Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:27

'Belə hökumətlə böhranı durdurmaq mümkün deyil'


İlham Əliyev «ASAN-xidmət»də.
İlham Əliyev «ASAN-xidmət»də.

«ASAN-xidmət»in uğurları, büdcə talançılığı, nağdsız hesablaşmalardakı problemlər və ölkənin bank sisteminə etimadın itməsi bu gün medianın aparıcı mövzusudur…

ASAN İNQİLAB

«Azərbaycan» qəzetində dərc edilən «Əliyevin ASAN inqilabı» sərlövhəli məqalədə «ASAN xidmət»in fəaliyyəti dəyərləndirilir.

Müəllif yazır ki, getdikcə «ASAN-xidmət»in fəaliyyət dairəsi genişləndirilməkdədir. Artıq xidmət mərkəzlərinin sayı 12-ə çatıb.

Məqalədə qeyd edilir ki, bir müddət öncə «ASAN-kommunal» mərkəzinin fəaliyyətə başlaması «ASAN-xidmət»in çoxfunksiyalı və sosialyönümlü bir layihə olmasının göstəricisidir.

Müəllif prezidentin son mərkəzin açılışındakı çıxışından sitat da gətirir: «Mən bu mərkəzlərin 11-də, bu da 12-cisidir, hamısının açılışında olmuşam. Mən bu açılışlara gəlməyimlə bu hərəkata bir daha öz dəstəyimi göstərirəm və sizin fəaliyyətinizə yüksək qiymətimi ifadə edirəm».

Məqalədə deyilir ki, 12 mərkəzdən 6-sı bölgələrdə yerləşir. Gələcəkdə isə həm bu xidmətin coğrafiyasını, həm də funksiyasını genişləndirmək niyyətindədirlər: «Gələcəkdə istilik təchizatı, rabitə-telefon xidmətləri, poçt, kabel televiziyaları, internet xidmətləri və kommunal sahədə fəaliyyət göstərən digər qurumların xidmətlərinin də «ASAN kommunal» mərkəzlərdə təşkil edilməsi nəzərdə tutulub».

Bütünlükdə «ASAN-xidmət»in yaradılmasını inqilabi proses kimi dəyərləndirən müəllif bunu həm də müsbət təcrübə kimi xarakterizə edir.

Nemət Əliyev
Nemət Əliyev

BÜDCƏ TALANÇILIĞI DAVAM EDİR

Azadliq.info saytında «Hökumət 1 aya 4 milyardı hara xәrclәdi?» sualına iqtisadçı-ekspert Nemət Əliyevlə cavab axtarılır.

Maliyyə Nazirliyinin 2016-cı ilin dekabr ayında dövlət büdcəsindən 3 milyard 815 milyon manat xərcləməsi haqda açıqlanmasına toxunan iqtisadçı qəzetə bunları deyib: «Yalnız dekabr ayında dövlət büdcəsindən 4 milyarda yaxın maliyyə vəsaiti xərclənib. Əgər buna «xərclənib» demək mümkündürsə. Bu vəsait illik büdcənin 21 faizi qədərdir. Odur ki, belə hökumətlə, belə zehniyyətlə böhranı durdurmaq, irəliləyişə nail olmaq əsla mümkün deyil».

N.Əliyev aylıq xərcin birdən-birə bu qədər artmasının təəccüb doğurduğunu bildirir. O xatırladır ki, 2016-cı ilin11 ayında faktiki orta aylıq xərc 1 milyard 266 milyon manat olub: «Ölkədə korrupsiya və rüşvətxorluğun yüksək səviyyədə olması bu şübhələri daha da böyüdür. Külli miqdarda dövlət maliyyə vəsaitlərinin təyinatından yayındırılması, silinməsi ehtimalı çox yüksəkdir».

Yazıda qeyd edilir ki, Maliyyə Nazirliyində ciddi dövlət yoxlamalarının həyata keçirilməsi hava və su qədər əhəmiyyətlidir: «Maliyyə vəsaitlərinin bu cür qaydasız şəkildə xərclənməsi iqtisadi baxımdan səmərəli hesab oluna bilməz. Obyektiv yoxlamalar həyata keçirmək yolu ilə israfçılığın yeminə çevrilən dövlət maliyyə vəsaitlərinə küllü miqdarda qənaət etmək mümkündür».

