Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:39

37-ci illərdə Azərbaycan yazıçıları bir-birlərini satır, vəzifəyə gedirdilər...


30-cu illərdə Azərbaycan yazıçıları
30-cu illərdə Azərbaycan yazıçıları

-

Bağırovdan allahın özüdə qorxurdu, o ki, qaldı bəndə ola!

Birinci əhvalat


..Şair Süleyman Rüstəm nəql edir ki, bu əhvalat 1938-ci ilin əhvalatıdır. Süleyman gecə şirin yuxuda idi. Birdən telefon səsi eşidildi. Hövlnak yuxudan ayıldım. Çünki o vaxtlar tuthatut illəri idi. Bu gündən sabaha etibar yox idi. Hər gecə beş-on ziyalı, ictimai dövlət xadimi həbs olunurdu. İşığı yandırıb saata baxdım. Saat üçə az qalmışdı. Şəhər zülmət qaranlığa bürünmüşdü. Zəng ikinci dəfə təkrar olanda cəld dəstəyi qaldırdım. Mərkəzi Komitədən Mircəfər Bağırovun köməkçisi idi. Onun səsinin ahəngi xoşuma gəlmədi
- Süleyman, aşağıda Sizi xüsusi maşın gözləyir! Təcili maşına əyləşin! Kişi (O zaman M. Bağırova "kişi" deyərdilər- Elnur) sizinlə görüşmək istəyir.
Ətim ürpəşdi. Soyuq bir tər bədənimi basdı. Mənim vəziyyətimi gözünüzün qabağına gətirin. Adətən, "qorxulu xalq düşmənlərini" belə qaranlıq gecələrdə xəlvəti götürürdülər. Hara aparırdılar, kim aparırdı, onu bircə Allah bilirdi.
Ailədə hamı qorxuya düşdü. Şivən başladı. Anam da, atam da, bacım da, həyat yoldaşım da için-için ağlayırdı. Onlara ürək-dirək verdim:
- Ölü dalınca ağlayarlar, səsinizi kəsin! Kişinin mənimlə nə işi var?! Mən sadə bir dəmirçi oğluyam. Məndən "xalq düşməni" olar?
Anam Xırdaxanım əllərini göyə qaldırıb o bir allaha məni tapşırdı: "Ya gözəgörünməz tanrı, sən Mircəfər Bağırovun dil-ağzını bağla, onun ürəyinə rəhm sal. Mənim balamla işi olmasın".
...Mən maşına əyləşəndə saat dördə işləyirdi. Çox keçmədi ki, sürücü məni Mərkəzi Komitəyə gətirdi. M.Bağırovun köməkçisi yəhudi idi. O, saatına baxıb narazı halda başını buladı: - İki dəqiqə kecikmisiniz, belə olmaz! Tez olun, kişinin vaxtı yoxdur, keçin içəri!
Mən Bağırovun otağına girdim. O, stulunda əyləşib çay içirdi. Sifətində bir o qədər də qəzəb hiss olunmurdu. Eynəyinin altından məni sınayıcı bir nəzərlə süzürdü. Hiss etdi ki, bərk qorxmuşam. Çünki sifətim ağappaq idi. O, amiranə bir səslə:
- Əyləşin!
Mən irəli yeriyib stulun birini altıma çəkdim. Ancaq nəzərim onun sifətində idi. Sifətində qəzəb qarışıq şeytanın da baş aça bilməyəcəyi bir təbəssüm var idi. O, qəsdən dinmir, məni intizarda saxlayırdı. Elə bil mənimlə məzələnirdi. Handan-hana Bağırov "əsl mətləbə" keçdi.
- Hə, dəmirçi oğlu, kefin necədir?
- Sağ olun, yoldaş Bağırov, pis deyil.
- Bilirsən, Sizi niyə çağırmışam?
- Xeyr, yoldaş Bağırov.

Süleyman Rüstəm, 1976-cı il.
Süleyman Rüstəm, 1976-cı il.

