Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:30

'Nardaran işi' ilə 'heykəl işi' arasında əlaqə varmış...


"Heykəl". Karikatura. Gündüz Ağayev.
"Heykəl". Karikatura. Gündüz Ağayev.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və onunla birlikdə mühakimə olunanların işi ilə Heydər Əliyevin heykəlinə siyasi şüar yazdıqdan sonra həbs olunmuş gənc fəal Bayram Məmmədovun işi arasında əlaqə üzə çıxıb.

Məlum olub ki, eyni adamdan hər iki işdə hal şahidi kimi istifadə edilib. Bu faktı dekabrın 19-da Nardaran işi üzrə keçirilən növbəti məhkəmə iclasında vəkil Yalçın İmanov açıqlayıb.

Buna da bax:​ Nardaran işi: 'Məni heç İlham Əliyev oturda bilməyib, sən oturdacaqsan?' [yenilənib]

Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və onlarla birlikdə mühakimə olunan daha 16 nəfərin məhkəməsi yenə onların iştirakı olmadan keçirilib. Onlar Kürdəxanıdakı istintaq təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilsələr də, məhkəmə salonuna buraxılmayıblar. Düzdür, vəkillər onların məhkəməyə qatılmalarına imkan verilməsi haqda vəsatət qaldırıblar, amma Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası həmin vəsatəti təmin etməyib.

Yalçin İmanov. 19okt2016
Yalçin İmanov. 19okt2016

Vəkil Zibeydə Sadıqova təqsirləndirilən şəxslərdən Şamil Abduləliyevin anasının vəfatı ilə əlaqədar onun yas mərasimində iştirakına bir neçə günlük icazə verilməsi barədə vəsatət qaldırıb. Müdafiəçi bildirib ki, qanunvericilik buna imkan verir və təcrübədə də dəfələrlə tətbiq olunub. Hakim bu məsələnin Penitensiar Xidmətin səlahiyyətində olduğunu bildirib.

Buna da bax: Heykəltəraş: 'Onlar bisavadlıq edib, 'gül bayramı' yerinə 'qul bayramı' yazıblar'

Zibeydə Sadıqova dekabrın 19-da dəfələrlə Penitensiar Xidmətlə əlaqə saxlasa da, konkret cavab ala bilməyib.

Nardaran işindəki hal şahidi Bayramın da “üzünə dayanıb”?

Vəkil Yalçın İmanov əməliyyat-axtarış və maddi sübutların götürülməsinə dair protokolları imzalamış hal şahidlərinin məhkəmədə dindirilməsi, eləcə də həmin protokolların yolverilməz sübut kimi iş materiallarından çıxarılması haqda vəsatət qaldırıb. O bildirib ki, buradakı hal şahidlərinin bir sıra başqa siyasi motivli işlərdə də eyni statusla çıxış etməsi onların polisin qeyri-rəsmi əməkdaşları olması, lazım gələndə, onlardan istifadə edilməsi qənaəti yaradır:

"Məsələn, bu işdə, guya, təqsirləndirilən şəxslərdən qumbara, bıçaq çıxarılmasının şahidi sayılan İntiqam Kərimov lap yaxınlarda 10 il azadlıqdan məhrum edilmiş "heykəl məhbusu" Bayram Məmmədovun işində də hal şahidi olub və guya, Bayramın cibindən narkotik çıxmasını gözüylə görüb. O, Turqay Əhmədovun, Nuriyev soyadlı bir başqa adamın işində də hal şahidliyi edib".

Buna da bax:​ Bayram Məmmədov 10 il azadlıqdan məhrum edildi [son söz və reaksiyalar]

Yalçın İmanov məhkəməyə İntiqam Kərimovun başqa işlərdə də hal şahidi olduğunu təsdiqləyən sənədlərlə yanaşı, Nardaran işində adı keçən başqa bir hal şahidi Hüseynağa Məmmədovun narkoloji dispanserdə qeydiyyatda olması barədə də arayış təqdim edib: "İttiham tərəfi yaxşı anlayır ki, o adamlar məhkəməyə gəlsə, Nardaran əməliyyatında tutulan şəxslərdən silah-sursat tapılması barədə deyilənlərin qurama olduğu bir daha ifşa olunacaq. Ona görə də hal şahidlərinin adlarını məhkəmədə dindiriləcək şahidlərin siyahısına əlavə etməmişdilər. Siz də məhkəmə olaraq, bunu başa düşdüyünüzdən, onların əlavə şahid kimi dindirilməsi haqda bizim vəsatətimizi təmin etmədiniz. Amma biz bu vəsatəti yenidən qaldırırıq və onların imzaladıqları protokolların sübutlar siyahısından çıxarılmasını xahiş edirik".

Buna da bax:​ “Nardaran işi”ndə təqsirləndirilənin anası vəfat edib

Ramil Usubov yenə məhkəməyə çağrıldı

Vəkillər bugünkü (19 dekabr) məhkəmədə yenə də Daxili İşlər naziri Ramil Usubovun məhkəməyə çağrılıb dindirilməsi haqda vəsatət qaldırıblar. Dekabrın 15-də nazirliyin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovun Nardaranda keçirilmiş əməliyyat və həbs olunanlar barədə yaydığı açıqlama vəkillərdə etiraz doğurub. Vəkil Nemət Kərimli deyir ki, DİN açıq-aşkar məhkəməyə təzyiq göstərir, adamların təqsirsizlik prezumpsiyası hüququnu pozur: "Biz dekabrın 14-də vəsatətimizdə Ramil Usubovun müsahibəsində səsləndirdiyi fikirlərdə bir neçə məqama diqqət çəkmişdik. Cinayət işinin materiallarına görə, Nardaran əməliyyatında iki polis, dörd nəfər də dinc sakin həlak olub. Amma o, müsahibəsində deyir ki, iki polis həlak olub və daha beş nəfər məhv edilib. Beşinci adamın kimliyi ilə maraqlanmışdıq. İş materiallarına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş xüsusi məlumat əsasında bu idarənin əməkdaşları Nardaranda əməliyyat keçirib. Amma nazir deyir ki, əməliyyat prezidentin tapşırığı ilə keçirilib, özü də MTN və Baş Prokurorluğun əməkdaşları ilə birgə. Birgə keçirilibsə, bu barədə niyə iş materiallarında heç nə yoxdur? Bununla əlaqədar biz Ramil Usubovun məhkəməyə çağrılıb dindirilməsi haqda vəsatət qaldırandan sonra DİN-in mətbuat xidməti yaydığı açıqlamada vəkilləri də ittiham edir, hədələyir, təqsirləndirilən şəxslərin ağır cəzalandırılacağını bildirir. Hörmətli məhkəmə, nazirlik bunu hardan bilir? Belə görünür ki, bu nazirlik işgəncələri araşdırmaq, işgəncə verənləri, birinci xanıma hörmətsizlik edənləri cəzalandırmaq əvəzinə belə işlərlə məşğul olur. Xahiş edirəm, həmin açıqlama iş materiallarına əlavə olunsun və Ramil Usubov məhkəməyə çağrılıb dindirilsin".

Buna da bax:​ Nardaran işi: Bu dəfə məhkəməni məhkumların yaxınları da tərk etdi...

"Bir naziri çağıra bilmiriksə, hansı məhkəmədən danışırıq?!"

Vəsatətə münasibət bildirən Yalçın İmanov da deyib ki, bu məhkəmə prosesinə DİN-in aşkar müdaxiləsi danılmazdır. Müdafiəçinin sözlərinə görə, təqsirləndirilən şəxslərin əleyhinə ifadə verməyən şahidlərin polis idarəsinə çağrılıb təzyiqlərə, o cümlədən işgəncəyə məruz qalması, məhkəməyə gələnlərin saxlanılması da bunu sübut edir. Yalçın İmanov bildirib ki, məhkəmədə iştirak edənlərdən Fail Şahbazov adlı Nardaran sakininə əvvəlcə 30 sutka inzibati həbs cəzası verilib, həbsdə olduğu müddətdə də qanunsuz silah saxlama ittihamı ilə barəsində cinayət işi başlanıb: "Açıqlamada yazırlar ki, nazirin müsahibəsində beş nəfərin öldüyü haqda ona görə yanlış məlumat gedib ki, həmin vaxt ilkin informasiya belə olub. Halbuki Nardaran əməliyyatı noyabrın 26-da olub, müsahibə isə dekabrın 2-də - əməliyyatdan altı gün sonra verilib. Nazirliyin bəri başdan təqsirləndirilən şəxslərin ağır cəzalandırılacağını bəyan etməsi o deməkdir ki, hökm artıq hazırdır. Əgər biz bir naziri şahid kimi çağıra bilmiriksə, hansı məhkəmədən danışırıq?!".

