Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:44

SOCAR-ın sosial xərcləri və 'büdcədən yan ötməklə maliyyələşdirmə' [araşdırma]


SOCAR beynəlxalq yarışlara sponsorluq edir
SOCAR beynəlxalq yarışlara sponsorluq edir

«Dövlət büdcəsi hesabına görülməli işləri, faktik olaraq, şirkət maliyyələşdirir və birbaşa əvəz almır»

Təsəvvür edin ki, ailənizin büdcəsini müəyyənləşdirmək istəyirsiniz. Demək artıqdır ki, ailə xərcləri həmin ailə üzvlərinin büdcəyə verdiyi pullarla qarşılanır. Amma onu da təsəvvür edin ki, ailə üzvlərindən biri, ara-sıra, ev əşyalarını da satır və ondan hesabat istəməməyinizdən ötrü, bəzən, sizə qonaqlıq verir və kiminsə həkim xərcini ödəyir. Üstəlik, ondan evdəki əşyanı neçəyə satdığını və pulun nə qədərini xərclədiyini soruşarkən... susur və həmişə söhbətin mövzusunu dəyişir.

Buna da bax:​ Əli Kərimli: ‘Bəs, bunlar deyirdi, pul yoxdur?..’

Hesabatdan nəticə: Vəsait neft şirkətinin mənfəətindən götürülür

Beynəlxalq standartların tələbinə əsasən, Dövlət Neft Şirkəti – SOCAR hər il müxtəlif hesabatlar açıqlayır. Məsələn, Konsolidasiya Edilmiş Mənfəət və ya Zərər və Sair Ümumi Gəlir haqqında Hesabatını. Bu hesabatı incələdikdə SOCAR-ın böyük vəsait ayırmaları diqqət çəkir (İllər üzrə rəqəmlər «SOCAR-a sual» bölümündədir – red.). Həmin vəsaitin nəyə xərclənməsi ilə bağlı bilgi qıtlığından, SOCAR-a sorğu göndərildi. Bu barədə bir qədər sonra. Hesabatdan o nəticə də çıxır ki, vəsait neft şirkətinin mənfəətindən götürülür.

Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT - EITI) Çoxtərəfli Qrupunun üzvü, iqtisadçı ekspert Azər Mehtiyevin fikrincə, SOCAR dövlət müəssisəsidir və təbii resursların hasilat və satışını dövlətin adından gerçəkləşdirir: “Gəlir götürür və bu gəlirlərdən istifadə edir. Buna görə də Neft Şirkətinin fəaliyyəti ictimaiyyətə açıq olmalıdır”.

Buna da bax:​ '335 milyonluq ofis və yararsız estakada'

«Hökumət qurumlarının görəcəyi iş»

Ekspert deyir ki, şirkətin sosial layihələrinin bir hissəsi ayrı-ayrı dövlət qurumlarının yerinə yetirməli və dövlət büdcəsindən maliyyələşdirilməli olan işlərdir. Daha doğrusu, belə ola bilər: «Bu halda dövlət büdcəsi hesabına görülməli işləri, faktik olaraq, şirkət maliyyələşdirir və birbaşa əvəz almır. Həm də belə işlər (məsələn, sosial obyektlərin tikintisi, infrastruktur qurulması, enerji daşıyıcıları xərclərinin subsidiyalaşdırılması və s.), əslində, büdcədən maliyyələşdirilməli olduğuna görə, hökumət qurumlarının görəcəyi iş büdcədən yan ötməklə maliyyələşdirilmiş olur».

Onun sözlərinə görə, MHŞT (EITI) beynəlxalq standartı belə xərcləri kvazifiskal xərclər sayır və onların açıqlanmasını tələb edir: «Yeri gəlmişkən, standart hasilat şirkətlərinin böyük məbləğli sosial xərclərinin də açıqlanması istənir. Kvazifiskal xərclərin açıqlanması həm hasilat sənayesinin real töhfəsinin qiymətləndirilməsi, həm belə xərclərin yaratdığı korrupsiya risklərinin aradan qaldırılması, həm də dövlət büdcəsinin fiskal risklərinin qiymətləndirilməsi baxımından önəmlidir. Bununla MHŞT Hesabatı, əslində, dövlətin gəlir və xərclərinin idarəedilməsindəki problemləri ortaya çıxara, dövlət maliyyəsini yönəltmə mexanizmlərinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində islahatları müəyyənləşdirə bilər».

Buna da bax:​ Standard & Poor’s SOCAR-a yenə 'neqativ' qiymət verdi

Konsolidasiya Edilmiş Mənfəət və ya Zərər və Sair Ümumi Gəlir haqqında Hesabatda təqdim olunan vəsaitlərin hara xərclənməsinə dair bilgi verməyən SOCAR-ın ona ünvanlanan sorğuya cavabı qısa və yarımçıq olub.