O yenə xeyli duruxdu. Hiss edirdim ki, qəsdən sükut yaradır. Bədənim daha da istilənməyə başladı. Diqqətlə onun sifətinə baxırdım. Sifətində mücərrəd bir ifadə var idi.
"Bu gözlüklü ilan deyəsən məni qəfil çalmaq istəyir. Yəqin gözləyir ki, çekistlər gəlsin. Ona görə də mətləbi yubadır. Allaha təvəkkül. Ölümdən o tərəfi yoxdur ki. Nə olacaq, olacaq". Özümü yığışdırıb dəsmalla alnımın tərini sildim. Bağırov gördü ki, vəziyyətim tamam ağırlaşır. Odur ki, gülümsəyə-gülümsəyə dedi:
-Dəmirçi oğlu, Sizi təbrik edirəm
-Nəyə görə, yoldaş Bağırov?
-Sizi Qubadan Azərbaycan SSR Ali Sovetinə deputat vermişəm. Öz vətənimdən. Ona görə də Sizi çağırmışam ki, muştuluqlayam. Sabah Qubadan maşın gələcək. Orda yaxşı çıxış eliyərsən...
...Elə bil ki, üstümdən ölüm hökmünü götürdülər. Dirçəldim. Bilmədim ki, Bağırova necə təşəkkür edim. Bircə onu dedim ki, yoldaş Bağırov, evdə elə bilirlər ki, məni həbs etmək üçün çağırmısınız. İndi bizim evdə ağlaşmadır. Xahiş edirəm icazə verin evə zəng vurum.
Mən Bağırovun kabinetindən anamla danışdım... Evdə hıçqırıq səsi eşidilirdi. Bağırov telefonun dəstəyini məndən aldı. Anam Allaha da dua edirdi, seyidə də. Bağırov anamın səsini eşidəndə yumşaldı:
- Ana anadır, Süleyman. Ona görə də Allah onun niyyətini yerinə yetirdi, yoxsa işi bilmək olmazdı. Anan namaz üstə imiş.
Sonra Bağırov mənə dedi ki, qocanı da çağırmışam. O, qoca deyəndə yazıçı Məmməd Səid Ordubadini nəzərdə tuturdu. Vaxtilə Həştərxanda sürgündə olmuşdular. Ona görə də zarafatları var idi. Bağırov dedi ki, gülüb eləmə. İşi korlayarsan. Görək qoca özünü necə hiss edir. Mənim bu gecə zarafatıma dözürmü? Elə bu vaxt qapı açıldı. M. S. Ordubadi qorxa-qorxa içəri girdi. Sir-sifəti tamam ağarmışdı. Elə bil mürdəşir onu indicə kəfənə bükəcəkdi. O, Bağırovun qəzəbli baxışına tab gətirməyib divara söykəndi. Dizləri büküləndə ayağa qalxdı. İstədim onun qolundan yapışam. Bağırovun hökmlü səsi eşidildi:
- İkinizin də qulaqlarını gərək dəryada balıqlara yedirdəm! İkiniz də qatı xalq düşmənisiniz! Əyləşin, indi çekistlər gəlib sizi aparacaq!
Ordubadi dizi üstə döşəməyə çökmüşdü. O, iki əlini Bağırova uzadıb yalvardı:
-Yoldaş Bəqirov, sən o Volodyanın canı, mənimlə işin olmasın. Bu qoca vaxtımda məni vətənimdən sürgün etmə. Onsuz da Nikolay mənə sitam eləyib!
Valodya Bağırovun istəkli oğlu idi. Həştərxanda Ordubadinin qucağında böyümüşdü. Odur ki, Bağırov özünü saxlaya bilməyib güldü. Məsələni anlayan Ordubadi ayağa qalxıb uşaq kimi küsdü.
- Yox, yoldaş Bəqirov, bundan sonra məni danışdırma. Mən ki ölmüşdüm, mənə yazığın gəlmir? Vallah, Valodyaya şikayət edəcəyəm.

Məmməd Səid Ordubadi Ordubadi
Məmməd Səid Ordubadi Ordubadi

Caninin zarafatı qurtardı. Hər ikimizə çay gətirdilər. Limonlu çay içdik. Söhbət şirinləşdi. Bağırov dedi ki, Məmməd Səid Ordubadini Culfadan deputat vermişəm. Ordubadi bilmirdi ki, Bağırova necə təşəkkür etsin. Amma onu da etiraf etdi ki, maşın təhlüksizlik idarəsinin qabağından ötəndə bərk həyəcan keçirib. Elə bilib ki, indicə onu tutub-basacaqlar gedər-gəlməz yerə. Bağırovun da ondan xəbəri olmayacaq.
Mən həmişə bu əhvalatı yazıçı dostlarıma söyləyəndə Ordubadi pərt olurdu. İnanın ki, Bağırovdan Allahın özü də qorxurdu! O ki, qaldı, bəndə ola! O günlər getsin, bir də gəlməsin!

İkinci əhvalat

Təziyyə

Bu əhvalat 1943-cü ilin əhvalatıdır. Süleyman Rüstəm nəql edərdi ki, o vaxtlar ağır müharibə illəri idi. Mən Təbrizdə hərbi qulluqda idim. Bakıya bir neçə günlüyə məzuniyyətə gəlmişdim. Bakı dəmiryol vağzalında gördüm ki, çekistlər adamları mühasirəyə alıblar... (Sonralar eşitdim ki, həmin gün Stalin Tehran şəhərinə konfransa gedirmiş). Sənədlərimi çekistlərə göstərib güclə evimizə gəldim. Axşam dost-tanış bizə toplaşdı. Qonşumuz Ordubadi də mənimlə görüşməyə gəldi. O çox dilxor idi. Mənə dedi ki, gədə, (o adətən istəkli adamlarına "gədə" deyə müraciət edirdi) axşam Bəqirovgildə ol! Bəqirov Təbrizdən gəldiyini eşidib. O mənə dedi ki, axşam saat yeddidə Volodyanın təziyəsi olacaq. Süleymanı da götürüb gələrsən. Düzü, uzaq yoldan təzəcə gəlmişdim. Özüm də yorğun idim. Odur ki, təziyəyə getməyə könlüm yox idi. Amma kim cəsarət edib Bağırovun dəvətinə getməyə bilərdi?! Bəzi yalançı vətən qəhrəmanları Bağırov güllələndən sonra deyər ki, "mən getməzdim!" Belələri ağ yalan deyir. İnanın ki, Bağırovdan Allahın özü də qorxurdu! O, ki, qaldı bəndə ola!

Sovet Azərbaycanının rəhbəri olmuş Mir Cəfər Bağırov.
Sovet Azərbaycanının rəhbəri olmuş Mir Cəfər Bağırov.

Axşamüstü xüsusi maşın gəldi. Ordubadi ilə maşına əyləşib Mircəfər Bağırovgilə getdik. Bizi mülkü paltar geymiş çekist böyük bir salona apardı. Stolların üstündə hər cür nemət var idi. Hətta stollara cürbəcür bahalı içkilər də qoyulmuşdu. Öz-özümə fikirləşdim ki, belə də müsəlman təziyəsi olar? Sonra yadıma düşdü ki, Volodyanın anası yəhudidir. Ona görə də təziyə xristian adəti ilə aparılır. Volodya Mircəfər Bağırovun istəkli oğlu idi. O, hərbi təyyarəçi kimi döyüşdə faciəli həlak olmuşdu. Cəsədini cəbhədən gətirib Bakıdakı Kirov parkında dəfn etmişdilər.

Salonda olanların hamısı hüznlü idi. Baş tərəfdə üç stul boş idi. Birində məni əyləşdirdilər. O birində isə Ordubadini. Birdən Mircəfər Bağırov tutqun halda salona daxil oldu. Hamımız qeyri-ixtiyari ayağa qalxdıq. Bağırov gəlib Ordubadi ilə mənim aramda oturdu. Çox keçmədi ki, ayağa qalxıb qonaqlara müraciət etdi:

- Mən bu gün istəkli oğlum Volodyanı torpağa basdırmışam! Dərdimdən içəcəyəm! Ancaq sizdən xahiş edirəm, məni düzgün başa düşün, məni bu məsələdə müdadiə edin! -Sonra Bağırov üzünü sağında oturmuş Ordubadiyə tutub əli ilə yüngülcə onun döşünə vurdu: -Qoca, məclisin ağsaqqallığını əlinə al!

Ordubadi duruxdu. O, rus dilində olduqca pis bilirdi. Elə Azərbaycan dilində də o qədər səlis, məntiqi danışa bilmirdi. Əsasən fars və ərəb dillərini çox gözəl bilirdi. Ordubadi dedi ki, təvəriş Bəqirov, Süleyman izdes.

Bağırov hələ özünə gəlməmişdi. O elə başa düşdü ki, Ordubadi deyir ki, məclisi Süleyman Rüstəm aparsa yaxşı olar. Çünki rus dilini o məndən yaxşı bilir.

Sükuta Bağırov dözmədi. O qocanın üstünə acıqlandı: -Qoca sənə deyirəm ki, məclisi apar. Sən ki, Volodyanı yaxşı tanıyırdın...

Ordubadi çıxılmaz vəziyyətdə qaldı. O, tez ayağa qalxıb üzünü məclisə tutdu:

- Əziz generallar, admirallar və qonaqlar. Mən hələ Volodyanı Həştərxanda sürgündə olandan tanıyıram. Volodyanın dil açan vaxtı da yadımdadır. Onu öz balam kimi köksümün üstündə çox oynatmışam. O hələ beşikdə ikən anası ona şirin-şirin layla deyərdi. İndi o matəm məclisində o laylalar mənim qulağımda səslənir. Ordubadinin sözləri Bağırovun xoşuna gəldi, lakin Azərbaycan dilində danışdığı üçün bərk əsəbləşdi:

-Qodja, proşu, skajite po russki, zdes tovarişi vaş yazık ne ponimayut!

Ordubadi ağır cəza ala biləcəyindən qorxub ciddi halda dedi:

-Təvəriş Bəqirov, ya tebe skazal çto Süleyman izdes.... Bağırov indi başa düşdü ki, Ordubadi qorxur ki, Süleyman Rüstəm sabahdan onun dilini ələ salacaq. Volodyanın matəm məclisində rusca danışdığı barədə yazıçılara lətifə söyləyəcək. Bağırov bunu hiss edib bərk əsəbiləşdi və əlini stola elə vurdu ki, içkilər töküldü:

- Süleyman ne smeyet, mənim məclisimi masqaraya qoysun! Süleyman Rüstəm deyərdi ki, mən budumun ətini çimdikləyirdim: "Allah eləməsin birdən gülüb eləyərəm?!" Hətta dişlərimdə dilimi qanatmışdım da. Təzə pirə ürəyimdə nəzir dedim ki, bu qan çanağından salamat çıxım. Ordubadi bu dəfə naəlac qalıb rusca nitqə başladı:

-Təvəriş generali, ədmerəli u doroqoye qostu. Koqda mı bıli Əjdərəxan sısılka Volodya lülkə qaçal-qaçal. On vırıstil moyo qrydu... Süleyman deyərdi ki, dilimin qanını içimə sümürürdüm. Qızıl teştə qan qusmaq buna deyirlər. Allaha şükür ki, gülmək məni tutmadı. Yoxsa Volodyanın matəm məclisindən evimizə yox, birbaşa qaranlıq zindana gedərdim.

Məclisdəkilər də qorxuya düşmüşdülər. Hamısı Ordubadiyə "diqqətlə" qulaq asırdı. Allah bilir ki, "natiqin" dediklərini anlayan yox idi. Gecəyarı matəm məclisi qurtardı. Hamı Bağırova başsağlığı verdi. Ordubadi Bağırovla xudafizləşərkən dedi:

-Təvəriş Bəqirov, proşu mne addelni maşın dayti. Bağırov soruşdu ki, qoca, nə üçün? Ordubadi dedi ki, Süleymanla bir maşında getsək, o məni yolda təhqir edəcək. Bağırovun qanı tamam qaraldı:

-Qoca, xahiş edirəm sabahdan özünüzü həkimə göstərin. Başınızın deyəsən müalicəyə ehtiyacı var. Bu əhvalatdan sonra düz üç il Ordubadi mənimlə küsülü qaldı.

