Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:46

Fuad Poladov: 'Nazirliyin adından 'mədəniyyət' sözü çıxarılsın, 'turizm' qalsın'


Fuad Poladov
Fuad Poladov

Xalq artisti Fuad Poladovun çap olunmayan son iki müsahibəsi AzadlıqRadiosunda.

Birinci söhbət: Fuad Poladov: 'Mən öləndən sonra...'

İkinci söhbət

İkinci dəfə təxminən bir ay, ayyarım sonra danışdıq. Müalicəsində irəliləyiş olmadığını söylədi:

Fuad Poladov: 'Mən öləndən sonra...' [İkinci söhbət]
Gözlə

No media source currently available

0:00 0:14:31 0:00
Direct-ə keçid

- Gedir də. Hələ gözəgəlimli irəliləyiş yoxdur. Amma ümidimizi üzmürük. Artıq neçə vaxtdır evdə alıram müalicəni. Həblər yazılıb. Xaricdən gətirdirəm. Həblərlə müalicə gedir.

- Bəlkə xaricə gedəsiniz? Diktor Rafiq Hüseynov da Almaniyaya getdi...

- Ay sağ ol. Axırı nə oldu? Xaricdən söhbət gedə bilməz. Mən demişəm Azərbaycanda müalicə olunacam. Özümə sığışdırıb deyə bilmərəm ki, Azərbaycanda başladığım müalicəni gəlmişəm siz davam etdirəsiniz. Nə olacaq olacaq da. Ümidimi bağlamışam bizim həkimlərə. Bizdə də yaxşı həkimlər yox deyil. Mən öz həkimlərimə inanıram. Bu gün əllərindən nə gəlirsə və yaxud xaricdə mənim xəstəliyim necə müalicə olunardısa bunu məndən əsirgəmirlər.

- Xəstəliklə mücadilədən başqa neynirsiniz? Gələcəklə bağlı planlarınız varmı?

- Ümidlərim yoxdur. Çünki əvvəla mənim işim səslə bağlıdır. İki aydan sonra bir il olacaq ki, səsim yoxdur mənim. İndi ancaq səhhətimlə bağlı planlarım var. Başqa planım yoxdur.

- Mətbuata son müsahibədə demisiniz ki, arzunuz oğul toyu görməkdir.

- Arzum deyəndə ki... O, hər bir valideynin arzusudur. Onu bir az düzgün qələmə verməyiblər. Hər bir valideynin arzusudur övladlarının toyunu görsün. Burda qeyri-adi nə var ki? Mən durub övladımı güclə evləndirə bilmərəm ki, sənin toyunu görmək istəyirəm. Hə, olacaqsa olacaq...

- Səsiniz bir ilə yaxındır batıb. Bu, əsəblə bağlıdır, ya xəstəliklə?

- Başlayanda hər şey əsəblə başlayır da. Xəstəlik özü də əsəblə başlayır. Görünür, əsəbiləşmək, səsimin düzgün müalicə olunmaması gətirib ağciyərlə bağlı problemə çıxardı.

- Yəni o hadisə olmasaydı, siz teatrdan əsəbiləşib getməsəydiniz, bunlar olmazdı?

- Onu Allah bilir. İnsan həmişə xəstəliyinin səbəbini, kökünü axtarır. Mən də indi səbəbini axtarıram ki, səsim necə oldu? Bəlkə də bu təsadüf imiş? Əsəbiləşməsəm də, olmalı imiş? Amma mən onunla bağlayıram. Mən heç vaxt belə hala düşməmişdim.

Fuad Poladov "Azdrama"dan belə ayrıldı
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

- Söhbətlərin birində demisiniz ki, Azərbaycanda Mədəniyyət Nazirliyi yoxdur. Niyə belə düşünürsünüz?

- Mən Allaha şükür, 50 il olacaq mədəniyyətdəyəm. Nəyin düzgün, nəyin əyri olduğunu bir balaca görürəm. Son illər Azərbaycan kinosunda və teatrında aparılan «islahatlar»ı görəndə başa düşürəm ki, mədəniyyətdən danışmağa dəyməz. Teatrımıza, kinomuza olan münasibətdən bu qənaətə gəlirəm ki, mədəniyyət sahəsində iri addımlar atılmır. İslahatlar aparırlar guya. Ancaq Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoymaqla islahat olmaz. Ona görə qənaətim budur ki, nazirliyin adından «mədəniyyət» sözü çıxarılsın, «turizm» qalsın. Məsələn, Əbülfəs Qarayevə sual verəndə ki, turizm sahəsindəki işlər haqda nə deyə bilərsiniz, o, həvəslə toxuyur ey. Ekrandan baxanda adamın xoşu gəlir. Deyir ki, biz çox böyük festivallar keçiririk, son nailiyyətimiz turizmlə bağlı şopinq festivallardır. Amma teatr barədə sual verəndə o insanın halına adam acıyır. O deyir ki, hələ axtarışdayıq. Nə axtarırlar, nə axtarmırlar, bilmirəm. Gərək nə axtardığını biləsən də.

- Milli Şura «Talana yox!» şüarıyla mitinq keçirəndə üç aktyor da ora seyrçi kimi getdi. Və bundan sonra işə nazir, nazirlik qarışdı. Rəhbərlik onlardan izahat tələb etdi. Sizcə, bu normaldırmı?

