Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:21

‘100-ə nə qaldı’: Rəsulzadə: ‘Dini faciəmiz Aşuradır, milli faciəmiz – 31 mart’ [16-cı yazı]


İsmailiyyə binası yandırılandan sonra. 2 mart, 1918-ci il.
İsmailiyyə binası yandırılandan sonra. 2 mart, 1918-ci il.

AzadlıqRadiosu ötən yazıda Cümhuriyyət hökumətinin nəyi gerçəkləşdirib, nəyi yarıda buraxdığından söz açmış və bir məqamı gözardı etməməyi vurğulamışdı.

Bu yazı, 1918-ci ildə baş vermiş 31 Mart qırğınına Cümhuriyyətin münasibətidir.

Araşdırmaçı jurnalist Akif Aşırlı 1919-cu ildə “31 Mart”ın birinci ildönümünü qeyd edən cümhuriyyət hökuməti barədə AzadlıqRadiosu-na maraqlı faktlar açıqlayıb:

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

“MİLLİ MATƏM GÜNÜ”

“Cümhuriyyət hökuməti 1919-cu il martın 31-də Milli Matəm Günü elan etdi. Parlamentin orqanı «Azərbaycan» qəzeti bu münasibətlə xüsusi səhifə buraxdı. «Müsavat» partiyasına bağlı bütün qəzetlər ilk səhifələrini bu günə həsr etmişdilər. «İstiqlal» qəzeti matəm nömrəsi buraxmışdı. «Azərbaycan» qəzeti aprelin əvvəllərinədək davam edən bir neçə sayında «Mart hadisələrinin müxtəsər tarixçəsi»ni vermişdi. İlk atəşin açılmasından tutmuş, ta hadisələrin sonunacan“.

Buna da bax: Bakı 100 il əvvəl və indi [fotolar]

RƏSULZADƏ: “DİNİ FACİƏMİZ AŞURA, MİLLİ FACİƏMİZ 31 MART”

Akif Aşırlı Cümhuriyyət qurucularının bu hadisəyə milli faciə kimi yanaşdıqlarına diqqət çəkir: “M. Ə. Rəsulzadə yazırdı ki, bizim dini faciəmiz Aşuradır, milli faciəmiz - 31 mart soyqırımıdır. Yəni faciənin rəngini də verirdi”.

FÖVQƏLADƏ İSTİNTAQ KOMİSSİYASI YARADILDI

“Cümhuriyyət qurulandan az sonra Nazirlər Komitəsiı 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. FTK-nın sədri Ələkbər bəy Хasməmmədov təyin olundu. Ə. B. Xasməmmədovun rəhbərliyi ilə, 7 komissiya üzvü (onların arasında qeyri-millətlər də vardı - red.) az vaxt içərisində, bütün Bakı quberniyasında ermənilərin türk-müsəlman əhaliyə törətdikləri soyqırımlar haqqında istintaq və məlumat xarakterli geniş material topladı. Komissiya Bakıdakı mart soyqırımını, Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Cümhuriyyətin Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci il martın 31-i 2 dəfə ümummilli matəm günü kimi qeyd edildi. Komissiya işini 1919-cu ilin noyabrında başa çatdırdı. Hadisələrə hüquqi qiymət verdi, ancaq Cümhuriyyətin işğalı bu işə siyasi qiymət verməyə imkan vermədi. Komissiyanın sənədlərinə görə, yalnız Bakıda 11 min nəfər qətl olunub...”.

Buna da bax: '100-ə nə qaldı?..': 'İstiqlal Bəyannaməsi' kimin əsəridir? [1-ci yazı]

7 MÖHTƏŞƏM BİNA

Fövqəladə Təhqiqat Komissiyasının sənədləri içərisində bir maraqlı material da vardı. 1918-ci il noyabrın 22-də Komissiya üzvləri Məmməd хan Təkinski ilə A.E. Kaluqenin birgə tərtib etdikləri protokolda 1918-ci ilin sentyabrında - Qafqaz İslam Ordusu Bakını azad edəndən sonra, Ələkbər bəyin tapşırığı əsasında, komissiyanın üzvü Mirzə Cavad Aхundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda dağıdılan 7 ictimai və müsəlmanların şəxsi binalarının şəklini çəkib.

