Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:55

Y.İmanov: 'Bir narahatlığım var, həbsdəki dostlarla sağollaşa bilmədim'


Vəkil Yalçın İmanov
Vəkil Yalçın İmanov

Noyabrın 20-də Vəkillər Kollegiyasından kənarlaşdırılan Yalçın İmanov hesab edir ki, cəzalandırılmasının gerçək səbəbi Nardaran olayları ilə bağlı həqiqətləri ictimaiyyətə çatdırmasıdır. Nardaran məhbuslarından bir neçəsinin, o cümlədən «Müsəlman Birliyi» Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırovun hüquqlarını müdafiə edən Y.İmanov AzadlıqRadiosuna belə deyib.

Vəkillik fəaliyyətinin dayandırılması ilə bağlı qərarın onun üçün gözlənilən olduğunu, noyabrın 20-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasına gedərkən artıq psixoloji cəhətdən buna hazır olduğunu deyən Y.İmanovun təəssüfləndiyi məsələ başqadır:

«Həyatımın müəyyən mərhələsi başa çatır, yeni bir mərhələ başlayır. Bu mərhələ haqda düşünmək lazımdır. Sadəcə, müəyyən narahatlığım var. Bu da ondan ibarətdir ki, həbsdə olan dostlarla sağollaşa bilmədim. Onlar mənim üçün təkcə müvəkkil, müştəri deyil, həm də dostlardır. Biz onların müdafiəsi ilə bağlı mümkün olanı, əlimizdən gələni etmişdik. Sağollaşa bilməsək də, əminəm ki, onlarla azadlıqda görüşəcəyik. Bir, iki, üç, beş il sonra olsa belə...».

***Buna da bax-Vəkil Yalçın İmanov Kollegiyadan çıxarıldı

«NARDARAN MƏHKƏMƏSİNDƏN SONRA CƏZALANDIRILACAĞIMI GÖZLƏYİRDİM»

Y.İmanov deyir ki, Nardaran olayları ilə bağlı məhkəmədə baş verənlərdən sonra istənilən vaxt bir bəhanə ilə cəzalandırılacağını gözləyirdi. Vəkilin sözlərinə görə, Nardaran məhbusu Abbas Hüseynovun saxlandığı Qobustan həbsxanasında işgəncəyə məruz qalması məsələsini ictimailəşdirəndən sonra müəyyən mənbələr vasitəsilə ona xəbərdarlıq da edilib.

«Nardaran hadisələri ilə bağlı məhkəmədən sonra hiss eləyirdim ki, cəzalandırma istənilən vaxt baş verə bilər. Abbas Hüseynovun həbsxanada dəhşətli işgəncəyə məruz qalması, ona qarşı tətbiq olunan işgəncə üsulları ölkədə müzakirəyə səbəb oldu. Bu məsələ ilə əlaqədar Penitensiar Xidmətə, prokurorluğa, məhkəməyə, Ombudsman Aparatına da müraciət etmişdim. Həmin vaxt mənə demişdilər ki, məsələnin ictimailəşməsi, səs-küy qopması hökuməti narahat edib. Ona görə də mənimlə bağlı müəyyən addımlar atılacaq. Belə olan halda, ağla gələn ilk versiya da Vəkillər Kollegiyasının əli ilə cəzalanmağım idi. Çünki demokratiyadan kənar sistemlərin əlaltısına çevrilmiş bu qurum illərdir Azərbaycanda müstəqil fikirli, prinsipial, sözün gerçək mənasında vəkilliklə məşğul olanları cəzalandırmaqla məşğuldur. Hətta balaca uşaq da başa düşür ki, Vəkillər Kollegiyası əslində öz təmsilçisini qorumalı, müdafiə eləməlidir. Amma illərdir bunun əksini müşahidə edirik. Bu baxımdan gözlənilən hadisə baş verdi», – Y.İmanov bildirib.

***Buna da bax-Kollegiyaya daxil olmayan vəkillər niyə narahatdır? [video]

XATIRLATMA

Vəkillər Kollegiyası Rəyasət Heyəti noyabrın 20-də Y.İmanovun bu qurumdan xaric olunması üçün məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılır.

Bu qərar avqustda Penitensiar Xidmətin rəis əvəzi olan Oqtay Məmmədovun şikayəti əsasında verilib. Məmmədov vəkilin hüquqlarını müdafiə etdiyi Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncəyə məruz qalması haqda açıqlamasına etiraz edib.

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş və Qobustan həbsxanasında saxlanılan A.Hüseynov vəkilinə yazılı izahatında göstərib ki, onu təcridxanadan gətirəndən dərhal sonra işgəncələrə məruz qalıb. Nardaran məhbusunun sözlərinə görə, həbsxananın rəisi və rəis müavini, müxtəlif əməkdaşları əllərini qandallayıb döyüblər, qızmar günün altında dəmir dirəyə bağlayıb saatlarla o vəziyyətdə saxlayıblar, soxulcanlarla dolu cərimə kamerasına atıblar.

Ədliyyə polkovniki O.Məmmədov iddia edir ki, Y.İmanov hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla «sabitliyi pozmağa çalışır, ölkənin inkişafına qibtə edən qüvvələrin fəallaşmasına münbit şərait yaradır, Penitensiar Xidmət kollektivinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir».

XS
SM
MD
LG