Əkrəm Həsənov
Əkrəm Həsənov

NAĞDSIZ HESABLAŞMA ƏLVERİŞLİ DEYİL?..

«Exo» qəzetində «Azərbaycan biznesi nağdsız hesablaşmanın əleyhinədir» sərlövhəli məqalə oxumaq olar. Yazıda bu sahədəki durum ekspert Əkrəm Həsənovla təhlil edilir.

Ekspertin deməsinə görə, hazırda Azərbaycanın biznes-strukturları nağdsız hesablaşmalara keçmək istəmirlər: «Yüksək vergi dərəcələri və ölkədə bank sisteminin dayanıqsız durumu sahibkarlarda qorxu yaradır. Buna görə də, «Nağdsız hesablaşmalar haqqında» Qanunundan yan keçmək yollarını axtarırlar».

Müəllif xatırladır ki, 2016-cı ilin sonunda parlament «Nağdsız hesablaşmalar haqqında» Qanun qəbul edib. Sənədə əsasən, ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən, illik dövriyyəsi 200 min manatı keçən iri sahibkarların aylıq nağd hesablaşmaları 30 min manatla məhdudlaşır. Digər vergi ödəyiciləri üçün məhdudlaşma aylıq 15 min manat təşkil edir.

Bununla bağlı parlament Vergilər Məcəlləsinə dəyişiklik edib. Artıq hüquqi şəxslər pul vəsaitlərini nağdlaşdıranda bunun 1 faizi vergi kimi tutulur.

Ə.Həsənov düşünür ki, bu dəyişikliklər zamanında edilməyib. Bunlar bir neçə il öncə, bank sistemində fəaliyyət qaydasında olanda edilməli idi. Onun fikrincə, qanunvericilikdəki dəyişikliklər tam effekt verməyəcək. Çünki fiziki və hüquqi şəxslər bank sisteminə etimad etmirlər: «Bu, əsasən, öz kapitalları ilə risk etmək istəməyən biznesmenlərə aiddir. Biznes təmsilçiləri pullarını Azərbaycan banklarında qəti şəkildə saxlamaq istəmirlər. Bankların ləğvindən sonra sahibkarlar əmanətlərinin geri alınmasında problemlərlə üzləşdilər və burada söhbət iri məbləğlərdən gedir. Odur ki, çox gecikmişik və qəbul edilən qanun belə, nağdsız dövriyyəni artıra bilməyəcək».

Ə.Həsənova görə, vergilərin yüksək olması da nağdsız hesablaşmalara keçmək yolunda maneədir.

Elman Rüstəmov
Elman Rüstəmov

BƏS ERMƏNİSTAN...

«Novoye Vremya» qəzetində isə «Elman Rüstəmov hər şeyi öz adı çağırmalıdır» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda qeyd edilir ki, manata etibar itib. Kredit götürmək bir yana, kimsə depozit hesabı açmağa belə risk etmir: «Burada çoxları əmindir ki, problem Mərkəzi Bankın rəhbərliyindədir və onlar səhvlərinə görə cəzalarını almalı, ən azı istefaya getməlidirlər».

Müəllif hesab edir ki, Mərkəzi Bank manatla bağlı işinin öhdəsindən gəlməyib: «Ölkənin bank sistemi dünyada ən pis bank sistemi sırasına salınıb».

Yazıda vurğulanır ki,bəzi beynəlxalq qurumlar hətta Ermənistanın bank sektorunu Azərbaycan banklarından daha əlverişli hesab edirlər: «Yaxşı, tutaq ki, Rusiya böyük dövlətdir, ona görə böhranı nisbətən tez adlayıb. Gürcüstan bütünlüklə keçmiş idarəçilikdən imtina edib, ona görə də böhranı rahat keçə bilir. Bəs Ermənistan bankları necə olur ki, bizdən səmərəli fəaliyyət göstərir?».

Müəllifə görə, bunun səbəbləri çox sadədir. Azərbaycan məmurları və bankirləri tərifi çox sevirlər. İşləmirlər, ancaq yaxşı qazanırlar.

XS
SM
MD
LG