Yalçın İmanov Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun, iş üzrə rəy vermiş ekspertlərin də məhkəmədə dindirilməsi haqda vəsatətlər verib.

Buna da bax: 'Bura tamaşadır, quruluşçu rejissoru da İlham Əliyevdir'

"Taleh Bağırovu çağırsaydılar, özü gedəcəkdi"

Müdafiəçinin daha bir vəsatəti isə ötən il Nardaran əməliyyatından əvvəl baş verənlər haqda olub: "Taleh Bağırov ifadə azadlığı hüququndan yararlanıb, siyasi hakimiyyəti sərt tənqid etdiyinə görə dəfələrlə həbs olunub. Sonuncu dəfə 2015-ci il iyulun 31-də həbsdən buraxılandan sonra verdiyi müsahibədə Azərbaycanı böyük bir zindana bənzətmişdi. Buna görə ona qarşı yenidən sərt münasibət başladı. MTN-ə çağrıldı, ardınca ailəsi ilə Yevlaxda qohumlarıgilə qonaq gedib, orada məsciddə namaz qılarkən, silahlılar hücum edib, onu polis şöbəsinə aparıb saxlayıblar. Ardınca noyabrın 3-də Yasamal Rayon Polis İdarəsində saxlanılıb və rəis İsfəndiyar Mehbalıyev tərəfindən döyülüb. Noyabrın 5-də müavini Elçin Qasımov həbs olunub. Noyabrın 6-dan hökumət mediasında, xüsusən telekanallarda onun və rəhbərliyi etdiyi Müsəlman Birliyi Hərəkatının əleyhinə qarayaxma kampaniyası başlanıb, Taleh Bağırovu "terrorçu" adlandırıblar, Müsəlman Birliyi Hərəkatını terror təşkilatları ilə eyniləşdiriblər. Noyabrın 8-də Taleh Bağırov "Facebook" səhifəsində yazmışdı ki, "bütün bunlar, əslində, Azərbaycan cəmiyyətinə mənəvi terrordur. Amma biz bu təxribata uymayacağıq". Və nəhayət, noyabrın 26-da Daxili İşlər Nazirliyinin keçirdiyi, altı nəfərin ölümünə səbəb olan primitiv əməliyyat olub. Halbuki Taleh Bağırovu çağırsaydılar, özü də gedəcəkdi və onu həbs edə bilərdilər. Amma eləmədilər. Görünür, bu əməliyyatı keçirmək lazımmış...".

Vəkil bütün bu hadisələrin xronologiyasının iş materiallarına əlavə olunmasını istəyib.

Məhkəmə bu gün qaldırılan vəsatətlərin heç birini təmin etməyib. Proses dekabrın 21-də davam edəcək.

Buna da bax:​ Amnesty International: ‘22 yaşlı fəalın abidəyə qrafiti çəkdiyinə görə...’

Xatırlatma

Ötən il noyabrın 26-da polisin Bakının Nardaran qəsəbəsindəki əməliyyatında ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüblər, qarşıdurmada da 2 polis əməkdaşı həlak olub.

Nardaranda və Sabunçu polis idarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam da saxlanmışdı. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 ayadək həbs cəzası alıb.

Hazırda Nardaran hadisələrinə görə saxlanan 18 nəfərin məhkəməsi gedir.

Buna da bax:

Taleh Bağırov aclıq aksiyasına başladı
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

XS
SM
MD
LG