Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:55

İmişlinin 'quş uçub qulaq cingildəyən' avtovağzalı


İmişli avtovağzalı
İmişli avtovağzalı

«Bəyənmədiyimiz sovetlər dönəmində ən ucqar kəndlərlə rayon mərkəzi arasında avtobus işləyirdi. Bakı, Gəncə, digər şəhərlərə də reyslər vardı. Müqayisədə yollar xeyli abadlaşıb, sərnişindaşıma üçün daha rahat avtomobillər var. Amma ictimai nəqliyyat sıradan çıxıb. İndi İmişlinin140 minlik əhalisi fərdi avtomobillərin, taksilərin ümidinə qalıb».

Bunu İmişli şəhər sakini Ramiz Hümbətov deyir. Onun sözlərinə görə, nə kəndlərdən rayon mərkəzinə avtobus gəlir, nə də şəhərdaxili nəqliyyat təşkil olunub. O həmçinin bildirir ki, başqa şəhər və rayonlara avtobusla getmək də çətinləşib: «Avtovağzalı futbol topu kimi buradan ora, oradan bura qovurlar. Artıq şəhərin mərkəzindən çıxarıb Araz çayının yaxınlığında yerləşdiriblər. Ora taksi ilə getməlisən. Bu da izafi xərc yaradır...».

R.Hümbətov
R.Hümbətov

Böyük şəhərlərə gediş tikanlıqdan başlayır...

İmişli avtovağzalına getməkdən ötrü biz də taksidən istifadə etməli oluruq. Şəhərin giriş qapısından çıxıb Olimpiya kompleksinin önündən keçəndə yulğun ağacı, qara çərən və tikanlarla əhatələnən çökəklikdə üzərinə «Avtovağzal» sözü yazılmış lövhə diqqətimizi cəlb edir.

Adətən vağzallar tünlük, səs-küylü olur. Amma bura sakitlikdir. «Vağzal» deyilən obyekt bir kiçik budkadan və üstü şiferli kiçik talvardan ibarətdir. Nə qapalı gözləmə zalı var, nə də sanitar qovşağı. Həm əl-üz yumaq, həm də avtomobillərin mühərrikinə su tökmək zərurəti nəzərə alınaraq dispetçer budkasının yanına içərisi su ilə dolu boçka və quyruqlu qapçaq qoyulub.

Dispetçer budkası
Dispetçer budkası

Budka üzərindəki məlumat lövhəsindən oxuyuruq ki, səhər 6-dan günorta 3-dək hər saat tamamında İmişlidən Bakıya avtobus yola düşür. Gün ərzində Gəncəyə, Saatlıya iki, Mingəçevir, Masallı və Bərdəyə isə bir reys var. Sürücülərdən biri gileylənir ki, gözdən-könüldən uzaq olduğuna görə sərnişin sayı az olur: «Sərnişinlərin sayı ilk reysdə bir az çox olur. Qalan vaxtlarda adamları vağzaldan kənarda yığırıq. Yola düşmə vaxtımızı və hərəkət trayektoriyamızı bilənlər yol kənarında dayanıb gözləyirlər. Amma bunun küləkli, yağışlı günləri də var. Vağzalın uzaqlığı və buradakı şəraitsizliyə görə adamlar 3-4 manat artıq pul verib Bakıya minik avtomobili ilə gedirlər. Yaxınlıqdakı dayanacağa baxın, İmişli-Bakı reysində işləyən onlarla taksi var».

Avtobus sürücüsü
Avtobus sürücüsü

Bu zaman Bərdəyə istiqamətlənən avtobus yola düşür. Salon bomboş idi...

«Vağzal tikintisi üçün layihə hazırlanır»

Avtovağzalın sahibi, «Samir-88» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsisçisi Səxavət İsmayılov indiki ünvana yaxın zamanlarda köçürüldüklərini deyir: «Sovetlər dönəmində avtovağzal kolxoz bazarının yaxınlığında idi. Müəssisə özəlləşdiriləndən sonra onun yeri dəfələrlə dəyişdirilib. Hər dəfə də rayonun mərkəzi hissəsindən bir qədər kənarlaşdırılıb. İmişli şəhərində müharibə əlilləri və şəhid ailələri üçün beşmərtəbəli bina tikiləndə məcbur olub indiki yerimizə köçdük. Hazırda layihə-smeta sənədləri hazırlanır. Onlar təsdiq olunandan sonra hər cür şəraitə malik avtovağzal binasının tikintisinə başlayacağıq».

Bəzi avtobuslar vağzaldan kənarda dayanır
Bəzi avtobuslar vağzaldan kənarda dayanır

40 min nəfərə bir avtobus xidmət edir?!

Rayonun yaşayış məntəqələrindən başqa yerlərə rahat gediş-gəlişdən ötrü təkcə vağzalın şəraitli olmağı yetərli deyil. Bu müəssisənin öz hesabına avtobus alıb hər kəndə reys təşkil etmək öhdəliyi yoxdur. Avtovağzal rəhbəri deyir ki, yalnız fərdi avtobusa malik sürücüləri xəttə buraxa və onların işinə nəzarət edə bilər.

Vağzal uzaqda olduğundan Saatlıya, Biləsuvardakı köçkün qəsəbəsinə və İmişlinin bəzi kəndlərinə gedən avtobuslar sərnişinləri bazar ətrafından toplayır. Şəhər (İmişli şəhərinin 40 min sakini var) daxilində isə cəmi 3 kilometr uzunluğunda olan bir xəttə elə bir mikroavtobus buraxılıb. Sakinlər deyir ki, o da bəzən «qeybə çəkilir». İctimai nəqliyyat olmadığına görə İmişli Şəkər Zavodu və Muradxanlı Neftçıxarma İdarəsi işçiləri işə öz avtobusları ilə daşıyırlar.

Şəhərdaxili cəmi 1 avtobus var
Şəhərdaxili cəmi 1 avtobus var

İcra hakimiyyəti təklif verib

İmişli Rayon İcra Hakimiyyətinin sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Valid Ağayev də mövcud vəziyyəti anlayır: «Şəraitli avtovağzal tikilsə, bu problem yoluna qoyula bilər. İcra başçısı bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bir neçə dəfə təklif verib. İlk müraciətə belə cavab verilmişdi ki, avtovağzal özəl olduğundan bu işi sahibkar özü görməlidir. Sahibkarla da söhbət aparılıb. Görək, yaxşı olmalıdır».

«Yol çəkən avtobus da ala bilər»

İqtisadçı Natiq Əliyev ictimai nəqliyyatın təşkilinə «yerli əhəmiyyətli məsələ» kimi yanaşılmasını və onun bələdiyyələrin ümidinə buraxılmasını doğru hesab etmir: «Əhalinin aztəminatlı təbəqəsi var. İşə gedib-gəlməkdə, bazara məhsul çıxarmaqda yolpulu onlar üçün sərfəli olmalıdır. Avtobusdan istifadə edərək İmişlidən Tbilisiyə 12 manata getmək olar. Halbuki rayonun elə ucqar kəndi var ki, ora taksi 30 manata aparır. İctimai nəqliyyatın yaxşı təşkili yolların yükünü, bundan dolayı izafi xərcləri və qəza hallarını da azalda bilər. Avtomobil yollarının çəkilməyinə milyonlar xərcləyən hökumət buna da pul ayıra bilər».

XS
SM
MD
LG