Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:36

Bloqçu: 'Gördülər 'ağıllanan' deyiləm buraxdılar'


Mehman Hüseynov
Mehman Hüseynov

Sentyabrın 30-da Bakı şəhər Baş Polis İdarəsinə çağırılan bloqçu Mehman Hüseynovu orda haqq yoluna gəlməyə, özünü təhlükəyə atmamağa, gələcəyini düşünməyə dəvət edildiyini bildirir.

Polis idarəsindən çıxdıqdan sonra M.Hüseynov bildirib ki, idarəyə hazırlıqlı gedib.

“Rəisin otağına girən kimi şalvarın ciblərini çölə çıxartdım, oturdum. Polis işçisi gülərək sual verdi ki, niyə belə edirsən? Deyirəm, bu təzə dəbdir, özüm kəşf eləmişəm, şəhərdə belə gəzirəm. Polis idarəsinə də belə gəlmişəm. Fikirləşdim ki, birdən sehirli çubuğunuzu işə salıb, cibimdən “iqruşka”-zad çıxararsınız”...

Buna da bax:​ Parlamentdə 'Meydan TV', 'Sancaq' söhbəti-[video]

M.Hüseynov daha sonra yazır:

“Mənə deyirlər ki haqq yoluna gəl, özünü təhlükəyə atma, bu xalqa görə dəyməz nəsə eləmək, gələcəyini düşün, sənə işıqlı gələcək qura bilərik və s. Bu cür təklifləri, vədləri çox eşitmişəm. Hamısından dərhal imtina eləmişəm. Mənə onların heç nəyi lazım deyil”.

Bloqçu bildirir ki, polis idarəsində profilaktik söhbət 1 saat davam edib.

“Gördülər ki “ağıllanan” deyiləm, uzatmadan sərbəst buraxdılar”, M.Hüseynov qeyd edib.

Bloqçu parlamentin sentyabrın 30-da keçirilmiş iclasında idarəedicisi olduğu “Sancaq” səhifəsinin adının hallandırılmasının, ardınca polisə çağırılmasının təsadüfi olmadığını da bildirib.

“Mən heç bir qanunsuz işlə məşğul olmuram. Düşünürəm ki, mən doğru yoldayam, heç nə və heç kim məni bu yoldan döndərə bilməz”, bloqçu yazıb.

XATIRLATMA

Facebook-dakı tənqidi-satirik “Sancaq” səhifəsinin idarəedicilərindən bloqçu Mehman Hüseynov sentyabrın 30-da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bu barədə onun özü məlumat yayıb. Bloqçu qeyd edir ki, ona idarədən zəng ediblər.

“Bir az var mənə zəng edib deyiblər ki, təcili Bakı Şəhər Baş Polis İdarəsində olum. Mətbuat xidmətin rəhbəri mənimlə görüşüb, söhbət eləmək istəyir”.

Sentyabrın 30-da parlamentin plenar iclasında hakim Yeni Azərbaycan Partiyasından olan deputat Məlahət İbrahimqızı Meydan TV və “Sancaq” səhifələrində dövlət rəhbəri ilə bağlı cəfəng məlumatlar yayımlandığını bildirib.

Mehman Hüseynov isə deputata belə bir cavab yazıb: “Siz bizləri pulnan aldığınız, susdurduğunuz televiziyalar, qəzetlər, saytlar ilə səhv salmayın. Onlar ölkədə olan məmur özbaşınalığını, saxta seçkiləri, ölkədə baş verən hadisələri çəkib göstərmirlər, gizlədirlər. Biz bunu eləməliyik, ölkədə baş verən hadisələri xalqa çatdırmalıyıq”, yazıb.

Məsələyə, hələlik, Bakı Şəhər Baş Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG