Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:22

Osho, Krishnamurti, Əli Şəriəti... Bizə hansı yol göstərə bilər...


Filosof Müşfiq Ötgün və yazar Yalçın İslamzadə.
Filosof Müşfiq Ötgün və yazar Yalçın İslamzadə.

-

Azərbaycanda xüsusilə gənclər arasında dini-mistik müəlliflər Osho, Kirshnamurti, Əli Şəriəti, Carlos Castaneda, hətta Adnan Oktar da məşhurdur, gənclər onların əxlaq və dünya baxışı ilə bağlı fikirlərini oxuyur. Ancaq bu müəlliflərin yazdıqlarının ciddi elmi ədəbiyyat olmadığını, əsl elmi ədəbiyyatın dilimizə çevrilməsi gərəkdiyini deyənlər də var. Bu mövzunu Oxu Zalında filosof Müşfiq Ötgün və yazar Yalçın İslamzadə müzakirə edirlər.

Müşfiq Ötgün: "Oşonu, Krişnamurtini, Əli Şəriətini son dərəcə faydalı müəlliflər sayıram cəmiyyətimiz üçün. Çünki çoxlu təftişə ehtiyacımız var. Bu müəlliflər isə ən dərin təftişlərə açar verə bilən filosoflardır.".

Yalçın İslamzadə: "Oşonun özünün ciddi əxlaq problemləri var idi, mənasız tezisləri ilə əldə etdiyi müridləri hesabına "Rolls Royce" kolleksiyası yığmışdı".

Müşfiq Ötgün:

Sizin soruşduğunuzu mən özümə bu cür tərcümə edirəm: “poetik sözü elmi saymaq olarmı?” yaxud “melodiya elmidirmi?” Və mənim cavabım sadədir: əlbəttə. Bəzən bir beytlik şair sözünü bir kitablıq tədqiqatla şərh edirsən, bitmir. O qədər material var idrak üçün orada. Eləcə də melodiya. Məgər o təkcə bizim hisslərimizə toxunur? İdrakımızı və bütün varlığımızı özünə tabe etmir? Bilirsiniz, son əsrlərdə təbiətşünaslığın inkişafı heyrətamizdir. Lakin təbiətşünaslq elmlərini elmi fikrin yeganə dili hesab etmək, yumşaq desəm, tərbiyəsizlikdir. Fəlsəfədə də mən bu cür anlaşılmazlıqlarla ratslaşıram. Bir neçə Qərb filosofunu oxuyaraq onların fəlsəfə yapmaq üslubunu fəlsəfənin yeganə özünüifadə üsulu saymaq, heç də böyük ağlın göstəricisi deyil. Bəs, Budda? Bəs, Konfutsi? Bəs, İsa? Bəs, Tolstoy? Bəs, Oşo?...Milyonlarla insanların ürəklərinə yol tapmış və bəşərdə köklü transformasiyalara, yeni mədəniyyət və sivilizasiyaların yaranmasına səbəb olmuş fikirlər fəlsəfi deyil? Elmi deyil? Beləcə, kasıblıq yaradırıq biz, zənginlik əvəzinə. Uşağı yuduğumuz vannanın suyu ilə birlikdə uşağı da tullamaq istəyirik.

Oshonun keçirdiyi dini ayin.
Oshonun keçirdiyi dini ayin.

Oşo XX əsr Şərqinin ən böyük fəlsəfi hadisəsidir. Bütün Şərq fəlsəfəsinin kvintessensiyası kimi çıxış etdi. Antik yunan mistik-filosoflarından (Pifaqor, Heraklit, Plotin...) tutmuş daosizmə, dzen-buddizmə, tantrizmə qədər bir çox mənbələrin yenidən oxunmasını təşkil etdi. Onun 400-dən çox kitabı əsrlər ərzində toplanmış aclığı doyurduğu üçün bunca populyar oldu. “Yenidən oxunma fəlsəfə deyil” deyər birisi? Desin. Amma məgər Konfutsi öz təlimini qədim mətnlərin yenidən oxunması üzərində qurmadımı? Yaxud İsa məbədlərə gedərək qədim mətnləri insanlara oxuyaraq şərh etməklə ifadə etmədimi öz təlimini? Əzizlərim, bu Şərqdir. Şərqi anlamaq istəmirsiniz bu ayrı məsələ. Haqqınız var. İnkar etmək istəyirsiniz, yenə haqqınız var. Amma hərdən icazə verin Şərq də özünü təqdim edə bilsin. Müdafiəsi üçün söz desin.