Üçüncü əhvalat

Xəbərçi tapıldı Əhvalat 1937-ci ildə olmuşdur. Süleyman Rüstəm nəql edirdi ki, o illər qardaş-qardaşa etibar etmirdi. Hətta ata oğulun yanında ehtiyatla danışırdı. Elə bil otuz yeddinci ildə divar da qulaqlı idi. Lap asqıranda belə Mərkəzi Komitədə eşidirdilər. Bir gün Yazıçılar İttifaqında Səməd Vurğuna dedim ki, ay Səməd, bu xəbərçi kimdir ki, nə danışırıq gedib Bağırova xəbər verir. Gəl bunu tapaq. Səməd dedi ki, axı necə tapaq? Lap pıçıltı ilə danışırıq, onu da aparıb Bağırova çatdırırlar. Səmədə dedim ki, mən məclisdə türk ədibi Tofiq Fikrətin bir neçə şeirini qəsdən oxuyacağam. Özüm də deyəcəyəm ki, bundan sonra mən türk ləhcəsində, türk şivəsində şeir yazacağam... Başladım türk şeirlərindən birini oxumağa:

Nə gözəl səs veriyor şu dərələr,
Sanki zərzubədir mənzərələr.
Bir tərəfdə anasız yavru mələr.
Bir tərəfdə gəzişir həb sürülər.

Əlbəttə, qəsdlə şeiri Azərbaycan və türk ləhcələri ilə qarışdırdım. Elə etdim ki, inansınlar ki, bu şeiri mən yazmışam. Həmin yuxarıdakı şeiri ilk dəfə Səməd Vurğunun və Məmməd Rahimin yanında oxumuşam.

Axşamı məni Mərkəzi Komitəyə çağırdılar. Dedilər ki, Mircəfər Bağırov sənin əlindən yaman qəzəblənib. Fikirləşdim ki, yəqin türk dilində şeir "yazdığım" üçündür.

İcazə alıb Bağırovun kabinetinə girdim. O kabinetdə gəzişə-gəzişə karandaşları iki ovucunun arasına alıb bir-birinə sürtürdü. Belə vaxtı bilirdik ki, Bağırov yaralı əjdahaya dönüb, çalmağa adam axtarır. Birdən o, ayaq saxlayıb kinayə ilə məni süzdü:

-Dəmirçi oğlu, deyəsən sən də panturkist olmusan! Türkcə şeirlər yazırsan! Belə getsə gənclərimizin hamısının beynini korlayacaqsan! Mən tez zarafata salıb dedim:

-Yoldaş Bağırov, allah eləməsin ki, panturkist olam. Biz xəbərçi axtarırdıq. Onu da tapdıq.

-Nə xəbərçi?! Dəli olmusan nədir?

Yazıçı Məmməd Rahim.
Yazıçı Məmməd Rahim.

Mən dedim ki, Yazıçılar İttifaqında nə danışırıq, hamısının əksinə sizə çatdırırlar. Yalançı adamlar sizin düşməninizdir. Səmədlə məsləhətləşdik ki, həmin yalançı xəbərçini tapaq. Mən həmin türk şeirini ancaq Səməd Vurğunun, bir də Məmməd Rahimin yanında oxumuşam. Demək, yalançı xəbərçini tapmışıq.

Bağırov qəzəbləndi və dedi ki, gedin ədəbiyyatla məşğul olun! Çekistliklə biz özümüz məşğuluq... Həmin gündən sonra heç kəs Məmməd Rahimin yanında sirr danışmırdı

Müəllifdən: Bu əhvalatlar indiki nəsilin o dövrü anlamaları üçün gözəl nümunədir. Məmməd Rahim məsələsində Süleyman Rüstəm haqlıdır, ancaq səmimi deyil. Məmməd Rahim nə qədər günahkar olubsa, Süleyman Rüstəm də, Səməd Vurğun da bir o qədər günahkar olub. Yazıçılar Birliyi yazıçıları nəzarətdə saxlamaq üçün yaradılan bir qurum olub. Burada o haqda ətraflı məlumat verməyə dursam, mövzudan çox uzaqlaşaram. Buna görə də Bayronun sözləri ilə kifayətlənirəm: bir damla mürəkkəb milyonların fikrini oyatmaq üçün kifayətdir.

