub. Zərərçəkmiş qismində dindirilən R. Salmanov bildirib ki, bu məsələləri əməliyyata rəhbərlik edən şəxslər müəyyənləşdirirdi.

“Çəkib bizi ifşa eləyərdiniz də… Göstərərdiniz ki, bunlarda bu qədər silah olub, bizə atəş açıblar. Niyə eləməmisiz? Çünki bunların heç biri olmayıb”, - Taleh Bağırovun cavab reaksiyası belə olub.

Məhkəmə sentyabrın 30-da davam edəcək.

Buna da bax:​ Hakim vəkillərdən kollegiyaya şikayət edib

Xatırlatma

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Eyni gündə «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi başa çatıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 ayadək həbs cəzası verilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Onlar qətl törətməkdə və bir çox başqa cinayətlərdə suçlanırlar. Təqsirləndirilənlər bu ittihamları rədd edir və onlardan işgəncə altında ifadə alındığını deyirlər.

XS
SM
MD
LG