Milyonçu Musa Nağıyevin oğlunun şərəfinə tikdirdiyi İsmailiyyə binası. Hazırda burada Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.
Milyonçu Musa Nağıyevin oğlunun şərəfinə tikdirdiyi İsmailiyyə binası. Hazırda burada Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.

Buna da bax: '100-ə nə qaldı?': 'Azərbaycanda onların heç birinin qəbri yoxdur' [2-ci yazı]

31 MART TƏKCƏ CAN ALMADI

Akif Aşırlı: “1918-ci ilin martın 31-dən aprelin 2-dək Bakıda, Şamaxıda, İrəvanda, Qubada, Lənkəranda, Astarada, Salyanda, Neftçalada və digər bölgələrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi soyqırım zamanı tək on minlərlə insan qətlə yetirilmədi, milli mətbu orqanlarımız, mətbəələr, konkret jurnalistlər də hədəfə alındı. “Açıq söz”, “Kaspi” redaksiyaları yandırıldı. Almaniyadan gətirilən çap avadanlıqları ilə təchiz olunan Orucov qardaşlarının elektrik mətbəəsi dağıdıldı. “Kaspi” mətbəəsində yenicə çap olunan 5 min Quran kitabı oda qalandı. Milli məfkurə məbədi olan “İsmailiyyə” binası yandırıldı, Təzəpir məscidinin minarəsi top atəşi ilə dağıdıldı. Həmin hadisələri gözləri ilə görən, “Kaspi” qəzetində mürəttib kimi çalışmış, əslən Maştağadan olan Seyidağa Axundzadə I919-cu ildə “Turan” mətbəəsində çap olunmuş “Mart hadisəsi 1918...” kitabında yazır ki, “İsmailiyyə” binasına od vuran “Daşnaksütyun” firqəsi silahlıları sonra qəzet redaksiyalarına hücum etdilər. “Azərbaycan” qəzetində 1919-cu ildə çap edilən 31 mart soyqırımı ilə bağlı fotoşəkillərdən biri “Kaspi” qəzeti redaksiyasının yandırılmasından sonrakı vəziyyəti təsvir edir”.

Buna da bax: ‘100-ə nə qaldı?’: Nə üçün Gəncə? [3-cü yazı]

“Kaspi” qəzeti redaksiyasının yandırılmasından sonrakı vəziyyət.
“Kaspi” qəzeti redaksiyasının yandırılmasından sonrakı vəziyyət.

“MƏDƏNİ ZƏRBƏ”

Akif Aşırlı “Daşnaksütyun” partiyası tərəfindən 1917-ci ildə planlaşdırılan, bolşeviklərlə birgə həyata keçirilən 31 mart qırğınını Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi yaddaşına, ziyalılarına qarşı “mənəvi soyqırım” adlandırır: “Azərbaycan xalqının mədəniyyətinə vurulan bu ağır yaraları o dövrün qələm sahibləri “mədəni zərbə” adlandırırdılar. 1918-ci ilin mart soyqırımınadək Azərbaycanda 20-dən çox anadilli mətbu orqan fəaliyyət göstərirdi, qətliamdan sonra “Hümmət” və “Bakı Şurasının əxbarı” qəzetlərindən başqa digər milli mətbuat nümunələrinin nəşri qadağan olundu. “Açıq söz”, “Bəsirət”, “İstiqlal”, “El həyatı” və başqa anadilli qəzetlərin son sayları soyqırımdan bir gün əvvələ təsadüf edir. Bakı Sovetinin sədri Şaumyanın əmri və Mətbuat Bürosunun qərarı ilə “mart hadisələrinə düzgün qiymət vermədiklərinə və vahid sosialist cəbhəsində dayanmadıqlarına” görə, hətta rusdilli qəzetlər belə bağlanıldı. “Kaspi”, “Bakı”, “Bakinets”, “Vesti Baku” menşeviklərin “Naş qolos” qəzetlərinin nəşri dayandırıldı, bəyanatların, əhaliyə müraciətlərin çapı yasaqlandı”.

