Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:15

Qiyas İbrahimovun anası: 'Sifariş olmasa, universitetdən qovmazlar'


Qiyas İbrahimovun anası Şura Əmiraslanova
Qiyas İbrahimovun anası Şura Əmiraslanova

Bu həftə 10 il azadlıqdan məhrum edilən gənc fəal, “heykəl məhbusu” kimi tanınan Qiyas İbrahimovun anası Şura Əmiraslanova AzadlıqRadiosu-na danışıb

Bu həftə 10 il azadlıqdan məhrum edilən gənc fəal, “heykəl məhbusu” kimi tanınan Qiyas İbrahimovun anası Şura Əmiraslanova AzadlıqRadiosu-na danışıb.

– Hökmdən sonra Qiyasla görüşmüsünüz?

– Dünən görüşdüm. Şükür, yaxşıdır. Həmişə nə deyirsə, onu deyir.

– Siz necəsiniz?

– (Gülür) Özüm də yaxşıyam.

Buna da bax:​ ‘Bəlkə də Bayrama Qiyasdan artıq iş kəsəcəklər’

– Hökmdən sonra sizin mətanətli davranışınız çoxlarını təəccübləndirmişdi. Səbəbi nədir bunun?

– Səbəb odur ki, mənim oğlum haqqın arxasınca gedir. Mən də oğlumun arxasınca. Oğluma haqsızlığı qəbul etmədim. Mənim oğlum heç bir cinayət işləməmişdi. Adi bir heykəlin üstünü yazan, açıqsözlü tələbəni bu cür şərləyib 10 il iş vermək ancaq bizim hökumətə, bizim dövlətin başda oturanlarına, hüquq orqanlarına, məhkəməsinə yaraşardı. Buna görə mən də oğlumun arxasındayam.

– Amma yəqin, daxilən çətindir bu cür güclü görünmək?

– Çətindir, amma bir az öyrəşmişəm. Artıq altı aydır övladım yanımda deyil. Əvvəl-əvvəl narahatlıq keçirirdim, sonra fikirləşdim ki, bu bir alın yazısıdır. Bu gənc, deməli, özünü bu haqqın içində tapmaq istəyib. Nahaqlardan uzaqlaşmaq istəyib. Mən niyə oğlumun arxasında dayanmayım? Budur kökü məsələnin.

Şura Əmiraslanova: 'Bayram da qeyrətli oğuldur ki bu addımı atıb'
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00
Direct-ə keçid

– Amma bir ana kimi, yəqin, şəhərdə zarafatlaşan, deyən-gülən, işə, dərsə, görüşə tələsən gəncləri görəndə ürəyinizdən keçir ki, keşkə Qiyas da həbsxanada yox, burda olaydı...

– Bu yolu seçibsə... O, iradəli uşaqdır. Ötkəmdir. Sözünü konkret deyər. Evdə də, universitetdə də sözünü bir dəfə deyərdi. O belədirsə, mən nə deyə bilərdim?

Buna da bax:​ Amnesty International: ‘22 yaşlı fəalın abidəyə qrafiti çəkdiyinə görə...’

– Bəs hökmün 10 il olacağını gözləyirdiniz?

– Gözləyirdim. Bundan artığını gözləyirdim. Ona elə bir böhtan, şər atmışdılar ki, 6 ildən 12 ilədək iş kəsə bilərdilər. Qiyas son sözündə dedi: “Prokuror mənə 9 il verdiyi üçün heyfslənir, mən də buna görə şənlənirəm. İndi vaxtın var, get, 12 il ver”. O da bir il artırdı. Bəlkə də apelyasiyada artıracaqlar? (Bunu deyib gülür) Bizim qanunlarımız bu cür işləyir çünki.

– İşləyə bilirsiniz?

– Mən evdə otura bilmərəm. İqtisad Universitetini bitirmişəm. Özüm bank işçisi olmuşam. Sonra da qaqaşa - yəni Qiyasa görə çıxıb evdə oturmuşam. Gördüm oturmaq mənlik deyil, işləməliyəm. Həm də Qiyası tək böyütdüm. Ona görə işləməliydim ki, uşağım maddı cəhətdən problem yaşamasın. Bu günlərə Qiyası çox əziyyətlə gətirmişəm... Şükür Allahıma, Qiyas kimi övladım var, alnım açıqdır, gözüm arxada qalacaq deyil, özünə güvənən bir oğlum var... Zaman belə getməyəcək ki, hər şey axarına düşəcək. Qiyas da çıxacaq, Qiyas kimi başqa məhbuslarımız da azad olacaq, ölkəmiz də azad olacaq. Mən ümidlə yaşayıram, ümid gözəl şeydir. Onu itirməmişəm.

