Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:41

'- Mehriban xanıma şikayət edəcəyik. - Elə bu saat o sizi eşitdi…'


M.Əliyeva
M.Əliyeva

Hökumətin sosial siyasəti, Bakının mərkəzində yeni söküntülərin doğurduğu narazılıqlar və «qara bazar»da dolların bahalaşması bu gün medianın aparıcı mövzusudur…

MƏRHƏMƏT

«Azərbaycan» qəzetində «Yüksək vətəndaşlıq və mərhəmət missiyası» sərlövhəli məqalədə birinci vitse-prezident Mehriban Əliyevanın əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində xidmətləri dəyərləndirilir.

Müəllif yazır ki, əhalinin etibarlı sosial müdafiəsinin və yüksək rifah halının təmin olunmasından ötrü həyata keçirilən tədbirlər ölkənin milli inkişaf modelinin sosialyönümlü mahiyyətini təsdiqləyir.

Yazıda vurğulanır ki, mövcud sosial siyasət sahəsində inkişaf indekslərinin Avropa tələblərinə uyğunlaşdırılması, sosial hüquqların etibarlı müdafiəsi əsas prioritetlərdəndir.

Müəllif bu meyarların dövlət başçısı İlham Əliyevin imzaladığı «2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası»nda da öz əksini tapdığını yazır: «Sənəddə qarşıdakı illərdə sosial müdafiə tədbirlərinin əhatəsinin gücləndirilməsi, sosial təminat və pensiya sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması ilə bağlı prioritetlər müəyyənləşdirilib».

Yazıda daha sonra birinci vitse-prezident Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlərdən bəhs edilir. Müəllif M.Əliyevadan sitat da gətirir: «Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Lakin bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılmalıdır. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir…».

S.Rüstəm küçəsinin sakinləri evlərinin sökülməsinə etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

BAKIDA MƏNZİLLƏRİNDƏN ZORLA ÇIXARILANLAR

«Bizim Yol» qəzetində isə «Bakının mərkəzində şiddət yaşanır: sakinləri zorla evlərindən çıxarırlar» sərlövhəli məqalə oxumaq olar.

Süleyman Rüstəm küçəsi, 193 (köhnə 69) ünvanında yaşayan sakinlər qəzetə bildiriblər ki, sözün əsl mənasında, onlara divan tutublar. Yaşadıqları mənzilə güc yolu ilə daxil olan tikinti şirkətinin işçiləri əşyaları çölə atırlar.

Sakinlərdən Sədaqət Hüseynova deyib: «2016-cı ilin dekabrından ərazidə söküntü işlərinə başlanıb. Ötən ilin dekabrında gətirib bura polis tökdülər, biz polis idarəsinə zəng vurduq, dedilər xəbərimiz yoxdur. Sonra bəzi sakinləri qorxudaraq razılıq aldılar. Bəzisi vəzifəsinə, bəzisi işinə görə geri çəkilməli oldu. Fevral ayında gəlib qazımızı kəsdilər. Ətrafda yaşayanlar inandı ki, dövlət layihəsidir, razılaşdılar. Bu şəxslərin heç bir sənədi yoxdur. Gəlib bizim evlərimizə sahib çıxdılar».

Başqa bir sakin Dilavər Osmanova da şikayətçilər arasındadır: «Bizim evlərimiz qəzalı olmayıb. Bu evdən iki qız köçürmüşəm, heç bir şikayətim olmayıb. Gəlib qonşunun suyunu kəsdilər. Bütün gecəni su doldu zirzəmiyə, evim bərbad vəziyyətə düşdü. Deyirik ki, Mehriban xanıma şikayət edəcəyik, deyirlər elə bu saat o sizi eşitdi. Şəhərin mərkəzində odun yandırırıq».

Yazıda bildirilir ki, sakinləri yaşadıqları evlərdən çıxarmaq istəsələr də, onlara hər hansı kompensasiya təklif edilmir.

Müəllif sakinlərdən S.Hüseynovanın əmlakının çölə atılmasını belə təsvir edir: «Hadisə yerinə çatanda evin əşyaları çölə tökülmüşdü. Sakinlər ağlayır, qışqırır, şirkətin nümayəndələri ilə mübahisə edirdilər. Ərazinin Mənzil İstismar Sahəsinin (MİS) müdiri, şirkətin əməkdaşları, polis nümayəndələri sadəcə kənardan dayanıb evin sökülməsinə baxırdılar…».

N.Cəfərli
N.Cəfərli

DOLLAR «QARA BAZAR»DA BAHALAŞIR

«Yeni Müsavat» qəzetində ««Qara bazar»da dollar kim və niyə bahalaşdırır» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda iqtisadçı-ekspert Natiq Cəfərlinin düşüncələrinə yer verilir.

Yazıda bildirilir ki, son üç gündə ardıcıl olaraq «qara bazar»da dollar bahalaşmaqda davam edir. 1 dollar yenidən 1.70 manat həddinə yaxınlaşır. Kommersiya banklarında isə dolların alış qiyməti bundan bir qədər ucuzdur.

Ekspert N.Cəfərli mövzu ilə bağlı qəzetə bunları deyib: «Sadəcə, valyutadəyişmə məntəqələri tam gücü ilə fəaliyyət göstərməyə başlasa, «qara bazar» sıradan çıxacaq. «Qara bazar»ın fəaliyyəti üçün heç bir məntiqi əsas qalmayacaq. Ola bilər ki, «qara bazar» özünün son günlərində dövriyyəsini artırmaq və müəyyən itkilərini geri qaytarmaq üçün müəyyən addımlar atır».

Ekspert hesab edir ki, «qara bazar»da dolların bahalaşmasında psixoloji amillərin də təsiri var: «Çox ciddi bir psixoloji ortam var ki, İslam Oyunları və «Formula-1»dən sonra dollar yenidən bahalaşa bilər. Bu fikir kifayət qədər ciddi bir şəkildə səsləndirilir. Bu ehtimalların iqtisadi əsası da var. Çünki ölkənin makroiqtisadi göstəricilərində heç bir dəyişiklik olmayıb. Yəni, gəlirlərin artım sürəti o qədər çox olmayıb ki, valyuta tənzimlənməsinə şərait yaransın».

N.Cəfərli vurğulayıb ki, hökumət, doğrudan da, qeyri-neft sektorunu inkişaf etdirmək istəyirsə, manata süni şəkildə dəyər vermək əks nəticələr verə bilər: «Bunu hökumət də, Mərkəzi Bank da anlayır. Ona görə də, sanki 1.70 ətrafında psixoloji bir sərhəd çəkib ki, bu, ən aşağı həddir. Bunu da öz əməlləri ilə bəyan edir. Ola bilər ki, Oyunlardan sonra gözlənilən turist axını baş tutarsa, ondan sonra məzənnədə müəyyən dərəcədə dəyişikliklər olsun».

XS
SM
MD
LG