Buna da bax: Ədəbiyyatda Post insana kim inanır? (Polemika)

Eləcə Əli Şəriəti. İslami sayılan təfəkkürün əslində necə sümükləşdiyini, diriliyini, həssaslığını, ürəklə əlaqəsini itirdiyini anlatdı öz şəxsində. Baha başa gəldi ona.

Qərbdə məşhur olan hind filosofu Jiddu Krishnamurti.
Qərbdə məşhur olan hind filosofu Jiddu Krishnamurti.

Krişnamurti bir qədər fərqli hadisədir. Amma yenə də şərq fəlsəfəsinə aiddir. Təfəkkürün arxa planını anlamaqla özünüdərk metodikasını təqdim etdi. Bu, Freydin üslubundan daha iqtidarlı bir metodika idi. Çünki Krişnamurti şəxsiyyət kimi Freyddən daha dərin adam idi. Onun analitikası insanı Buddaya çevirmək iqtidarında idi. Onun “Notebook” (“Gündəliklər”) kitabı var. Mənə görə son dərəcədə elmidir. İnsan psixologiyasının ruhani transformasiyasını təsvir edib öz şəxsində. Möhtəşəm tədqiqatdır.

Oşonun “özü olmaq cəsarət tələb edir” fikri elmi deyil? Ətrfınıza baxın, insanlar mədəniyyətlərin, təhsilin, dinlərin onlara sırıdığı davranış, idrak, duyğu standartlarının altında əziyyət çəkirlər. Özlərinin əslində necə olduqlarını dərk edə bilmirlər, buna cəsarətləri çatımır. Çünki özünüdərk az qala bütün gerçək mədəniyyətin inkarını tələb edəcək. Siz də deyirsiniz niyə Oşo bu qədər populyardır? Çünki ən ekzistensial suallara cavablar var onun fəlsəfəsində.

Şərqin ruhani fəlsəfə ənənəsinin ən böyük düşməni Qərb elmi deyil, elə Şərqdə yaşayan kütlə şüuru daşıyıcılarıdır.

Oşonu, Krişnamurtini, Şəriətini son dərəcə faydalı müəlliflər sayıram cəmiyyətimiz üçün. Çünki çoxlu təftişə ehtiyacımız var. Bu müəlliflər isə ən dərin təftişlərə açar verə bilən filosoflardır.

Buna da bax: Adında "kvant" olan kitablar yaxşı satılır, əslində isə

Richard Dawkins və ya Karl Sagan kimi elm polulyarizatorlarına da eyni zamanda böyük ehtiyac var bizdə. Ən yüksək əyarlı ateistik, elmi ədəbiyyatın Oşoya qəti zərəri yoxdur. Çünki həqiqi Şərq fəlsəfəsi dialoqdan çəkinmir. Dilaoqdan kütlə şüuru çəkinir. Qaşlarını düyünləmək əvəzinə, yumruğunu düyünləyər kütlə şüurunun daşıyıcısı. O dalaşa bilər, düşünməyi öyrətməyiblər ona. Əksinə, Şərqin ruhani fəlsəfə ənənəsinin ən böyük düşməni Qərb elmi deyil, elə Şərqdə yaşayan kütlə şüuru daşıyıcılarıdır. Şəriətiləri öldürənlər də onlardır. Biz çalışmalıyıq ki, Şərqdə düşünən adamların sayı artısın. Kütlənin isə eqoizmini sığallamaq lazım deyil. Bilirsiniz, Şərqin ən parlaq ifadəçilərindən olan Oşo bütün dinləri tənqid edirdi. Bu baxımdan, Sagan, Dawkinslə fərqli mövqelərdə olsalar da eyni vəzifəyə - düşüncənin stimullaşdırılmasına və yenilənməyə xidmət edirdilər. Düşünməyə başlayan cəmiyyətlər hökmən inkişaf edirlər sonunda.