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Baş nazir Fətəli xan Xoyski [4-cü yazı]

“MƏTBUATIN İFLİC DÖVRÜ”

Akif Aşırlı bu dövrü Azərbaycan mətbuatının iflic dövrü adlandırır: “Tiflisdə nəşr olunan anadilli mətbuat orqanlarını çıxmaq şərtilə, Azərbaycan milli demokratik mətbuatı 1918-ci ilin martından sentyabrın 15-nə - Bakının işğaldan azad olunduğu günədək özünün iflic dövrünü yaşadı”.

“BAKI QAN GÖLÜNƏ DÖNDÜ”

“Üç gün ərzində Bakı qan gölünə çevrildi. Uşaq, qoca, qadın bilmədən qarşılarına keçənləri qətlə yetirən bolşevik-daşnak birləşmələri bəzən insanları diri-diri alovlanan evlərin içinə atırdılar. Küçələr, evlər parçalanmış qadın, qoca, uşaq cəsədləri ilə dolu idi. Qaçıb canını qurtarmaq istəyənlərin evləri, varidatları talan edilirdi. Bakı əhalisinin 3 gün aramsız qətlini gözləri ilə görüb bu barədə kitab yazan Seyidağa Axundzadə qeyd edir ki, şəhəri bürüyən tüstüdən qırğının miqyasını təyin etmək olardı: “Daşnak firqəsi əllərinə düşən müsəlman övrət və uşaqlarından heç bir zülmü əsirgəməyib insanlara yaraşmayan böylə qəbahətlərin icrasına qədər varmışlar. Hamilə övrətlərin bətnində olan məsum səbilləri (uşaqları – red.) belə çıxarıb tüfəng cüdalarına taxmışlar. Pojarnı (yanğınsöndürən – red.) komanda tərəfindən vaqe bir məscidin divarlarında neçə uşağın mıxlandıqlarını sonra görmüşlər və o tərəfdə yaşayan müsəlmanların həyatına birdəfəlik qələm çəkmişlər”.

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Nəsib bəy Yusifbəyli [5-ci yazı]

31 mart qırğınlarına aid rəsmi sənədlərdən fotolar
31 mart qırğınlarına aid rəsmi sənədlərdən fotolar

“AZƏRBAYCAN” QƏZETİ YAZIRDI:

Məhəmməd adlı bir şəxsin parlamentin orqanı “Azərbaycan” qəzetində “Saralmaz yaralarımız” sərlövhəli məqaləsindən: “Küçələr meyitlərlə dolmuşdu. Quba meydanından (indiki Füzuli meydanı nəzərdə tutulur – red.) Nikolayevski (indiki “İstiqlaliyyət” küçəsi - red.) caddəsinə qədər bazar tamam yandırıldı. Uşaq, böyük, arvad, kişi - heç kəsə fərq qoyulmadan hamısını qətl edirdilər. Müsəlmanların ev, dükan və mağazaları yandırılmışdı. Bir müsəlman həyətinə daxil olub burada 30-dan 40-a qədər uşaq, arvad, kişi cənazələrini gördüm. Müsəlmanların tələfatı, yalnız qətl edilənlər 5-6 minə qədərdir”.

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Doktor Həsən bəy Ağayev [6-ci yazı]

“BOLŞEVİKLƏRİN HESABINA GÖRƏ...”

“Nəinki Bakının mərkəzində yaşayan əhali, hətta kəndlərdə yaşayanlar da kütləvi qırğınla üzləşib, məsələn, Nəvai kəndinin tamamən yerlə-yeksan olduğu, əhalisinin məhv edildiyi barəsində dövrün mətbuatında məlumat dərc edilib. Daha bir şahid ifadəsi mətbuatda: “Bütün vəhşət və zalımlıqları sayıb qurtarmaq olmaz. Bunu bilirəm ki, bolşeviklərin öz hesabına görə, 8 min islam qırılmışdı. Bu, yalandır. Çünki onlar ətrafda, kəndlərdə qırılanları hesaba daxil etmirlər”.