SOCAR-a sual:

SOCAR-ın Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun Konsolidasiya Edilmiş Maliyyə Hesabatlarında Konsolidasiya Edilmiş Ümumi Gəlir haqqında Hesabata görə, 2011-ci ildə sosial xərclər 278 milyon 342 min AZN, 2012-ci ildə 234 milyon, 2013-cü ildə 237 milyon, 2014-cü ildə 153 milyon, 2015-ci ildə 143 milyon manat olub. Maliyyə hesabatının heç bir yerində bu vəsaitlərin açıqlaması yoxdur. Həmin vəsaitlər hara yönəlib və niyə şirkətin mənfəəti hesabınadır?

Buna da bax: SOCAR-ın ziyanla işləməsinin sirri

SOCAR-ın cavabı:

“2015-ci ildə SOCAR-ın sosial xərcləri 143 milyon 150 min AZN təşkil edib. Sosial xərcləri yaradan əsas istiqamətlər qeyri-kommersiya fəaliyyətindən irəli gələn xərclər və qəsəbə/regionların yenidənqurulması üçün nəzərdə tutulan məbləğlər olub.

2015-ci il üzrə dövlət tapşırığı əsasında icra olunan işlərin ümumi dəyəri 338 milyon 945 min AZN olub. Bu məbləğ sosial infrastrukturun salınması və yenilənməsi, Bakı şəhəri və regionlarda əsaslı təmir və abadlıq işlərinin aparılması, memarlıq planlaşdırma, topoqrafik planlama işləri, mühəndis işləri və s. istiqamətləri əhatə edir”.

Yeri gəlmişkən, SOCAR-ın vəsaiti hara və nə qədər xərcləməsi istər beynəlxalq MHŞT (EITI) standart, istərsə yerli qanunvericiliyin tələbidir.

Buna da bax:​ Dünya Bankından 400 milyon borc istənilir

“Azərbaycan kimi ölkələrdə”

“Azərbaycan kimi ölkələrdə sosial ayırmalar, sadəcə, yeyinti mənbəyidir. Bu sahəyə "ayrılan" büdcə, sadəcə, öz yaxınlarına aid olan qurama şirkətlər vasitəsilə mənimsənilir. Bu, ehtimal deyil, elə belədir”, - Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı belə deyir. Onun sözlərinə görə, qaranlıq məsələlərin açılmasına zaman lazımdır: “Bu layihələri reallaşdıran podratçı, subpodratçı şirkətlərin hamısı öz yaxın və qohumlarınındır. Pul birbaşa ciblərə gedir”.

İqtisadçı ekspert Azər Mehtiyevin xatırlatdığına görə: “EITI (MHŞT) hesab edir ki, hasilat sənayesinin ölkə iqtisadiyyatına, dövlətə və cəmiyyətə töhfəsi tam ortaya qoyulmalıdır. Səbəb - ictimaiyyətin bu töhfəni qiymətləndirmə imkanının olmasıdır”.

Buna da bax:​ SOCAR-ın büdcəyə ödənişi azalır

Milli Məclisin üzvü Vahid Əhmədov da eyni düşüncəni paylaşır: “Ümumiyyətlə, SOCAR-ın daxili nizamnamələri var. Üstəlik, bu dəqiqə Azərbaycanda şəffaflıqla bağlı çox ciddi proqramlar həyata keçirilir. O cümlədən hər bir – istər dövlət təşkilatı, istərsə özəl qurum öz hesabatlarında şəffaflığa daha çox diqqət yetirməlidir. SOCAR, Azərbaycanın əsas gəlir gətirən mənbəyi olaraq, verdiyi hesabatlarda bütün mənbələri açıqlamalıdır. O cümlədən sosial sahəyə ayrılan vəsaitin hara və nəyə xərcləndiyini”.

Hüquqşünas: «SOCAR sorğulara cavab verməlidir»

Hüquqşünas Azər Quliyevin sözlərinə görə, SOCAR sorğulara cavab verməlidir: “Bundan ötrü Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində “Məlumat azadlığı” və 57-ci maddəsində “Müraciət etmək” hüququndan yararlanmaq olar. “Məlumat azadlığı” haqqında və “İnformasiya əldə etmək” haqqında qanunlar da bu sahəni tənzimləyir. Hər 2 qanunda dövlət və peşə sirrinə aid olan və verilməsi məhdudlaşdırılan məlumatlar göstərilib, sosial sahədən məlumatlar şəffaf olmalı və ictimaiyyətə, hətta sorğu verilmədən, açıqlanmalıdır”.

Buna da bax:​ SOCAR neft məhsulları ixracatının həcmini açıqlayıb

Hüquqşünasın fikrincə, SOCAR heç bir əsas gətirmədən bu sahəni, az qala, dövlət və ya kommersiya sirri kimi qələmə verir və açıqlamır.

XS
SM
MD
LG