Yalçın İslamzadə:

Cəmiyyətdə təbliğ olunan, adını çəkdiyiniz şəxslərə Caner Taslaman, Carlos Castaneda, Adnan Oktar və digərləri də əlavə oluna bilər. Rasional düşüncəni təmsil etməyən, böyük iddialar səsləndirib bunları əsaslandıra bilməyən, öz subyektiv həyatlarından çıxardıqları nəticələri böyük ümumiləşdirmələr kimi təqdim edən şəxslər, cəmiyyətdə geniş təbliğ olunur. Bütün bunların səbəbi insanların möcüzələrə, mistikaya olan maraqlarıdır. Oşonun özünün ciddi əxlaq problemləri var idi, mənasız tezisləri ilə əldə etdiyi müridləri hesabına "Rolls Royce" kolleksiyası yığmışdı. Ya Vanqa, ya da Nostradamus - zaman zaman bu insanların proqnozları paylaşılır, məsələn "Üçüncü dünya müharibəsi olacaq". Nə zaman? Kiminlə kim arasında? Müharibə olmadıqca, bu iddialar yanlış sayılmır, çünkü dəqiq vaxt deyilmir.

Buna da bax: Aydınlanmanın şüarı: "Bilmə cəsarəti göstər"

Azərbaycanda çox oxunan Osho kitablarından biri.
Azərbaycanda çox oxunan Osho kitablarından biri.

Ancaq olsa, "Baxın Vanqa, ya da Nostrdamus bunu demişdi" -deyə paylaşacaqlar. Məsələyə başqa tərəfdən baxmaq lazımdır, cəmiyyətdə boşluq var və bu boşluq müxtəlif təriqətlər, spiritual cərəyanlar, mistik müəlliflər, qadın-kişi mövzusunda atıb tutanlarla dolacaq. Qarşılarına nə qoyuruq? Hansı elm sahəsi, ya da elmi disiplinlər təbliğ olunur? Rasional düşüncənin təmsilçiləri hardadır? Hansı elmi-kütləvi əsərlər nəşr olunur? Ədəbiyyat "Dostoyevski, Tolstoy", psixologiya "Freyd-Yunq", tarix "Şah İsmayıl - Sultan Səlim, SSRİ yaxşı idi yoxsa müstəqillik?" darısqallığından çıxa bilmir.

Alimlər nə işlə məşğuldur? Onların yerini müğənnilər tutub. Siz nə zaman Renesansın, Elm inqilabının, Sənaye inqilabının, Bilgi dövrünün müzakirə edildiyini görmüsünüz?

Yaşayan ən böyük sosioloq Anthony Giddensin hansı kitabı dilimizə tərcümə olunub? Cəmiyyətin olduğu halın dəqiq diaqnozunu və çıxış yollarını alim, iqtisadçı, sosioloq, tarixçi, təhsil mütəxəsssisləri müzakirə etməlidirlər. Alimlər nə işlə məşğuldur? Onların yerini müğənnilər tutub. Siz nə zaman Renesansın, Elm inqilabının, Sənaye inqilabının, Bilgi dövrünün müzakirə edildiyini görmüsünüz? İqtisadçıları çıxmaq şərtiylə ziyalıları əksəriyyəti dünyanın doğru anlamır. Mistika, komplo teoriləri, nostalgiya təbliğ edirlər. Məncə, biz dediyiniz cərəyanların qarşısına nə ilə çıxırıq?, hansı alternativi təklif edirik? sualları ilə özümüzü tənqid etməliyik. Baxırsız, hərkəs bəyənmədiyi qrupu tənqid edir, sanki insanlar bunlar bəyənmir deyə öz ənənə, vərdiş, davranışlarını dəyişdirəcəklər. Hamı məsləhət verməyə çalışır. Çünki şifahi mədəniyyətik və sözün "sehrinə" hələ də inanırıq. Tənqidlə yuxarıda adını çəkdiyiniz cərəyanların təmsilçilərinin izləyiciləri fikirlərini dəyişməyəcəklər. Real iş görməyənlər şikayətə çox ümid edirlər. Rasional düşüncə ciddi alternativ kimi ortaya çıxmalıdır. Nə inzibati tədbirlər, nə şikayətlər həll deyil.

XS
SM
MD
LG