ŞAMAXIDA QƏTLİAMLAR

Yerli mətbuatda Bakıda törədilən qırğınlarla yanaşı, Şamaxıda 7 mindən çox müsəlmanın qətlə yetirildiyi bildirilirdi: “Azərbaycan” qəzeti Şamaxı qırğınında iştirak edən bolşevik-erməni silahlı birləşmələrinin sayını da göstərir: “Şamaxı mahalına bir qitə göndərilib, əhalı məhv edilir. 4 min əsgərin yüzdə səksəni erməni olub”.

Buna da bax: '100-ə nə qaldı?': Rəsulzadə - müstəqil dövlət yaradan adam [7-ci yazı]

ƏLƏKBƏR BƏYİN “ÇAĞIRIŞ”I

“Şamaxı qəzasında 80-ə yaxın müsəlman kəndi yerlə-yeksan olunmuş, 8 əsr yaşı olan Cümə məscidi yandırılmışdı. Törədilən qanlı olaylarla bağlı Fövqəladə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy Xasməmmədov "Çağırış" məqaləsində geniş məlumat verirdi”.

ZİYALI OVU

Akif Aşırlı
Akif Aşırlı

Akif Aşırlının bildirdiyinə görə, ermənilərin Bakıda, Şamaxıda törətdikləri qırğınlar sırasına ziyalıların məhvi planları da daxil idi: “1918-ci ilin martından sentyabra kimi Bakıda olan M. Ə. Əfəndinin Tiflisdə bu hadisələrlə bağlı çıxan "Qardaş kədəri”nin müxbirinə verdiyi açıqlamada bu barədə kifayət qədər məlumatlar var. M. Ə. Əfəndi söyləyir ki, Bakını bürüyən qətllər zamanı ermənilər evbəev gəzib müsəlmanları yığır və naməlum bir yerə aparırdılar: "Çox vaxt aparılan ziyalı, oxumuş müsəlmanların meyitlərini tapmaq olurdu. Fəqət, çox vaxtda olurdu ki, heç bir əsər də əldə etmək mümkün olmayırdı". Şahid misallar da çəkirdi: "İki doktor Kərim bəy, Balabəy Sultanovlar heç tapılmadı. O cümlədən T. V. Qulubəyov da itdi”.

Buna da bax: ‘100-ə nə qaldı?:’ ‘Azərbaycan davasının yorulmaq bilməyən vəkili’ – Topçubaşı [8-ci yazı]

ABBAS SƏHHƏT...”KÖNLÜMÜN SEVGİLİ MƏHBUBU MƏNİM!”

Daha bir ziyalı ovu: “Şamaxıya hücum zamanı evinə od vurulmuş Azərbaycanın böyük mütəfəkkiri şair Abbas Səhhət şəhəri tərk edib Gəncə istiqamətinə qaçan zaman erməni hərbçiləri tərəfindən qarət olunub, mənəvi-psixoloji sarsıntı keçirib, az sonra Gəncədə vəfat edib... Bu barədə dövrün mətbuat səhifələrində yazılıb: "İslam aləmi Abbas Səhhət kimi böyük ədibi bandalara (quldur dəstələrinə - red.) qurban vermişdir. Bununla böylə bir neçə doktorlar, cavan-qoca alimlər qətl olunmuşlar". Daha bir qurban: “Azərbaycan mətbuat tarixində bir sıra solyönümlü qəzetlərin əməkdaşı, həmçinin “Tuti” məzhəkə jurnalının təsisçisi və redaktoru olan Cəfər Bünyadzadə (Dadaş Bünyadzadənin qardaşı - red.) də ermənilərin törətdiyi qətliamın qurbanıdır. Onun qətlinə səbəb bolşevik cildinə girən ermənilərin Bakı və ətraf kəndlərdə törətdikləri vəhşiliklərə etiraz etməsi və mətbuatda bununla bağlı məqalələr yazması idi” ("Azərbaycan" qəzetinin 13 noyabr, 1918-ci il tarixli sayı) Əlimərdan bəy Topçubaşov da həmin dövrdə Bakıda idi. Topçubaşov qırğınların qarşısını almağa çalışırdı, amma özünü həbs etdilər və o, cümhuriyyət elanından sonra həbsdən çox çətinliklə xilas ola bildi”.

