Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:24

'Dövlət mafiya qaydaları ilə idarə olunub'


İlham Əliyev Ağsuda.
İlham Əliyev Ağsuda.

Dövlət başçısı İlham Əliyevin fəaliyyətinin dəyərləndirilməsi, ölkədə qeyri-qanuni həbslər və məhkəmə sisteminə inamsızlıq bu gün medianın aparıcı mövzusudur...

PREZİDENTƏ ETİMAD

«Azərbaycan» qəzetində «Xalqın prezident İlham Əliyevə etimadı daha da artıb» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, ictimai öhdəliklərə, xalq qarşısında verdiyi vədlərə sadiqlik, əhalinin sosial rifah halının yaxşılaşdırılması, ölkənin iqtisadi cəhətdən gücləndirilməsi prezident İlham Əliyev idarəçiliyində diqqətçəkən ən mühüm məqamdır: «Başqa sözlə, həyata keçirilən çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə, miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkib. Məhz bu cür liderlər zamanın çağırışlarına cavab verən realist siyasət yürütməyə, uğurlu gələcək naminə xalqın, dövlətin güc və imkanlarını toparlayır, vahid milli ideyanın gerçəkləşdirilməsi naminə səfərbər edir».

Yazıda vurğulanır ki, dövlət başçısı Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaq yönündə ardıcıl tədbirlər həyata keçirir və dünya ölkələrini iflic edən qlobal maliyyə böhranı şəraitində həyata keçirilən islahatlar bu məqsədin reallaşdırılmasına hesablanıb.

Müəllif yazır ki, prezident Azərbaycanı enerji resurslarından asılı olmayan müasir və qüdrətli dövlətə çevirmək məqsədini deklorativ bəyanatlarla ifadə etmir, konkret icra mexanizmlərinin müəyyən edilməsi yönündə konkret addımlar atır.

Akif Çovdarov
Akif Çovdarov

BU ÖLKƏDƏ NƏ QƏDƏR «TORBA TİKƏN» VAR...

Azadliq.info saytında «Ölkədə neçə nəfər «torba tikən» var?» sərlövhəli məqalədə ölkədə haqsız yerə insanların incidilməsindən, məsuliyyətə cəlb edilməsindən bəhs olunur.

Müəllif yazır ki, Azərbaycanda qeyri-adiliklər çoxdan adi hala çevrilib. Ancaq buna baxmayaraq, mövcud sistemin «yetirmələri» insanda hələ də təəccüb doğura bilirlər. Müəllif vurğulayır ki, bu ölkədə hüquqsuzluğun, zalımlığın, qeyri-insaniliyin sərhəd tanımaması insanı dəhşətə gətirir. Xüsusən də «MTN işi» məhkəməsində üzə çıxan faktları, təqsirləndirilənlərin etirafını eşidəndə, «yazıq xalq, yazıq ölkə» demək istəyirsən.

Yazıda müəllif həbsdə olan keçmiş MTN generalı Akif Çovdarovun məhkəmədə mühüm bir etirafını xatırladır: «Məndən çox bu ölkədə adam həbs edən olmayıb, 3-4 min adam həbs etdirmişəm. Heç birimiz müqəddəs deyilik. Mən də vaxtilə «torba tikmişəm», amma bu işlərdə ən azı 80 faiz cinayət tərkibi olub. 20 faizini də özümüz düzüb qoşmuşuq ki, adamı salsınlar içəri».

Müəllifin fikrincə, əgər A.Çovdarov bu qədərini etiraf edirsə, əminliklə demək olar ki, ölkədə 10 minlərlə insan haqsız yerə şərlənib, şantaj olunub, işgəncə görüb və həbsə salınıb.

Yazıda qeyd edilir ki, bir general 3-4 min adamın həbsinə göstəriş verə bilirsə, başqalarının nələr etdiyini təsəvvür etmək çətin deyil: «Deməli, bu ölkədə Akif Çovdarovlar çoxdur və onlar rahat həyatlarını yaşayırlar. Məsələ burasındadır ki, minlərlə insanın «torbasının tikilməsi»ndə 10-larla səlahiyyətli adamlar iştirak edib».

Müəllif hesab edir ki, bu adamların günahsızlığından 10-larla hakim, müstəntiq, prokuror xəbərdar olub.

Yazıda vurğulanır, bu qədər cinayətlər, bu qədər insan həyatının məhv edilməsi xeyli səlahiyyət sahibinin gözü qarşısında baş verib. Demək dövlət mafiya qaydaları ilə idarə olunub.

Femida
Femida

«LAL VƏ KAR FEMİDA»

«Novoye Vremya» qəzetində isə «Femida Azərbaycan vətəndaşlarına üzünü nə zaman tutacaq» sərlövhəli məqalə oxumaq olar. Müəllif ölkədə mühakimə sisteminin yararsızlığından bəhs edir.

Yazıda deyilir ki, hazırda davam edən böhranla bağlı təkcə iqtisadi sahədə yox, ictimai-siyasi sahədə də islahatlara ciddi ehtiyac var: «Ölkədə iqtisadi və siyasi islahatların uğuru müstəqil ədalət mühakiməsi qurulması məqsədilə məhkəmə-hüquq sistemindəki köklü dəyişikliklərdən keçir».

Müəllif hesab edir ki, Azərbaycan ədalət mühakiməsindəki mövcud durum vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin etməyə qadir deyil: «Azərbaycan məhkəmə sistemi qanunçuluq və ədalət ideallarını təcəssüm etdirmir, ayrı-seçkilik, qanunun aliliyinin inkar olunması və yuxarıdan deyilən siyasi sifarişin yerinə yetirilməsi isə artıq normaya dönüb».

Yazıda xatırlanır ki, bu günlərdə Məhkəmə-Hüquq Şurası korrupsiya və rüşvət hallarına görə bəzi hakimləri cəzalandırıb. Müəllif korrupsiyanı təkcə ədalət mühakiməsi sistemi yox, bütün cəmiyyətdən ötrü «xərçəng şişi» sayır.

Yazı müəllifi vurğulayır ki, bu mənada hakim korpusunu rüşvətxorlardan təmizləmək Məhkəmə-Hüquq Şurasından ötrü şərəf məsələsidir: «Eyni zamanda bu olanlar vətəndaşlara münasibətdə qanunsuzluqlara qarşı mübarizəni də gücləndirməlidir. Mülki və cinayət işlərindən siyasi işlərə qədər bütün proseslərdə ədalətin təntənəsi prioritet olmalıdır».

Müəllif hesab edir ki, bu məsələdə Ədliyyə Nazirliyinin ardıcıllığı ölkə daxilində məhkəmələrin hörmətinin artmasına səbəb ola bilər. Yazıda qeyd edilir ki, yerli ədalət mühakiməsinə etimad hər gün azalır: «Təsadüfi deyil ki, getdikcə daha çox vətəndaş ədaləti Avropa İnsan Haqları Məhkəməsində axtarır. Əgər ədalət Femidası vətəndaşlara münasibətdə lal və kar olmasaydı, bu qədər iddia Strasburqa göndərilməzdi».

XS
SM
MD
LG