Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:34

Qarabağ əlili: "Sənədlərimin arasında pul yoxdursa, heç araşdırmırlar" 


Lökbatan
Lökbatan

Onun iddiasına görə, 4 ildir ki, icra hakimiyyətinə gedib gəlir, rüşvət vermədiyi üçün evini tikə bilmir

"Bir il əvvəl icra hakimiyyəti işçilərinin tikintiyə görə məndən rüşvət istəmələrindən şikayət etdim. Şikayətçi çox idi, icra hakimiyyətinin bir neçə işçisi cəzalandırıldı. Hətta bir-iki nəfər də işdən çıxarıldı. Yeni işçilər gəldi, ancaq bundan məni kimi yetimlərə nə? Mən ki hələ də evimi tikə bilmirəm. Niyə? Çünki rüşvət tələbi qüvvədədir. Rüşvət verməyənə ev tikintisinə imkan verilmir”.

Bunu fərdi yaşayış evi tikmək üçün hər bir sənədi qaydasında olduğunu iddia edən Natiq İsmayılov deyir.

Natiq İsmayılovun sözlərinə görə, 4 ildən çoxdur bu əziyyəti çəkir – rüşvət vermir deyə, sənədli-sübutlu torpağında sənədli-sübutlu tikinti apara bilmir. Hər dəfə daşı daş üstünə qoyanda əraziyə tökülüb gələn icra hakimiyyəti işçiləri onu beləcə hədələyir – gəl başçını gör, sonra tik, yoxsa sökərik ha...”. Natiq İsmayılovun da əli-qolu yanına düşür. Və 4-cü ildir ki, beləcə ötüb keçir - aldığı torpağın üzərinə alıb tökdüyü quma, daşa tamaşa edə-edə...

Buna da bax: Nigahöncəsi yoxlamadan keçənlərin uşağı xəstə doğuldu

“Deyirəm, ay insafsızlar...”

“Torpağım Lökbatandadır. Deyirəm, ay insafsızlar, onsuz da hamıdan alırsınız, heç olmasa, şikəstdən, yetimdən almayın. 2-ci qrup Qarabağ əliliyəm, bədənimdə qəlpə gəzdirirəm. Ailəm, azyaşlı uşaqlarım onun-bunun qapısında yatıb-durur. Tikintiyə başlamağa bütün sənədlərim var. Sənədləri təqdim edəndə, açıb arasına baxırlar, pul yoxdusa, heç sənədləri araşdırmırlar, eləcə özümə qaytarırlar. Torpaq aldığım və ev tikintisinə mənə süni əngəllər yaradan qurumun rəhbəri ilə görüşə bilmirəm. Gör nə aləmdirsə, başçı vətəndaşı qapıya da yaxın buraxmır. Dəfələrlə dəhlizdə başçının otağına tərəf qaçmışam, gəlib sürüyüb atıblar çölə. Guya başçı otağında quraşdırılmış monitordan müşahidə kameraları ilə dəhlizlərdə nə baş verdiyini görmür?”.

Əlil deyir, bir neçə gün əvvəl Lökbatan qəsəbə icra nümayəndəsi Oqtay Sadıqov onunla telefonda danışıb və bildirib ki, nəhayət, başçı tikintiyə razılıq verib. O, sonuncu dəfə sənədlərə baxış keçirilməsi üçün Natiq İsmayılova icra hakimiyyətinin memarlıq şöbəsinə yaxınlaşmasını təklif edib. Natiq İsmayılov da deyilən vaxtda sıənədlərdən ibarət qovluğu da qoltuğuna vurub quruma gedib. Ancaq bu dəfə də, əvvəllər olduğu kimi, ondan tikintiyə başlamaq üçün rüşvət istənilib.

“Natiq İsmayılovun şikayəti əsassızdır”

Qaradağ Rayon İcra Hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, Natiq İsmayılovun şikayəti əsassızdır, ondan nə tikintiyə görə, nə də başqa məqsədlə pul tələb olunmayıb: "Ona təklif olunub ki, gətirsin, sənədləri bir də gözdən keçirilsin, araşdırılsın, tikinti qanunidirsə, buyursun, tiksin. Çox vaxt adamlar "hər sənədim qaydasındadır" deyir, gələndə məlum olur ki, "hər sənədi" ilkin sənəddən ibarətdir. Hər həftənin çərşənbə günü başçı vətəndaşları qəbul edir, o da başqa vətəndaşlar kimi, qeyd olunan tarixdə və saatda qəbula gələ bilər".

“İcra başçıları hələ də "köhnə qaydalarla" işləyirlər"

Hüquqşünas Vaqif Alıyev deyir, vətəndaşların fərdi ev tikməsi üçün sənədləşmələrin sadələşdirilməsinə görə 2013-cü ilin əvvəlindən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsi də rüşvətin qarşısını ala bilməyib:

"Həmin yeniliklərə görə, fərdi yaşayış evlərinin tikintisinə icazə tələb olunmur. Ev tikmək istəyən vətəndaş onun layihəsini hazırlayır və həmin layihəni ərizə ilə birlikdə tikintiyə icazə verən quruma göndərir. Bu proses məlumat xarakterli olduğundan məlumatlandırma icraatı adlanır. Vətəndaş tikintiyə icazə verən qurumu məlumatlandırır ki, bu, mənim layihəmdir və bu layihəyə uyğun ev tikirəm. Tikintiyə icazə verən qurum layihəni nəzərdən keçirir, onun şəhərsalma planına uyğun olub-olmadığını yoxlayır. Layihəni alan qurum tikinti sahibinə iradını 30 gün müddətində bildirməlidir. İradbildirmə tikintiyə icazə verməmək mənasına gəlmir. İrad bildirən müvafiq qurum layihənin şəhərsalma planına uyğun olmadığını deyə bilər. Bu iradlar da konkret normalara əsaslanmalıdır. İrad əsasında göstəriş tərtib olunur və şəxs bu göstərişi yerinə yetirdikdən sonra işə başlayır. İrad olmadığı halda isə şəxs 30 gün sonra tikintiyə başlaya bilər. Təəssüf ki, qanundakı bu yeniliyin üstündən 4 il ötsə də, icra başçıları hələ də "köhnə qaydalarla" işləyirlər".

Hüquqşünas deyir, vətəndaşın tikintiyə başlamaq üçün bütün sənədləri qaydasındadırsa, vaxtilə icra hakimiyyətini məlumatlandırıb və rəsmi qaydada hər hansı cavab almayıbsa, tikintiyə başlaya bilər. İcra hakimiyyətinin işçiləri maneçilik törədərsə, vətəndaş hüquq-mühafizə orqanlarına üz tutmalıdır.

XS
SM
MD
LG