Buna da bax: ‘100-ə nə qaldı?’: Cümhuriyyət nazirləri: Ədliyyə naziri Xəlil bəy Xasməmmədli [9-cu yazı]

İÇƏRİŞƏHƏR NECƏ XİLAS OLDU? BOMBARDMAN NƏDƏN DAYANDIRILDI?

Hadisələrin gedişində daha bir diqqətçəkən məqam Bakının ən gözəl binalarının dağıdıldığı halda İçərişəhərin az ziyan çəkməsidir. Bunun səbəbini Akif Aşırlı belə açıqlayır: “Üç gün davam edən qırğınlar Bakıda yaşayan rus və yəhudilərin erməni-bolşevik qoşunları komandanına, dənizdən İçərişəhəri aramsız bombalayan matroslara verdikləri ultimatumdan sonra dayandırılır. Seyidağa Axundzadə kitabında qeyd edir ki, müsəlman qırğınının üçüncü günü, yəni sübh tezdən dənizdə olan hərbi vaporlardan (gəmilərdən – red.) və erməni məhəllələrindən İçərişəhərə toplar atıldı, evlər, məscid minarələri dağıdıldı. Müsəlmanlarla yanaşı, rus və yəhudilərin də zərər çəkməsi onların ciddi etirazlarına səbəb oldu: “Bu halı görən İçərişəhərdə yaşayan xaçpərəst milləti dərhal bir yerə toplaşıb, kəndi tərəflərindən bir nümayəndə liman uçastokuna (hərbi dəniz ordu komandanlığının limandakı məntəqəsinə – red.) göndərdilər ki, biz İçərişəhərdə sakin olan xaçpərəstlər təmam istirahətlik ilə yaşadığımız bir halda bizi bombardman etməniz nə cəhətə olmalıdır?”. İçərişəhərin bombalanmasını dayandırmaq üçün danışıqlara gedən rus və yəhudi nümayəndələrinə Dəniz Hərbi Komandanlığı Daşnaksütun firqəsinin onlara göndərdiyi məktubu göstərdi. Məktubda daşnaklar müsəlmanların qeyri-millətləri İçərişəhərdə qətlə yetirib, mallarını qarət etməsi barədə uydurmalar yazmışdı. Dəniz hərbi qüvvələri müsəlmanların kütləvi qırğınına cəlb etmək üçün ermənilərin böhtanlarını duyan yəhudi-rus nümayəndələri belə bir halın baş vermədiyini deyir. Əksinə, müsəlmanların onlara kömək olduğunu söyləyərək dinc sakinlərin qırğınının dayandırılmasını sərt şəkildə tələb edirlər: “Biz axırıncı tələbimizi liman uçastokuna təqdim ediriz: “Əgər bu bombardman davam edərsə, biz də hazırlaşıb yerli müsəlmanlarla birəbir qiyam edəcəyiz”. Bu qəti tələbnamədən sonra təhqiqat komissiyası yaradılır. Daşnak firqəsinin fıtnəkarlığı aşkarlanır, yalanları ortaya çıxır”.

Buna da bax: ‘100-ə nə qaldı?’: Cümhuriyyət nazirləri: Milli təhlükəsizlik təşkilatının rəhbəri Nağı bəy Şeyxzamanlı [10-cu yazı]

Şah məscidi 1918-ci il 31 mart hadisələrindən sonra.
Şah məscidi 1918-ci il 31 mart hadisələrindən sonra.