Represiyalara gəlincə, 1920-ci ildən 1933-cü ilədək Respublikanın əcnəbi millətlərin nümayəndələrinin idarə etməsinin əsas səbəbi məhz Azərbaycan rəhbərlərinin daxili çəkişmələri idi. Daxili ixtilaflar 1937-1938-ci illərin kütləvi represiyalarına gətirib çıxardı. 1959-cu ildə daxili çəkişmələr nəticəsində Azərbaycana millətçi damğası vuruldu.

Məmməd Rahimin Mikayıl Müşfiq haqda məqaləsi.
Məmməd Rahimin Mikayıl Müşfiq haqda məqaləsi.

Məsələn, Məmməd Rahim yazırdı ki, “Müşfiqin həyasızlığı oraya gəlib çatmışdır ki, o, Sovet Azərbaycanında heç bir yenilik görməyirdi”.

“O, Leninin obrazını vermək iddiasında bulunurdu, lakin sözdə xalq səadətindən danışan, işdə isə xalq azadlığını satan bu sənət dəllalı ulu Lenini qaniçən cahangir, peyğəmbər Məhəmməd isə Budda ilə müqayisə etmişdir”. Bunlar əsassız fikirlərdi. Əslində Mikayıl Müşfiq sosializmə inanırdı, gəlin onun yaradıcılığına müraciət edək:

Lenin şeiri:


Anladıq yalanmış tamam o sözlər
Nə şəfqət, nə insaf, nə allah, nə din.
Silkindi qafalar, açıldı gözlər
Əsrin kürsüsünə çıxarkən Lenin

Müşfiq sosializmin əsas ideyası olan beynəlmiləlçilik və xalqlar dostluğu mövsusunda yazdığı lirik şeirlərdə qardaş xalqların, mənəvi yaxınlığının yeni məna kəsb etməsi əksini tapmışdır. Onun erməni xalqına həsr etdiyi şeirləri və poemaları bu cəhətdən maraqlıdır.

Bu diyarda
türk, erməni, gürcü var.
Bu diyarın bir yıxılmaz
proletar bürcü var.
Sarsıtmaz
bu bürcü
Kapitalın topları,
onların hap-gopları!

Şair "Qafqaz" şeirində Zaqafqaziya xalqlarının keçmiş müsibətli günlərini onların "qızıl kimi təmiz", Lenin dostluğunun yaratdığı xarüqələrdən danışır. Şeirin sonunda Müşfiq yazır:

Bu gün bizim birliyimiz
qızıl kimi təmizdir.
Qızılımız- cingildəyən səsimizdir.
Bizi fabrik, bizi zavod, bizi kolxoz
bir yığnağa toplamış.
Fikrimizin axını
Beş qitəyə qaplamış.
Nə musavat, nə menşevik xülyası.
Nə də daşnaq röyası
bizim sakit yataqlarda
oyanmaz... Qanımızda əski çürük millətçilik qaynamaz!
Üfüqlərdə qanadlanır
şura Zaqafqaziyası.
Bu diyarda gələcəyi salamlayır
sosializm dünyası​

Şair Ermənistana üz tutub deyir:

Sən də köksüm kimi dalğalan, Sevan!
Sən mənə can dedin, can Ermənistan!
Acıqla keçmişə dönüb baxanda,
Sən də mənim kimi oldunmu peşman?
İlk gölələr kimi əzəldən bəri
Ey sərgərdan gəzən zavallı insan!
Mənə ilham verir Dərəçiçəkdə
Bir nəfəs dərib də, bir gül qoparman.
Dağların dumanlı ətəklərində
Gəldikcə işığın, yandıqca çıran,
Şair yeni-yeni sözlər bulacaq,
Kainat olduqca şeir olacaq!

Sevan gölünə müraciət edir:

“Gözümüz qalmamış ancaq balıqda,
Dağlara gərəkdir su da, işıq da!"
Haydı, tərpən, Sevan, haydı, coş, Sevan!
Min bir at gücilə ona qoş, Sevan!

1935-ci ilin əvvəllərində Müşfiq erməni ədəbiyyatından tərcümələr edirdi. O özü deyirdi: "Mən, bu il erməni ədəbiyyatından böyük bir almanax vermək üçün çalışıram".

