Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:43

'Qadınların qul bazarı'-Media icmalı


Fermer
Fermer

Aqroparkların yaradılması, aqrar sığorta ilə bağlı durum və «Qadın qul bazarı»nda yaşananlar bu gün (23 avqust 2017-ci il) medianın aparıcı mövzularındandır...

FERMER SIĞORTADAN QAÇIR...

«Exo» qəzetində «Azərbaycan fermerləri öz təsərrüfatlarını sığortalamaq istəmirlər» sərlövhəli məqalə dərc edilib.

Yazıda bildirilir ki, Azərbaycanda aqrar risklərdən sığorta sistemi inkişaf etməyib. Bu sahədə istehsalçı-fermer vacib riskləri aradan qaldıran sığorta polisinin olmasını istəyir, amma ona lazımi dərəcədə ödəniş etmək fikrində deyil.

Müəllif hesab edir ki, sığorta şirkətləri də fermerlərlə işləməyə həvəsli görünmür, çünki şirkət ziyana düşür:

«Azərbaycan fermerləri öz təsərrüfatlarını sığortalamaq istəmirlər, bu onlara mənasız maliyyə məsrəfləri kimi görünür. Azərbaycanda kənd təsərrüfatı istehsalçılarını hava risklərindən qoruyacaq sığorta sisteminin yaradılması çoxdan gündəmdədir. Çünki kənd təsərrüfatı riskli işdir».

Ekspert Adil Aslanov isə qəzetə deyib ki, fermerlər əkin sahələrini sığorta etməmələrinin səbəbini sığorta xərclərinin bahalığı ilə əsaslandırırlar:

«2016-cı ildə bu məsələ ilə bağlı demək olar ki, bütün ölkəni gəzdim, bir çox fermerlərlə danışdım. Onlar xərci yüksək sayırlar».

A.Aslanov vurğulayıb ki, digər tərəfdən, özəl sığorta şirkətləri də fermerlərin təklif etdikləri şərtlərlə işləməkdə maraqlı deyil:

«Məsələn, 10 min heyvanın sığortası 2 min manata başa gəlir. Hər heyvana görə sığorta qurumu 10 manat qiymət qoyur. Amma fermerlər hesab edirlər ki, bu, çox bahadır. Bunun da nəticəsi olaraq, şirkətlər aqrar sığorta sahəsində fəaliyyətə maraq göstərmirlər. Dövlət sığorta şirkətləri bu prosesdə iştirak edirlər».

A.Aslanov deyib ki, maddi ziyanın ödənilməsi mexanizmində də problemlər var.

Qadın qab-qacaq yuyur
Qadın qab-qacaq yuyur

«QADIN QUL BAZARI»NDA: «MƏN CAVAN OLDUĞUMDAN...»

Sputnik.az saytında «Çarəsiz qadınların son ümid yeri-«qul bazarı»» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif Maştağa qəsəbəsində yerləşən «Xəyal» Ticarət Mərkəzinin yanındakı «Qadın qul bazarı» deyilən yer ilə bağlı təəssüratlarını bölüşür.

Yazıda vurğulanır ki, ora gələn qadınların ailə başçılarından kimisi həbsdədir, kimisi də vəfat edib:

«20-30 nəfər qadın avtobus dayanacağından bir qədər aralı iş gözləyir. Burda hər yaşda qadın var, 19 yaşdan 60 yaşa qədər...».

Müəllif yazır ki, bu qadınlardan birinin həyat yoldaşı iki il öncə həbs edilib. Qayınanası ilə birgə yaşayır, məcburiyyət üzündən evlərə işləməyə gedir.

Yazıda vurğulanır ki, iki uşaq anası olan bu qadın artıq uşaqların bir az böyüdüklərini və tələbatlarının da artdığını bildirib:

«Evlərdə günü 20 manata işləyirəm. Elə vaxt olur ki, həyətdə də işləməli oluram, amma iş həmişə olmur. Həftədə 2-3 dəfə iş tapa bilirəm. Uşaqlarıma qayınanam baxır. Cavan olduğumdan, məni iş üçün aparan çox olur. Qocalar güclə iş tapırlar».

Müəllif yazır ki, deməsinə görə, yaşı 60-ı keçən bir məcburi köçkün də iş axtarır.

«Vallah, çox çətindir, pensiya istəyirəm, deyirlər, yaşın çatmır, iş istəyirəm, deyirlər, qocasan (Bu il Azərbaycanda pensiya yaşı dəyişdirilib. Bu dəyişikliyə qədər Azərbaycanda qadınlar 60, kişilər 63 yaşında pensiyaya çıxıb. İndi bu hədd tədricən 65-ə çatdırılır-A.R) Mən hələ bilmirəm nəyəm. Gedirəm evlərdə iş görürəm, «parniklərdə» işləyirəm, 20-30 manat qazanıb özümü saxlayıram», - qadın bildirir.

Müəllif yazır ki, bir qədər sonra bir nəfər bazara gələrək hüzr məclisindən sonra qalan qabların yuyulmasını təklif edir. Həmin köçkün qadın 20 manata razılaşıb o adamla gedir:

««Qadın qul bazarı»nda ən dərdli, ən çarəsiz qadınlar yığılıb. Vaxt keçdikdə iş tapmadıqları üçün ərazidən uzaqlaşırlar. İki qadın isə getmək istəmir…».

Şəmkir aqroparkı
Şəmkir aqroparkı

ƏSAS HƏDƏF - İRİ KƏND TƏSƏRRÜFATI KOMPLEKSLƏRİ

«Azərbaycan» qəzetində «Kiçik fermer və ailə təsərrüfatlarından iri aqrar-sənaye komplekslərinə» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, ölkə iqtisadiyyatı çoxvektorludur. Hələ ki, ölkəyə ən çox valyuta gətirən neft sənayesi olsa da, həyata keçirilən islahatlar nəticəsində qeyri-neft sektorunda məhsul istehsalının çəkisi ilbəil artır.

Yazıda bildirilir ki, qeyri-neft sektorunda məhsul istehsalının həcminə və işçilərin sayına görə ən böyük sahə kənd təsərrüfatıdır. Bu sahədə həyata keçirilən islahatlarda ölkənin ərzaq təhlükəsizliyi, əhalinin məşğulluğu və ixracın artırılması əsas hədəf olaraq götürülür.

Yazıda vurğulanır ki, kənd təsərrüfatında hələlik kiçik və orta təsərrüfatlar üstünlük təşkil etsə də, iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması əsas hədəfdir. Müəllif mövzu ilə bağlı dövlət başçısı İlham Əliyevdən də sitat gətirir:

«Aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir. Bu proses geniş vüsət alıb. Bu günə qədər bizim təşəbbüsümüzlə və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılıb. İndi 38 böyük aqropark yaradılır. Özəl sektor bizim təşəbbüsümüzə çox məsuliyyətlə yanaşdı. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaqdır».

XS
SM
MD
LG