Buna da bax:​

Qiyas İbrahimovun anası: "Ağlamıram, ağlamayacam da"- [video]
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

– Ən böyük arzunuz nədir, Şura xanım?

– Ən böyük arzum... Bayaq dediyim kimi, azadlıq, firavanlıq, övladlarımızın azad söz sahibi, hamının bərabərhüquqlu olmasıdır. Düzdür, bu, çox çətindir. İstəyirəm övladlarımız çəkdikləri əziyyət qarşılığında ölkəyə nifrət etməsinlər. Gənclər gəlir yanıma, “Bibi, biz Qiyasın arxasındayıq” deyirlər. Eləsi var deyir: “Bu ölkə yaşanılası deyil, imkanımız olsa, çıxıb gedərik”. Belə sözləri çox eşidirəm. Gör, bu ölkə nə bərbad günə qalıb ki, gənclər öz vətənlərindən iyrəniblər. Buna görə balamın arxasındayam. Allah etsin tezliklə o qapalı, dar qapılar açılsın, bütün günahsız məhbuslar azadlığa çıxsın. Günahı olanla işim yoxdur. Bizimkilər də gərək öz cəzalarını çəkəydilər, heykəl yazmışdılar, yüngül cəza alaydılar. Bu cür ağır cəza almayaydılar. İnşallah bu da olar.​

– Qiyas son kursda idi, həbsdən sonra, sizcə, təhsilini davam etdirə, iş tapa biləcəkmi?

– Qiyasla da danışmışam. Universitetə gedəsiyəm. Yuxarıdan sifariş gəlməzsə, Qiyası universitetdən qova, uzaqlaşdıra bilməzlər. Ora təhsil haqqı ödəmişəm. Qanun-qayda varsa, o həbsdən çıxandan sonra diplomunu almalıdır. Fikrim var, Slavyan Universitetinin rektoru ilə görüşüm. Düzdür, Qiyasgilin barəsində universitetdə təbliğat gedir, “Onlar narkomandılar, narkotiklə məşğul idilər” deyirlər. Qiyas narkotiki tanımır, 22 yaşı var, birotaqlı evdə yaşayır. Qiyas narkotiklə məşğul olsaydı, sizin kimi fabrik-zavodları, yatırımları olardı... Gedib rektorla danışacağam, razılaşmasa, şikayət edəcəyəm, ödənişlərimi geri istəyəcəyəm. O pulu zəhmətlə qazanmışam... Axırıncı kursda idi, bircə imtahanı qalmışdı... Mən belə deyəndə, Qiyas qayıdıb soruşur: “Ana, sən niyə fikir edirsən? Birincisi, məni ata bilməzlər, ikincisi də - lap atsınlar. Mənə universitet qəhətdir? Təkrar oxuyaram. Sən tanıdığın Qiyasam”. Qiyas heç ruhdan düşmür, yeri gələndə deyir ki, heç onların diplomu mənə lazım da deyil. Orta məktəbdə 9-cu sinfədək üzərində çox dayanmışam, ondan sonra öz yolunu özü seçib. Çox kitab oxuyar, axtarışda olardı. İkinci sinifdə xəritəni əzbər bilirdi, gözüyumulu tapırdı ölkələri. Tez böyüdü. Qeyri-adi uşaq idi. Bəlkə mən elə hesab edirəm...

– Bayramla bağlı hansı qərarı gözləyirsiniz?

– Bayram da Qiyas kimi bir uşaqdır. İnşallah, Bayramın məhkəmələrinə gedəcəyəm. Onu şəxsən tanımıram, görməmişəm, amma Qiyas deyir: “Ana, Bayram məndən də yaxşı oğlandır”. Qiyas hər adama dost deməzdi, amma Bayramla dostuydular. Hər halda, Bayram da qeyrətli oğuldur ki bu addımı atıb.

Buna da bax:​ Heydər Əliyevin heykəlinə görə narkotik ittihamı

XATIRLATMA

Qiyas İbrahimovla Bayram Məmmədov mayın 10-da Heydər Əliyevin Bakıdakı abidəsinə “Rədd olsun sistem!” və “Qul bayramınız mübarək!” şüarları yazandan sonra həbs olunublar.

Onlar istintaq zamanı onlara öz əməllərinə görə üzr istəmələri üçün işgəncə verildiyini bildiriblər.

Buna da bax:​ Heykəl yazmağa görə 10 il?: Hüquqşünasların reaksiyaları

Gənclər bundan sonra hər birinin evinə 1 kq heroin qoyulduğunu iddia edirlər. Onlara Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi gənc fəal Qiyas İbrahimova 10 il həbs cəzası verib.

Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirir. Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Buna da bax:

Qiyas İbrahimov 10 il azadlıqdan məhrum edildi
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

XS
SM
MD
LG