Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:37

Azərbaycan 2016-cı ili iqtisadi geriləmə ilə başa vurur


Titanik manat. Karikatura
Titanik manat. Karikatura

Azərbaycan iqtisadiyyatı 2016-cı ili kiçilmə, yüksək inflyasiya və manatın sürəkli dəyərsizləşməsi ilə başa vurur. İl ərzində ölkə iqtisadiyyatının əsas makroiqtisadi göstəricilərində geriləmə üzə çıxdı.

İQTİSADİYYAT KİÇİLDİ

Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM-i) 1996-cı ildən hər il artırdı. Bu, bəzən 34.5% (2006-cı ildə), bəzən də 0.1% (2011-ci ildə) olub. Ancaq bu ilin 10 ayının nəticəsi göstərir ki, 2016-cı ildə ölkə iqtisadiyyatı kiçiləcək.

Bu ilin yanvar-oktyabrında Azərbaycanda 49 milyard 223.4 milyon manatlıq ÜDM istehsal edilib - əvvəlki ilin eyni dövrünə nisbətən 3.7 faiz az.

Buna da bax-Vahid Əhmədov: '2017-ci il sınaq ili olacaq'

ÜDM müəyyən bir dövr ərzində istehsal olunan mal və xidmətlərin cəmidir. Ekspertlər ÜDM-in azalmasının sadə vətəndaşların həyat səviyyəsinə birbaşa təsirinin olduğunu bildirir.

SON 8 İLİN ƏN YÜKSƏK BAHALAŞMA İLİ

İkirəqəmli inflyasiya son dəfə bundan 8 il öncə (20.8%) qeydə alınmışdı. Ondan bəri Azərbaycan Mərkəzi Bankı (AMB) inflyasiyanı cilovlaya bilirdi. Hətta əsas işi qiymətlərin sabitliyini təmin etmək olan AMB də «Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı»nda da inflyasiya proqnozunu açıqlamamışdı. Görünür, AMB belə, inflyasiyanı ya proqnoz edə bilməyib, ya da real vəziyyəti elan etməyə çəkinib.

İlin sonuna doğru daha yüksək inflyasiya gözləmək olar. Çünki Tarif Şurasının qaz və elektriki bahalandırması digər mal, məhsul və xidmətlərə təsirini göstərəcək. Bu ilin 10 ayında 11.6-lik orta illik inflyasiya qeydə alınıb.

Liman
Liman

XARİCİ TİCARƏT DƏ, VALYUTA EHTİYATI DA AZALIB

Bu il Azərbaycanın xarici ticarətinə də düşməyib. 2016-nın yanvar-oktyabrında xarici ticarətin həcmi 14 milyard 153.6 milyon ABŞ dolları olub. Dövlət Gömrük Komitəsinin bildirməsinə görə, bu, keçən ilin analoji dövrünə nisbətdən 23.22 faiz azdır.

Buna da bax-Bahalanmaların axırı hara gedir?

Azərbaycan üçün vacib olan ixracda da 34.48%-lik azalma qeydə alınıb. Bu ilin 11 ayında AMB-nin valyuta ehtiyatı 1 milyard dollardan çox azalıb.

BANKLARIN QIRĞINI

İl banklardan ötrü də düşərli olmadı. 11 bankın lisenziyası ləğv edildi. Bank məsələləri eksperti Əkrəm Həsənov ilin yekununu AzadlıqRadiosuna dəyərləndirib. O hesab edir ki, il gözlədiyindən də acınacaqlı keçib:

«Əvvəla, bəlli oldu ki, qeyri-neft sektoru nəinki inkişaf etmir, demək olar ki, yoxdur. Buna görə də, neftin uzunmüddətli ucuzlaşması iqtisadiyyatımızı çökdürdü. Şirkətlər bir-bir bağlanır, nəinki özəl, həmçinin dövlət sektorunda və dövlət orqanlarında ixtisarlar və maaşların azalması tendensiyası güclənir. Bunun fonunda inflyasiya artır, manat zəifləyir».

Əkrəm Həsənov
Əkrəm Həsənov

«BANK SİSTEMİ ÇÖKÜB»

Ekspert bank sisteminin, demək olar ki, çökdüyünü sözlərinə əlavə edir: «İl ərzində 11 bank bağlanıb. Digərlərinin də çoxu can üstədir. Problemli kreditlər günbəgün artır, əmanətlərin həcmi isə azalır. Üstəlik, ödəniş sistemi də iflic olub. Ən əsası isə, bütün bunların gələn ildə daha pis formada davam edəcəyi gözləntisi var. Çünki hökumət real heç nə etmir».

Onun fikrincə, iqtisadi bloka daxil olan rəsmi qurumlar arasında vahid yanaşma, ümumi siyasət yoxdur: «Olsaydı belə, bunu gerçəkləşdirməyə sağlam və peşəkar komanda yoxdur. İnstitutlar, ən əsası, məhkəmə sistemi işləmir. Çıxış yolu isə məhz budur. Sağlam və ədalətli məhkəmə, birmənalı oyun qaydaları, sağlam və peşəkar komanda».

Maliyyə Bazarlarına Nəzarət Palatasından isə bildirilir ki, bank sektorunun diaqnostikasını aparılıb. Bunun nəticəsində bankların mövcud durumu və onların sağlamlaşdırılması ilə bağlı uyğun siyasət tədbirləri hazırlanıb. Palatanın sədri Rüfət Aslanlı noyabrın əvvəllərində deyib ki, hər hansı bankın bağlanması gündəlikdə deyil.

Hökumət təmsilçiləri də iqtisadi çətinliklərin ölkədən yan keçmədiyini etiraf edir, ancaq eyni zamanda bəzi islahatların da aparıldığını vurğulayırlar. Elə dekabrın 6- da prezident İlham Əliyev dekabrın 6-da «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında» fərman imzalayıb. Fərmanda yerli, xarici ekspertlərin, məsləhətçi şirkətlərin iştirakı ilə iqtisadiyyatın 11 əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrinin hazırlandığı bildirilir.

XS
SM
MD
LG