Bu işə Müşfiq ÜİK (b) P MK-nın 23 aprel 1932-ci il tarixli "Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında" qərarından sonra başlamışdı. Bu qərardan sonra şair siyasi, elmi biliyini artırmağa, dünya xalqlarının tarixi keçmişini, mədəniyyətini və müasir ədəbiyyatını öyrənməyə ciddi səy göstərir. Müşfiq Ömər Xəyyam, Firdovsi, A.S.Puşkin, M.Y.Lermontov, M.F.Axundzadə, H.Tumanyan, T.Şevçenko kimi görkəmli sənətkarların əsərlərini doğma dilinə çevirir. O, erməni dilindən etdiyi tərcümə barədə yazırdı: "Çarensin dörd böyük poemasını tərcümə etmişəm. Bu, şura xalqları arasında sosialist mədəniyyəti birliyi yolunda atdığım ilk addımdır". Müşfiqin adını çəkmədiyi poemalar bunlardır: "Çılğınlaşmış izdihamlar" , "El üçün nəğmə", "Lenin və Əli", "Sako", sonralar Müşfiq Y. Çarensin "Gələcəyə doğru", "Bahar", "Şamiram"və.s əsərlərini də tərcümə etmişdir.

Müşfiq erməni şeiri antologiyası tərtib etməyi qərara aldığına görə, bu ədəbiyyatın digər görkəmli nümayəndələrinin Hovanes Tumanyanın ("Maro","Əski xeyir-dua"), V. Alazanın ("Bəyaz Qərənfillər"), V. Norensin ("Ata", "Səhər"), Petros Duryanın ("Türk qızı"), A. Vuştuninin ("Şərq") əsərlərini Azərbaycan dilinə çevirir.

Sovet İttifaqının tarixi mürəkkəb olmuşdu, birmənalı olmamışdı. Faşizmin məğlub edilməsində Sovet İttifaqı böyük rol oynayıb. Heç nəyi unutmaq lazım deyil, eyni zamanda da heç bir dövrü ideallaşdırmaq lazım deyil.
Biz 70 il marksizm-leninizm ideyalarının təsiri altında yaşamışıq. İndi bundan imtina etmişik, bu isə tamamilə təbiidir. Azərbaycan Respublikası marksizm-leninizm ideyalarına bir daha qayıtmamalıdır.

Bu yazılar kimlərisə gözdən salmağa yönəlməyib, məqsədim, sadəcə, repressiyalar dövrünün ab-havası haqda təəssürat yaratmaqdır. Bu həmin sistemin, həmin münasibətin məhsulu idi.

Dördüncü əhvalat

Süleyman Rüstəm deyərdi ki, Moskvada oxuyurdum. Bir gün evimizdən teleqram aldım. Təcili Bakıya gəl, atanı tutublar. Bərk dilxor oldum: "Bu kişi elə şərəşur adam deyil, görəsən onu kim yenə tora salıb?! Yox, burda ciddi bir iş var!" Tez Bakıya gəldim. Evimizdə hamı kədərli idi. Bacılarım ağlayırdılar. Anam dedi ki, düşmənlər atanı gepoya (xalq arasında o zaman daxili işlər orqanına belə deyirdilər - Elnur) şeytanlayıblar.

-Niyə şeytanlayıblar?!

-Deyiblər ki, atanın bir küpə qızılı var, qızılı versin, buraxaq. Mən Mircəfər Bağırovun qəbuluna getdim. Bağırov məni qəbul elədi. Atamın tutulmasından onun xəbəri var idi. Dedi ki, yaxşı ki gəldin. Atana de ki, qızılların yerini desin. Onunla işimiz olmayacaq. İndi dövlətə qızıl lazımdır!

Mən dedim ki, yoldaş Bağırov, bizim böyük ailəmiz var. Atam dəmirçi babadır, qazancı güclə ailəni dolandırır. Bir vaxt atam anamın daş-qaşlarını da satıb torpaq almışdı ki, neft çıxardar. O da baş tutmadı. Bəxti qara imiş.

