Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:05

Qəzəb erasında roman niyə vacibdir


E.Şafak
E.Şafak

Elif Şafak 2018-ci il New Statesman/Goldsmiths mükafatının təqdimetmə mərasimində söylədiyi nitqdə qorxu və parçalanma ilə idarə olunan müasir dünyada romançıların apolitik qala bilməyəcəyinin səbəblərindən danışıb.

Elif Şafak

Mən boşanmış, çalışan, yaxşı təhsil görmüş, dünyəvilik tərəfdarı, qərbləşmiş ana və təhsilsiz, dindar, şərqli nənənin yeganə övladı idim. Fransada doğulsam da, valideynlərimin evliliyi sona çatanda anamla birgə Türkiyəyə köçdüm. Strasburqu tərk edəndə balaca olsam da, oradakı kiçik mənzilimiz haqda tez-tez düşünür, oranı marksist filosof Lou Altyusseri qızğın müzakirə edən, Vladimir Mayakovskinin şeirlərini oxuyan, birlikdə inqilab arzulayan fransız, italyan, türk, əlcəzairli, livanlı solçu tələbələrlə dolu bir yer kimi xatırlayıram. Mən oradan nənəmin Ankaradakı məhəlləsinə gətirildim. Bu, xeyli patriarxal və mühafizəkar müsəlman mühiti idi. O zaman, 1970-ci illərin sonlarında Türkiyədə artan siyasi zorakılıq və qarışıqlıq vardı. Hər gün haradasa bomba partlayır, küçələrdə insanlar öldürülür, universitet kampuslarında atışmalar olurdu. Nənəmin evinin içində isə mövhumat, gözmuncuğuları, qəhvə falı və Yaxın Şərqin şifahi mədəniyyəti hakim idi. Bütün romanlarımda bunların hər ikisinə davamlı maraq ifadə olunub: evin içindəki rəvayətlər, sehr və mistisizm dünyası və pəncərədən bayırdakı siyasət, münaqişə, qeyri-bərabərlik və ayrıseçkilik.

Oxumağı erkən öyrənmişdim. Çox oxuyurdum. Ancaq yazmağı öyrənməyim uzun çəkdi.

…Məktəbdə bütün digər solaxay uşaqlar kimi, sol əlimin yerinə sağ əlimi işlətməyə məcbur edildim. «Əgər sol əlinə nəzarət edə bilmirsənsə, onu daim partanın altında saxla, onu sadəcə, mühacirətə göndər», – müəllim mənə belə demişdi. «Mühacirət» sözünü ilk dəfə onda eşitdim və birdəfəlik beynimdə qaldı.

«Romançı atalar»

…Roman ona görə vacibdir ki, o bizi heç zaman görmədiyimiz insanlara, heç zaman getmədiyimiz yerlərə bağlayır. Roman sadəcə, canlandırdığı hekayələrə görə deyil, həm də sükutu anlatmağa cürət etdiyinə görə əhəmiyyətlidir. Biz romançılar daim qulaqlarımızı açıq saxlayır, dilin ritminə, istifadə olunan sözlərə, havada burulğan kimi dönən hekayə və rəvayətlərə diqqət edirik. Ancaq biz həm də sükutlara diqqətlə qulaq asmalıyıq. Burada biz cəmiyyət içində haqqında açıq danışıla bilməyən şeyləri – siyasi, mədəni, cinsi tabuları tapırıq.

Yazıçının işi cavablamağa çalışmaq deyil. Onun işi nə nəsihət vermək, nə də öyrətməkdir, tam əksidir. Yazıçı həyat tələbəsi olmalıdır. Ən yaxşı tələbə də olmalı deyil. Çünki biz bu məktəbdən heç zaman məzun olmuruq, ən sadə, ən fundamental və ən çətin sualları verə-verə qalırıq. Yekunda cavabları oxuculara buraxırıq. Hər oxucunun da təcrübəsi unikaldır, hər biri öz cavablarını tapacaq və yazıçı buna hörmək etməlidir. Ancaq roman müxtəlif səslərin duyula bildiyi, nüansların qeyd edildiyi, deyilə bilməyənlərin deyildiyi azad, eqalitar məkan olmalıdır.

