Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:10

Köçkün: 'Evsiz kənarda qalıb, evi olana birini də verirlər'


Arxiv fotosu.
Arxiv fotosu.

Ağdamdan məcburi köçkün düşən Əsgərovlar ailəsi 1993-cü ildən Bərdə rayonu, Alpoud kənd orta məktəbinin binasında məskunlaşıblar.

2000-ci ildə ailə başçısı ağır xəstələnib. Məktəb direktoru, kənd icra nümayəndəsi və rayondakı vərəm dispanserinin baş həkimi ailə başçısının xəstəliyinə görə bu ailənin məktəb binasından çıxarılmasına qərar veriblər. Həmin ildən ailə kirayədə yaşamaq məcburiyyətində qalıb. 2013-cü ildə rayonda məcburi köçkünlərə binalar inşa olunur. Əsgərovlar da mənzil üçün yerli icra hakimiyyətinə müraciət etsələr də, bildirilib ki, fərdi mənzildə yaşadıqlarından və ailə başçısı vəfat etdiyindən, onlara mənzil düşmür. Əsgərovlar məsələni aydınlaşdırınca, mənzillər paylanıb qurtarıb. 2015-ci ildə rayonda məcburi köçkünlərə yenə binalar inşa olunub. Əsgərovlar ailəsi bu dəfə də bəxtlərini sınayıblar.

Buna da bax:​ 'Sosial problemlərin həllini istəmək qanunsuz tələb sayılır?'

“Məcbur qalıb Bakıya – “Qaçqınkom”a getdik”

Şüşə Əsgərova deyir:

“Yenə icra hakimiyyətinə və “Qaçqınkom”a müraciət etdik. Uzun müddət cavab ala bilmədik. Məcbur qalıb Bakıya – “Qaçqınkom”a getdik. Bu dəfə bizə bir məktub verdilər. Orda qeyd olunmuşdu ki, guya tikilən binalardan birində bizə mənzil verilib. Soruşduq ki, niyə bu məktubu bizə göndərməyiblər. Dedilər, guya Bərdədə qaldığımızdan, ünvanı tapa bilmədikləri üçün göndərə bilməyiblər”.

Əsgərovlar, sevinə-sevinə, üz tutublar məktubda qeyd olunan “Bərdə rayonu, yeni yaşayış kompleksi, bina 14, mənzil 8” ünvanına. Ancaq məlum olub ki, mənzildə başqa köçkün ailəsi yaşayır. Yenə iş qalıb rəsmi qurumlara müraciət etməyə. Baş Prokurorluq, Ombudsman Aparatı ilə yanaşı, ailə Heydər Əliyev Fonduna da üz tutub. Hələlik, ailəyə təkcə Fonddan cavab gəlib. Məktubda qeyd olunub ki, məcburi köçkünlər üçün inşa olunan yaşayış komlekslərinə yalnız zərurət yaranan inzibati binalarda məskunlaşmış köçkün ailələri köçürülür. Şüşə Əsgərova bu cavabla razılaşmır. Onun fikrincə, “Qaçqınkom” və yerli icra hakimiyyəti yeni tikilən binalardakı evləri köçkünlər arasında ədalətli qaydada bölüşdürmür:

Buna da bax: Dağılan yataqxananın yanında hündürmərtəbəli bina

“Kirayədə qaldığınız evdən çıxmayın ki”nin sonu

“7 nəfərlik ailə çətin durumda, kirayədə qalır. Biz hər dəfə yerli icra hakimiyyətinə və “Qaçqınkom”a müraciət edəndə deyirdilər ki, çalışın, kirayədə qaldığınız evdən çıxmayın ki, yeni binalar tikiləndə sizə də ev düşsün. İcra hakimiyyəti başçısının və “Qaçqınkom” sədri Əli Həsənovun qəbulunda olanda, şəxsən özləri söz veriblər ki, yeni tikilən binalardan bizə ev veriləcək. Hətta şöbə rəisi Elman İsmayılov da deyib ki, “bacı, niyə əziyyət çəkib gəlmisiniz, sizə söz vermişəm, ev veriləcək”. Ancaq sonradan məlum oldu ki, bizi aldadıblar. O binalardakı evlərin çoxu başqa yerdə evi, imkanı, pulu olana verilib, bizim kimi ailələrsə çöllərdə qalıb”.

İcra hakimiyyəti: “Onlara bildirilib ki...”

Buna da bax:​ Köçkün əlil nə üçün çayxana açmaq istəyirmiş?

Bərdə rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Əsgərovlar ailəsi, məcburi köçkünlər üçün bütün imtiyazlardan istifadə etməklə, Bərdədə kirayədə yaşadıqlarına görə kənarda qalıblar: “Dəfələrlə müraciət ediblər, onlara bildirilib ki, həmin yaşayış komplekslərinə yataqxanalarda, tibb və təhsil müəssisələrində, tikintisi yarımçıq qalmış binalarda və digər obyektlərdə məskunlaşan köçkünlər köçürülür. Fərdi mənzillərdə kirayədə yaşayan köçkünlərə isə yalnız qeyd olunan yaşayış yerlərindən köçürülmələrdən sonra növbə çatacaq.

- Ancaq bu ailəyə verilən məktubda qeyd olunub ki, mənzil verilib, hətta mənzilin ünvanı da qeyd edilib...

- Biz onlara belə məktub verməmişik, heç belə bir səlahiyyətimiz də yoxdur. “Qaçqınkom”la aydınlaşdırsınlar. Bizim vəzifəmizə daxil olan yalnız inzibati binalarda, yarımçıq tikililərdə, köçürülməsi zəruri olan yataqxanalarda məskunlaşanların siyahısını tutub “Qaçqınkom”a təqdim etməkdir”.

Buna da bax:​ Biləsuvardakı köçkün qəsəbəsindən xəbər var

Hüquqşünas: “Ailə “Qaçqınkom”u məhkəməyə versə...”

Hüquqşünas Namizəd Səfərov deyir, Əsgərovlar ailəsi “Qaçqınkom”un onlara mənzil verilməsi ilə bağlı məktubunu əsas götürərək, quruma qarşı məhkəmə iddiası qaldıra bilər: “Heç bir qanunda yazılmayıb ki, kirayədə yaşayan köçkünə ev verilməsin. Qanunvericiliklə bütün köçkünlər yeni salınmış köçkün şəhərciklərində bərabər qaydada yerləşdirilməlidir. Əsgərovlar ailəsi məhkəməyə müraciət edə, hüquqlarına hüquq müstəvisində sahiblənə bilər”.

XS
SM
MD
LG