RUSİYA TARİXÇİLƏRİ NƏ DEYİRLƏR? İTKİ NƏ QƏDƏR OLUB?

Rusiya tarixçiləri Mixail Volxonski və Vadim Muxanovun 2007-ci ildə Moskvada çıxan “Po sledam Azerbaydjanskoy Demokratiçeskoy Respubliki” (“Azərbaycan Demokratik Respublikasının iziylə” – red.) kitabında əvvəlcə Şaumyanın göstərdiyi rəqəmlərdən söz açırlar: “Aprelin 13-də Şaumyanın Moskvaya göndərdiyi hesabatda deyilirdi: “3 gün ərzində - 30-31 mart - 1 aprel - Bakıda amansız döyüşlər getdi... Hər iki tərəfdən şəhərdəki döyüşlərdə 20 mindən çox adam iştirak etdi. Döyüşlər bizim üçün əla nəticələndi. Düşmən büsbütün darmadağın edildi. Bizim diktə etdiyimiz şərtlər son nöqtəsinədək imzalandı. Hər iki tərəfdən 3 mindən çox ölü vardı... Sərəncamımızda “Daşnaksütyun”un təxminən 3-4 minlik milli hissələri də vardı. Onların iştirakı vətəndaş müharibəsinə bir qədər milli qırğın xarakteri versə də, bundan qaçmaq imkanımız yox idi. Biz bilincli olaraq buna getdik”.

Buna da bax: ‘100-ə nə qaldı’: Cümhuriyyət nazirləri: daxili işlər naziri Behbud xan Cavanşir [11-ci yazı]

“ÖLDÜRÜLƏNLƏRİN VƏ YARALANANLARIN SAYI 10 MİNİ AŞMIR...”

Bu da adını çəkdiyimiz tarixçilərin öz fikirləri: “Aydındır ki, dinc əhalinin itkisi barədə rəqəm Şaumyan tərəfindən kəskin azaldılıb. Ancaq Bakı qarşıdurmasında qətl edilənlərin və yaralıların ümumi sayı, açıq-aydın, 10 min nəfəri aşmır... Bu cəhətdən hadisələrin iştirakçısı olmuş B. L. Baykovun “sonralar səslənən rəqəmlər - 15-20 və daha çox minlər - tamam fantastikdir” - ifadəsi hədsiz maraq doğurur”.

AZƏRBAYCAN TARİXÇİSİ NƏ DEYİR? TÜKÜRPƏDİCİ RƏQƏMLƏR...

Azərbaycan tarixçisi “Bakı, mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə”, “Quba. mart-aprel 1918-ci il. Müsəlman qırğınları sənədlərdə” kitablarının, “1918. Azərbaycan qırğınları şəkil və sənədlərdə” foto-albomunun müəllifi Solmaz Tohidi Fövqəladə Təhqiqat Komissiyasının protokollarına dayanaraq, yalnız Bakıda 11 min nəfərin qətlə yetirildiyini bildirir. Qubada 167 kənd dağıdılıb, yalnız Şamaxı şəhərində 8-10 min nəfər, Şamaxının 110 kəndində isə 10 min 341 nəfər öldürülüb. Solmaz xanım sənədlərlə Azərbaycan ərazisində 50 min nəfərə yaxın insanın öldürüldüyünü sübut edib. Fransa arxivlərindən tapılan (FTK-nın Paris Sülh Konfransında olan Əlimərdan bəy Topçubaşıya göndərdiyi sənədlər - red.) Göyçay və Cavad qəzalarına dair sənədlərinsə üzərində iş getdiyini bildirən tarixçi-alim Zəngəzur və Qarabağla bağlı sənədlərin hələ araşdırılmadığını vurğulayır.