- O, çox gülməli bir hadisə idi. Nazirin sənətdən nə qədər uzaq olduğu cavabından bilindi. Dedi ki, həmin adamlar daxili aləmləri zəngin olmayan adamlardır. Elə cümlə işlətmişdi. Bu adam bilmir ki, aktyor hər yerdə olmalıdır. O mitinqdə tribunaya çıxmayıb, əlində «Mədəniyyət və turizm nazirinə istefa!» yazılı plakat saxlamayıb ki. Gedib sadəcə, qıraqdan baxsın, görsün. Mən düşünürəm, aktyor gedib baxa bilər ki, kim nə dərəcədə məntiqli danışır, yaxşı danışır, gələcəkdə hansı rolundasa bu, ona lazım ola bilər. Belə bir şey aktyora həmişə lazımdır. Axtarışda olan aktyor lazım olanda, ruhi xəstələrin arasında olur ki, görsün, onlar özünü necə aparır. Həm də aktyor mitinqə gedib intonasiyalara qulaq asa bilər. Amma belə adamları götürüb «daxili mədəniyyəti zəngin olmayan adam» adlandıranda, istər-istəməz, gülməli gəlir, deməli, sənin heç nədən xəbərin yoxdur.

- Fuad müəllim, lap tutalım, o üç aktyor gedib orda istefa tələbi səsləndirəydi, burda qəbahət var?

- Qəbahət yoxdur. Bunların bu dərəcədə bu işə reaksiya vermə səbəbini deyirəm də. Bir seyrçi kimi gedib qıraqdan baxmağa görə insanlara bu qədər əziyyət vermək ağla sığmır, heç bir məntiqə uyğun gəlmir. Başa düşürsünüz?

Fuad Poladov
Fuad Poladov

- Əldə ixtiyarınız olsaydı, mədəniyyətdə islahata haradan başlardınız? Son zamanlar Akademik Milli Dram Teatrında islahatlardan çox danışıldı. Siz neynərdiniz?

- (Gülür) Bəlkə də mənim ən pis cəhətlərimdən biri budur ki, həmişə hər şeyi müqayisə edirəm, yaxşıyla pisi müqayisə edirəm. Çünki yaxşını görmüşəm də. Yaxşını gördüyüm üçün o yaxşıların işindən başlardım. Bunun üçün sadəcə, sənəti sevmək lazımdır. Sənəti düşünmək lazımdır. Gərək özünü sənətdə yox, sənəti özündə sevəsən. Məşhur deyim var, bir var özünü sənətdə sevənlər, bir də var sənəti özündə sevənlər. Bizdəsə təəssüf ki, əksəriyyət özünü sənətdə sevənlərdir, sənəti özündə yox.

- Nəyi etmədiyinizə heyflənirsiniz?

- Heç bir şeyə heyfslənmirəm. Bir şeyi bilirəm ki, mən istədiyim və bacardığım ömrü yaşamışam. Nə qədər qalıb, onu da bilmirəm. Yaşayacam və həyatımdan çox razıyam.

- Sizinlə ötən söhbətdə dediniz ki, həyatda bundan da ağır günləriniz olub. Bundan ağır gün nə ola bilər?

- 20 il işlədiyim teatrdan ilk dəfə gedəndə bu, mənim ən ağır günlərimdən idi. Gedib Rus Dram Teatrında hər şeyi yenidən başlamaq elə ən ağır günlərimdən olub. İkinci dəfə oradan getməyim də... Nə isə işıq ucu görüb gəlib orda ikinci dəfə işə başladım. Ancaq o işıq ucunun söndürülməsi mənə ağır zərbə oldu. Mənim üçün ağır şey bunlar ola bilər. Başqa elə ağır bir şey olmayıb.

- Yaxınlarınızı, sevdiklərinizi itirmək ağır deyildi?

- Yaxınını itirmək təbii şeydir də. İnsan həyata gəlibsə, bir gün getməlidir. İndi ona görə... Xərçəng xəstəliyini ona görə sevirəm ki, adamı asta-asta, yavaş-yavaş aparır. Və səni də, ətrafındakıları da alışdırır. Özünü də alışdırır ki, yavaş-yavaş şələ-küləni hazırla, bu qədər yetər. Hə, mən həyatımdan o barədə razıyam. Hətta xəstəliyimdən də razıyam. Mən xəstəliyimi sevirəm. Xərçəngi sevirəm.

- Siz xərçəngi sevdiyinizi deyirsiniz. Bəs tanıdığınız, sevdiyiniz insanlardan xərçəng xəstəliyinə tutulan, onun əziyyətinə, ağrılarına yaxından tanış olduğunuz adam olubmu?

- Yox... (pauza) Ətrafımızda bu xəstəlikdən əzab çəkən, mübarizə aparan insanlar o qədər olub ki. Bax, elə dünən dəfn olunan Xvorostovski (rusiyalı opera müğənnisi, 2017-ci ilin noyabrında 55 yaşında dünyasını dəyişmiş Dmitri Xvorostovski - red). Dünyaca məşhur olan Xvorostovski bu xəstəliklə mübarizə aparırdı. Hətta oxuyurdu da. Bu, səsimə təsir etməsəydi, şübhəsiz ki, mən də səhnədə işimi davam etdirərdim. Məni xəstəlik bir az başqa yerdən vurub.

- ...

- Hə...

- Ümid edək ki, sizin mübarizəniz yaxşı nəticələnər. Sizi yormayım. Bu söhbətimizi yazsam olarmı?

- Yazma. Mən öləndən sonra yazarsan. O daha maraqlı olar... İstəyirsən də ver. Mənə isti-soyuğu yoxdur. Mən dediyim hər bir sözün arxasında dayanıram. Sadəcə olaraq, sonra yoruluram mənə vurulan zənglərdən. Onlar yorur məni bir az, onlar üzür məni bir az. Başa düşürsüz? Amma mən hər bir sözümün altından qol çəkərək sonra deyirəm, fikirləşib deyirəm. Dayanıram da dalında dediyim sözlərin.

XS
SM
MD
LG