Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:00

Baş mühasib: 'Qurbanlıq qoyun kimi burdayam'


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

"Aztelekom" MMC-nin keçmiş baş direktoru Məhəmməd Məmmədov səhvə yol verdiklərini etiraf etsə də, mənimsəmə əməliyyatlarında əli olmadığını deyir.

Bir ildən çoxdur həbsdə olan Məhəmməd Məmmədov dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. Onun ifadəsi qısa olub. Keçmiş baş direktor ilkin istintaqdakı ifadəsini təsdiqlədiyini söyləməklə kifayətlənib.

O, həmin ifadəsində özəlliklə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun və "Aztelekom"un baş mühasibi olmuş Oqtay Rüstəmovun əleyhinə fikirlər səsləndirib. Adları çəkilən hər iki şəxs təqsirləndirilən 11 nəfərin arasındadır.

Buna da bax:​ Həbsdə olan keçmiş Aparat rəhbərinin səhhəti pisləşib

Vidadi Zeynalovun vəkilləri Məhəmməd Məmmədovun istintaqa ifadəsinin açıqlanmasını istəyiblər.

"Əvvəl ayda 500 min, son bir ildə isə 200 min..."

Məhəmməd Məmmədov ifadəsində "Aztelekom"un fəaliyyətinə nazir və müavinlərinin, maliyyə məsələlərinə isə Vidadi Zeynalovun nəzarət etdiyini deyib.

Onun ifadəsinə görə, "Aztelekom"un baş mühasibi Oqtay Rüstəmov nazirliyin nomenklaturasında olduğundan, birbaşa Vidadi Zeynalovla hesabat verib: “Baş mühasibin işə qəbulu, işdən azad olunması, məzuniyyət və ezamiyyət əmrləri birbaşa nazirlik tərəfindən verilib. Vidadi Zeynalov şəxsən Oqtay Rüstəmovun özünə hər ay pul toplayıb ona çatdırmasına göstəriş veribmiş. Oqtay Rüstəmov Vidadi Zeynalova 2009-2013-cü illərdə hər ay 500 min manat, 2014-2015-ci illərdə isə ayda 200 min manat pul verib. Bu pulları Oqtay Rüstəmov nağd toplayıb və mənim həmin proseslərə müdaxilə etmək, qarşısını almaq səlahiyyətim yox idi. Sadəcə, baş direktor kimi gedən proseslərdən məlumatım olurdu”.

Buna da bax:​ Rabitəçilər işi: baş mühasib 10 milyonu tək necə mənimsəyib?

"Mən ad çəkməmişəm, çəkməyəcəm də..."

Beynəlxalq danışıq trafikinə görə xidmət göstərdiyindən, "Azİntelekom” MMC-dən "Aztelekom”a ayda 1-2 milyon manat arası vəsait köçürülüb. Həmin vəsait birbaşa və ya dolayı yolla Vidadi Zeynalova ödənilib, onun dediyi müəssisələrə köçürülüb.

Əvvəlcə istintaqa ifadəsini təsdiqlədiyini söyləyən Məhəmməd Məmmədov ifadə səsləndiriləndən sonra bəzi məqamlarla razı olmadığını bildirib. O, mənimsəmə, şişirdilmə əməliyyatlarını kimlərin apardığı barədə konkret ad çəkmədiyini deyib:

"Mən konkret ad çəkməmişəm, indi də çəkməyəcəyəm. Bu iş nazirlikdə sistemli şəkildə qurulmuşdu. Rəhbərlik, hər kəs məlumatlı idi. İndi burada Vidadi Zeynalov əyləşib. Yerində başqası olsaydı, onu da burada əyləşdirəcəkdilər".

Buna da bax:​ Keçmiş rabitəçilərə 153 milyonluq ittiham

Dindirmə zamanı məlum olub ki, Məhəmməd Məmmədov mənimsəmədə əli olmadığını, özünü təqsirli bilmədiyini söyləsə də, istintaqın müəyyənləşdirdiyi ziyanı ödəyib. Özünü təqsirli bilmədiyi halda, ziyanı niyə ödədiyini isə belə izah edib: "Həmin məbləği dostlarım ödəyiblər. Sağ olsunlar. Səbəbini bilmirəm".

"Öhdəmdə heç bir dövlət əmlakı olmayıb ki, onu mənimsəyim"

"Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov da dindirilib. "Qurbanlıq qoyun kimi burdayam" deyən Oqtay Rüstəmov heç bir mənimsəmə əməliyyatına qatılmadığını, ayda 1600 manatadək maaş aldığını bildirib. O, istintaqa ifadəsini təsdiqləməyib və onu oxumadan imzaladığını vurğulayıb. Onun ifadəsində Vidadi Zeynalova ardıcıl pul verdiyinə dair fikirlər əksini tapıb.

Buna da bax:​ Rabitəçilər işi: 'Mən paket sözünü bilmirdim, təzə eşitmişəm'

"Mən Vidadi Zeynalova mütəmadi pul verməmişəm. Vidadi Zeynalov nazirlikdəki ofisində otururdu. Hər yerdə nəzarət kameraları var. Əgər deyilirsə ki, mən ona ofisində pul aparıb vermişəm, o zaman həmin kameralara baxmaq olar. Tenderlərin keçirilməsinə, hansısa şirkətlərin qalib elan olunmasına da heç bir aidiyyətim olmayıb. Mən baş mühasib olmuşam və öhdəliyimdə heç bir dövlət əmlakı olmayıb ki, onu mənimsəyim", - Oqtay Rüstəmov belə deyib.

Bununla belə, Oqtay Rüstəmov nazirlikdəki mənimsəmə hallarından xəbərdar olduğunu təsdiqləyib: "Belə izah edim, yolda bir nəfərin başqasını döydüyünü, öldürdüyünü görürük. Bir vətəndaş kimi, bu haqda kiməsə xəbər verməliyik. Mən də məlumatlı olub, xəbər verməmişəm".

Buna da bax:​ 'Rabitəçilər işi'ndən Əli Abbasov və daha iki nəfərin işi ayrılıb

Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev məhkəməyə sənəd təqdim edərək bildirib ki, Oqtay Rüstəmov 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə kursu keçib. Vəkillər onun psixoloji problemləri olduğunu, istintaqa düzgün ifadə vermədiyini əsaslandırmağa çalışıblar.

Dekabrın 14-də davam edəcək növbəti məhkəmə iclasında Vidadi Zeynalov ifadə verəcək.

XS
SM
MD
LG