Romanın türk mədəniyyət tarixində xüsusi yeri var. O, ən gənc ədəbi janrdır və əzəldən müasirləşmə, qərbləşmənin aləti kimi görülüb. Roman Osmanlı imperiyasına XIX əsrin sonlarında Avropadan gəlib və ilk romançılar – onların demək olar, hamısı kişi idi – missiyaları olduğunu düşünərək yazırdılar. «Romançı atalar» kimi tanınan bu yazarlar özlərini surətlərin, mətnin və oxucularının fövqündə görürdülər. Onlar oxucularını öz oğulları – ata nəsihətinə ehtiyacı olan övladları kimi görürdülər. Hər bir surət hekayəyə özündən daha böyük bir şeyi təmsil etməyə yerləşdirilirdi. Məhz buna görə bir çox türk romanlarında dil diqqətdən kənarda qalıb; oğulların ötürülən mesajı düzgün anlaması üçün dilin sadəliyi saxlanılıb.

İnformasiya çox olanda «müdriklik» daha çətin tapılır

…Roman ona görə vacibdir ki, bir kimyagər kimi empatiyanı müqavimətə çevirir. O, periferiyanı mərkəzə gətirir, səssizlərə səs verir, görünməzi görünən edir. Alman yəhudi filosofu və mədəniyyət nəzəriyyəçisi Valter Benyaminin təbirincə desək, o, həm də informasiya daşqınını müdriklik cövhərinə çevirir. Nasizm və nifrət ideologiyasının yüksəldiyi, dünyanın alt-üst olduğu dövrdə yazan Benyamin dəfələrlə «informasiya» və «müdriklik» arasındakı fərqi göstərib.

…Benyaminin nəzəriyyəsi bugünkü dünyada daha çox yerinə düşür. O hesab edirdi ki, nə qədər çox informasiya varsa və o nə qədər tez yayılırsa, həyatda çaşqınlıq bir o qədər dərinləşir.

…Benyamin bunun hekayə nəql etmə sənətinin sonu demək olacağından narahat idi.

Bizim rəqəmsal dünyamızda Benyaminin xəbərdarlığı daha çox əhəmiyyət daşımağa başlayıb… İnformasiya çox olanda «müdriklik» daha çətin tapılır – deyərdim ki, o sadəcə, bilik yox, həm də empatiya və emosional zəka ilə təmsil olunur. Siz həyatda çox ağıllı, lakin emosional zəkası çox aşağı insanlara rast gələ bilərsiniz. Müdriklik çətin əldə edilir, çünki idrakın çevikliyini tələb edir…

Bu gün, özəlliklə də 2016-cı ilin qlobal şokundan sonra baş verənlər fonunda biz bəlkə də Benyaminin nəzəriyyəsinə daha bir qat, «yanlış informasiya» qatı əlavə etməliyik…

Şərqdə və Qərbdə bütün ekstremist ideologiyalar yanlış informasiyadan bəhrələnirlər. Bütün ekstremistlər digərlərini insan sifətindən çıxarmağa çalışırlar. İslam fundamentalisti və Qərb supremasisti eyni mentaliteti və çevik olmayan dərrakəni paylaşır. …Sən kütlələri mühacirlərin heyvana bənzədiyinə, qaraların daha keyfiyyətsiz olduğuna, qadınların IQ-sunun daha aşağı olduğuna, LGBT insanlarının pozğun, yəhudi və müsəlmanların etibarsız olduğuna inandırsan, hər cür zorakılığı qanuniləşdirə bilərsən.

Romançı da məhz burada önə çıxmalıdır. Yazıçı üçün «biz» və «onlar» yoxdur. Sadəcə, hekayələri və sükutları olan insanlar var. Yazarın işi insan sifətindən çıxarılanlara yenidən insan sifətini qazandırmaqdır…

Roman ona görə əhəmiyyətlidir ki, o bizi əhatələyən laqeydlik divarında kiçik dəliklər açır. Romanlar axına qarşı üzməlidir və bu, heç zaman bugünkü qədər bariz olmayıb…

XS
SM
MD
LG