Buna da bax: ‘100-ə nə qaldı?’: Cümhuriyyət nazirləri: son baş nazir Məhəmməd Həsən Hacınski [12-ci yazı]

ÜZEYİR BƏY: “AZƏRBAYCANDA DAŞ-DAŞ ÜSTƏ QALMAZDI”

Üzeyir Hacıbəyli
Üzeyir Hacıbəyli

Üzeyir bəy Hacıbəyli “Azərbaycan” qəzetinin 31 mart 1919-cu il 147-ci sayında yazırdı:

“Bundan fəna bir hal olmaz ki, sənə qarşı təcavüz edilə və sənin də bu təcavüzü dəf etməyə heç bir vəsilən olmaya. Bakı müsəlmanları Mart günlərində bu halda idilər. Və əgər Türklər, Osmanlı türk qəhrəmanları vaxtlı-vaxtında gəlməsə idilər, Azəri türkləri Bakı həzimətindən sonra özlərini yığışdırıb müdafiəyə hazır olmağa fürsət tapınca deyil, bir Bakıda, Şamaxıda, bəlkə də ümum Azərbaycanda daş-daş üstə qalmazdı... Keçən keçdi və olan oldu; mart hadisatı Azərbaycan tarixində mühüm bir səhifə işğal edib Azəri türklərinin istiqlal yolunda can verib qan tökdüklərini gələcək nəslə oxutduracaqdır; bugünkü vəzifəmiz isə o qara günləri yaddan çıxartmamaq və buna görə də həmişə və hər an hazır olmaqdır. Böylə hazırlıq ki bu hadisələr bir də təkrar edərsə, müdafiəsinə qadir olalım: bunun üçün həm hökumətimizin və həm də millətimizin yaşaması lazımdır”.

Araşdırmaçı Akif Aşırlı 31 mart 1918-ci il qırğınları haqqında [audio]
Gözlə

No media source currently available

0:00 0:16:56 0:00
Direct-ə keçid

Buna da bax: ‘100-ə nə qaldı?’: Bağırovun şəxsən güllələdiyi əmək və əkinçilik naziri Əhməd bəy Pepinov [13-cü yazı]

SEYİDAĞA AXUNDZADƏNİN “MART HADİSƏLƏRİ 1919” KİTABINDAN:

“Bu gün seşənbə günü, mart ayının iyirmisi (31-i - red.) saət on birdən etibarən müharibə bir milli rəng almış idi. Ona binaən də saət bir radələri idi, ermənilər tərəfindən müsəlman məhəllələrinə hücum edilib Nikolayevski caddə (İstiqlaliyyət küçəsi o vaxt “prospekt” adlanırmış - red.) də onlar tərəfindən işğal edildi və Cəmiyyəti Xeyriyyə binası (İsmailiyyə - red.) da onların əlinə keçdi. Hətta şəhər idarəsi binasına (indiki Bakı şəhər İcra Hakimiyyəti binasına - red.) qədər yürüş edib, idarəni də əllərinə aldılar və oraya mitralyoz (pulemyot – red.) və toplar yeridib İçərişəhəri xarabazara döndərmək istiyorlardı... Qoşun dərhal şəhər bağı cənubundan hücum edib mitralyozdan səri atəşlər açırlar. Bu halı görən Daşnak firqəsi dərhal məzkur küçədən geri çəkilməyi qəti qərara alıb Cəmiyyəti Xeyriyyə binasına və “Açıq söz”, “Kaspi” mətbəə və idarələrinə od vururlar...”

Buna da bax: ‘100-ə nə qaldı?’: Cümhuriyyət nazirləri: Sənaye və ticarət naziri Məmməd Yusif Cəfərov [14-cü yazı]

Bir jurnalistin vaxtilə çalışdığı mətbəələrin, yazılarının dərc edildiyi qəzet idarələrinin yağmalanmasını, odlanmasını, yaşadığı şəhərin xarabazara çevrildiyini görməsindən, öz evində vurulan insanların ah-naləsini eşitməsindən dəhşətli nə ola bilərdi?

Cümhuriyyət elanına 1 ay 28 gün qalırdı...

Buna da bax: Rəsulzadə: 'Onlar yarasa kimidirlər, günəşdən qaçarlar' (15-ci yazı)

Cümhuriyyət-100 davam edəcək.

XS
SM
MD
LG