Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:28

'AzerGold' 81 milyon manatı 10 manat kapitalı olan şirkətə verdi


Qızıl mədənlərində Əliyevlərin payı
Gözlə

No media source currently available

0:00 0:05:48 0:00

Qızıl mədənlərində Əliyevlərin payı

Çovdar qızıl filiz yatağı üzrə «Star Mining» şirkətiylə 81 milyon manatlıq müqavilə bağlanıb. Şirkət mədən partlatma, süxur daşıma, xırdalama və ələmə işlərini görəcək.

Bu, «AzerGold» QSC-nin bu il ərzində qızıl və gümüş satışından gözlənilən gəlirinin 55 faizi qədərdir. «Interfax» agentliyi yazır ki, bu il nəzərdə tutulan həcmdə nəcib metal satılarsa, dövlətə məxsus qızıl şirkəti 145 milyon manat əldə edə bilər.

«Star Mining» şirkəti (VÖEN 1003636361) 2014-cü ilin dekabrında yaradılıb. Vergilər Nazirliyinin məlumatına görə, yaradılarkən şirkətin adı «Star Transport» MMC, direktoru Sonya Ramizovna Əhmədova idi. Hazırda isə şirkətə Vidadi Hüseynov rəhbərlik edir.

ŞİRKƏTİN TƏCRÜBƏSİ HAQDA MƏLUMAT YOXDUR

«AzerGold» QSC Çovdar qızıl mədənində aparılacaq işlərlə bağlı tenderi 2016-cı ilin dekabrında keçirmişdi. İddiaçılar qarşısında qoyulan tələblər arasında son 5 il ərzində illik 500 min m³-dan çox mədən partlatma, 1 milyon tondan çox filiz (süxur) daşıma və aylıq 50 min tondan çox qaya süxurlarının xırdalanması və ələnməsi işlərinin görülməsi ilə bağlı təcrübə haqda məlumatın verilməsi də vardı.

Çovdar yatağının işlənməsi üzrə «Star Mining» MMC ilə bağlanmış müqavilənin ayrıntıları (icra müddəti, podratçının bank təminatının məbləği), qalib şirkətin ixtisas göstəriciləri (lisenziyalar, təcrübə, eləcə də maliyyə və texniki imkanlar) haqda AzadlıqRadiosunun sorğusuna «AzerGold» QSC-nin rəhbərliyi cavab verməyib. «Star Mining» MMC-nin rəhbərliyi mədənçilik sahəsində təcrübəsi, həmçinin şirkətin təsisçiləri, kapitalı və aktivləri haqda sualları cavabsız qoyub. Şirkətin (hüquqi ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 24, mənzil 55) korporativ internet saytı bağlıdır. Şirkət haqda ictimaiyyətə bəlli olan təkcə onun nizamnamə kapitalına qoyulan sərmayənin məbləğidir – 10 manat.

ALMANİYA VƏTƏNDAŞININ ŞƏRİKİ ALI XƏLƏFLİDİR

«Star Mining» MMC-nin direktoru və təsisçilərindən biri olan Vidadi Vilayət oğlu Hüseynov kommersiya dövlət reyestri məlumatlarına görə, Almaniya vətəndaşıdır. Media onun «MTN işi» üzrə şahidlərdən biri olduğunu, keçmiş MTN generalı Akif Çovdarova qarşı cinayət işində ifadəsinin alındığını yazır.

Vidadi Hüseynovun təsisçiliyə ilə Azərbaycanda, ən azı, iki şirkət yaradılıb. Bunlar «Azplast 2012» MMC və «Transko 2012» MMC-dir (bu şirkət yaradılarkən adı «Honig» MMC idi – red.). Bu iki şirkətdə Vidadi Hüseynovun ortağı Alı Xələf oğlu Xələflidir.

İşadamı V.Hüseynov həm də «Qaya Transport» MMC, «Premium Beton» MMC və «Qala» fərdi müəssisənin direktorudur. Bu şirkətlər, eləcə də «Premium Transport» MMC və «Germani Kooporeyşn» MMC, əsasən, bir ünvanda qeydiyyata alınıb - Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 63, mənzil 29.

«Premium Transport» şirkəti özünün internet saytında mədənlərin işlənməsi sektorunda çalışdığını bildirir. Şirkətdə V.Hüseynovun ona bağlı olduğunu AzadlıqRadiosuna təsdiqləyiblər, amma bu şirkətin hansı filiz yataqlarının işlənməsi layihələrində iştirak etməsi haqda suala cavab verməyiblər.

«AZERGOLD»UN BAŞQA XƏRCLƏRİ DƏ VAR

Səhmdar Cəmiyyəti bu ilin sonunadək 70 min unsiya qızıl, 90 min unsiya gümüş satmaq barədə planlarını açıqlamışdı. Gəlirin 85 milyon dollar olacağı proqnozlaşdırılsa da, xərclərin nə qədər olacağı haqda bir söz deyilməmişdi. Şirkət, hələlik, 2016-cı il üzrə maliyyə hesabatını da açıqlamayıb.

İqtisadiyyat Nazirliyinin açıqladığı məlumatlara görə, «AzerGold» QSC bu il İsveçrənin «Argor-Heraeus SA» şirkəti ilə əlvan metalların saflaşdırılmasından ötrü 352.1 min manatlıq müqavilə bağlayıb. Metal külçələrin daşınmasına görə «G4S International Logistics (UK) Limited» şirkətinə 91 min 968 ABŞ dolları ödəniləcək. Külçələrin təyinat məntəqəsinə daşınmasının sığorta edilməsinə görə «Paşa Sığorta» ASC ilə 189 min 684 manat dəyərində müqavilə bağlanıb.

PREZİDENTİN QIZLARINA NƏ ÖDƏNİLDİ?

«AzerGold» QSC 2015-ci ilin fevralında əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması məqsədilə yaradılıb. Bir il sonra, mayda şirkətin nizamnaməsi və strukturu təsdiqləndi. Mayın 25-də isə prezident ilham Əliyev Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi sahəsində xarici şirkətlərlə bağlanmış sazişin ləğvini nəzərdə tutan sərəncam imzaladı. Həmin sərəncam həm də adıgedən filiz sahələrinin və yataqların növbəti mərhələdə «AzerGold QSC» tərəfindən idarə olunmasını nəzərdə tuturdu.

2006-cı il dekabrın 30-da Azərbaycan hökuməti ilə «Londeks Resorsiz S.A.», «Uill ənd Meyris S.A.», «Farqeyt Mayninq Korporeyşn», «Qlobeks İnternəşnl LLP» və «Mitsui Mineral Development Enceniring Ko. Ltd» arasında Azərbaycandakı bir çox əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdı. Jurnalist araşdırmaları ilə müəyyən olunmuşdu ki, bu şirkətlərin bir neçəsinə ofşor şirkətlər vasitəsilə prezident İlham Əliyevin qızları Arzu və Leyla Əliyevalar nəzarət edirlər.

Hökumət sazişdə iştirak edən şirkətlərin bu layihə üzrə paylarını prezident İlham Əliyevin 25 may 2016-cı il tarixli sərəncamına əsasən satın aldı. Maliyyə, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Hesablama Palatası və «AzerGold» QSC Azadlıq Radiosunun xarici şirkətlərə ödənilən vəsaitin məbləği haqda sorğularına cavab verməyiblər.

XS
SM
MD
LG