Bağırov dedi ki, Süleyman, dəqiq öyrənmişəm atanın qızılı da var, hələ desən matışkası da. Mən dedim ki, yoldaş Bağırov, qızılını bilmirəm, amma matışkası ola bilər. Bağırovun dodağı qaçdı. O cəlladın qəribə xasiyyəti vardı. Xoş damarına düşəndə olduqca insaflı və səxavətli olurdu. Ancaq nadir hallarda onun xoş damarı tuturdu. Qalan damarları isə həmişə ölüm gətirirdi.

Bağırov zəng edib atamı gətirtdirdi. Atam məni görcək ağladı:

-Süleyman, sən Allah, neçə gündür qaranlıq zindanda bağrım çatlayır, tükan da qalıb başlı-başına, ananın qalan nəki daş-qaşı var, hamısını sat, ver bu kişiyə, məni buraxsın.

Atam bilmirdi ki, o, Bağırovun kabinetindədir. Elə bilirdi ki, milis naçalniki onu dindirməyə çağırıb. Bilsəydi Bağırovdur dili-ağzı quruyardı. Bağırov çekist idi. O, atamın bütün hərəkətlərinə göz qoyurdu

-Süleyman, atanı bir şərtlə buraxıram. Qızılı tapıb qaytararsınız dövlətə! Düzdür, o qızılı dəmirçi atan zəhməti ilə yığıb. Ancaq dedim ki, dövlətə qızıl lazımdır.

Novxanı bağında anan mənə dedi ki, atan qızıllarını balaca bir küpədə saxlayır. O, küpü əncirin altında basdırıb. Bundan sonra mən hər gün atamı güddüm, ona göz qoydum. Atam hərdən şübhəli-şübhəli əncirin dövrəsində fırlanırdı. Demə atam nə isə hiss edib "xəzinənin" yerini dəyişdirmişdi. Gecəyarı əncirin dörd tərəfini bellə qazdım. Küpdən əsər-əlamət yox idi.

Kürd əsilli böyük Azərbaycan yazıçısı Cəlal Bərgüşadın dediklərindən: Qayınatam (Süleyman Rüstəmin atası - Elnur) Məşədi Əlabbas kişi ölüm ayağında olanda onun yanında idim... O, Əzrayılla əlbəyaxada ikən qonşumuz erməni qızı Rozanı çağırtdırdı. Əli ilə ona nə isə işarə elədi: "Halal xoşun olsun, səndəki hamısı sənə qalsın". Qayınanam Xırdaxanım dedi ki, kişi ölüm ayağında bütün qızıllarını sevgilisi Rozaya bağışladı. Demək, qayınatamın həqiqətən qızılı varmış. Qızıl isə Rozaya qismət oldu. Roza da həmin qızıla özü üçün yaraşıqlı bir mülk tikdirdi. Yaxşı deyirlər ki, qızıl öz sahibinə qismət olmur.

Beşinci əhvalat

M. Bağırov M. S. Ordubadini yanına çağırtdırıb. Ancaq neçə saat onu gözləmə otağında oturtmağa məcbur edib. Ordubadi bərk təşviş keçirib. "Görəsən məni satan kim olub? Bu kişi nə üçün mənə münasibətini belə dəyişdirib?" Elə bu zaman Bağırov Ordubadini içəri dəvət edib. Xeyli dinib-danışmayıblar. Ordubadi qorxusundan bilməyib ki, nə etsin. Axırda Bağırov onun üstə acıqlanıb:
- Qoca, sənin Parapet (el arasında Karl Marks adına parka belə deyirdilər- Elnur) bağında nə işin var?!
-Nə olub, yoldaş Bəqirov?
-Bizim uşaqlar (çekistlər) sənə yüz saxta qızıl onluq satıblar. Tapşırmışam, pulunu qaytaracaqlar. Qızılları geri verərsən. Bir də Parapet tərəfə gəlib eləmə.

Araşdırmaçı yazar Elnur Musayev Bədəl.
Araşdırmaçı yazar Elnur Musayev Bədəl.

Ordubadinin az qalıb ürəyi getsin. Demə, "lotular" "Qılınc və qələm" romanının bütün yazı haqqını saxta qızılla Ordubadidən qoparıblarmış.
Ordubadi ölüncə bir də Parapet bağına sarı baxmırdı.

(Yazıda Cəlal Bərgüşadın xatirlərindən istifadə olunub)

Müəllif: Elnur Musayev Bədəl

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG